Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:20

Bakı funikulyoru yenidən qurulur


Şüşəsi qırılmış qapıya «Funikulyor təmirdədir» yazılmış elan

Şüşəsi qırılmış qapıya «Funikulyor təmirdədir» yazılmış elan

Taksi sürücüsü Arif Məmmədov funikulyora ilk dəfə 1967-ci ildə, Bakı funikulyoru fəaliyyətə başlayandan 7 il sonra minib. O, həmin vaxt 16 yaşında anası ilə Şirvan şəhərindən paytaxta gəlibmiş. Deyir sonralar da funikulyora minib paytaxtı Dağüstü parkdan seyr edib. Amma deməsinə görə, birinci dəfə funikulyora qalxmağı heç yadından çıxmır:

«İlk dəfə mən funikulyora rəhmətlik anamla minmişəm. Birinci dəfə Bakıya gəlmişdim 1967-ci ildə. Onda yadımdadır bilet «5» qəpik idi, sovet «5» qəpiklərindən istifadə olunurdu».

TƏMİR GEDƏ-GEDƏ DƏYİŞƏN PLAN

Hər il bir dəfə təmir olunan Bakı funikulyoru sonuncu dəfə bu ilin aprelində təmirə dayandırılıb. Amma təmir işlərinin yekunlaşmasına az qalmış funikulyorla bağlı plan tamamilə dəyişib. 41 ildən bəri Bakı funikulyorunda istismarda olan iki köhnə vaqon avqustun 4-də relslər üzərindən çıxarılıb vaqon parkına aparılıb. Bakı Funikulyor İdarəsindən AzadlıqRadiosuna verilən məlumata görə, funikulyorun tamamilə dəyişdirilib beynəlxalq standartlara uyğun qurulması qərara alınıb.

Funikulyor
Şüşəsi qırılmış qapıya «Funikulyor təmirdədir» elanı yazılsa da hələki ərazidə hər hansı iş aparılmır. İşlərin nə vaxt başlayacağı, yenidənqurmaya nə qədər vəsait ayrılacağı, yeni vaqonların haradan gətiriləcəyi barədə məlumatlar hələ açıqlanmır.

SUALLARI KİMƏ VERMƏLİ?

Həm Funikulyor idarəsi, həm də yenidənqurma işlərini aparacaq Bakı Lift Təmiri İstehsalat Birliyi bu barədə suallardan yayınırlar. Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov funikulyorun təmirinin bahalı iş olduğunu desə də, hər il təmir işlərinə nə qədər vəsait ayrıldığını açıqlamır. Bakı funikulyorunun yenidən qurulması işinin həvalə olunduğu Bakı Lift Təmiri İstehsalat Birliyində isə bütün sualları Bakı Şəhər İcra hakimiyyətinə ünvanlamağı məsləhət görürlər.

İdarənin baş mühəndisi İqbal Səfiyevin AzadlıqRadiosuna deməsinə görə, bu iş onlara həvalə olunsa da hələki detallı məlumata malik deyillər. Baş mühəndisə görə, onlara məlum olan odur ki, Bakı funikulyoru istismar müddətini bitirdiyi üçün yenidən qurulmalıdır. İqbal Səfiyevin sözlərinə görə, yenidənqurma işlərinə nə vaxt başlanacağı onlara o da məlum deyil. İstinad verilən sonuncu ünvandan- Bakı Şəhər İcra hakimiyyətindən də funikulyorla bağlı suallarımıza cavab ala bilmədik.

Arxiv foto
FUNİKULYOR «EUROVİSİON»A QƏDƏR HAZIR OLA BİLƏR

Amma Bakı Lift İdarəsindən adının çəkilməsini istəməyən şəxsin dediyinə görə, bütün hallarda müasir tələblərə cavab verəcək Bakı funikulyoru «Eurovision» mahnı müsabiqəsinə qədər istismara veriləcək.

Bu səbəbdən də Azneft meydanından olan və Bakının panoramasına baxmaq istəyənlər hələ qeyri-müəyyən müddətə bir neçə yüz metr məsafəni piyada qalxmalı olacaqlar. Elə həmsöhbətim Vasif Quliyev kimi. Funikulyor işləmədiyindən o pilləkənlərlə təngnəfəs halda Dağüstü parka qalxırdı:

«İlk dəfə mən valideynlərimlə 1-ci sinfə dərsə getdiyim günün səhəri gəlmişəm bura, qalxmışıq yuxarı».

Vasifə görə, bu qədər məsafəni yuxarı qalxmaq çətindir, funikulyoru nə qədər tez istifadəyə versələr, bu o qədər yaxşı olar.

FUNİKULYORU YENİDƏN QURANLARA 2 TƏKLİF

Taksi sürücüsü Arif Məmmədovun isə funikulyoru beynəlxalq standartlara uyğun qurmağa hazırlaşanlara iki təklifi var. Deyir yaxşı olar funikulyorun girişini daha cəlbedici formaya salsınlar ki, funikulyora oxşasın:

««Funikulyor» sözünü oradan götürsən, funikulyora aid heç bir şey görünmür».
Həmsöhbətimin ikinci təklifi də odur ki, istismardan çıxarılan köhnə vaqonlardan biri də tarixi eksponat kimi funikulyorun yaxınlığında bir yerə qoyulsun ki, ziyarətçilər bundan əvvəlki vaqonların necə olduğunu görsünlər.

Bakı funikulyorunun Azneft meydanı ilə Şəhidlər Xiyabanını birləşdirən iki stansiyası var. Azneft meydanına çıxan «Bəhram gur» stansiyası ilə Dağüstü parka çıxan «Şəhidlər Xiyabanı» stansiyası arasındakı məsafə 455 metrdir.

Fəaliyyət göstərdiyi son dövrlərə qədər Bakı funikulyorunda biletlər 20 qəpik olub.
XS
SM
MD
LG