Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:14

Yazıçı Rüstəm İbrahimbəyovdan hökumətə sərt ittihamlar


“30-cu illərdə varlı adamları tuturdular, deyirdilər ki, var-yoxunu verməsən, səni dama basacağıq. Indi də oxşar proses gedir.

Yüz minlərlə adamın evini əlindən alırlar. Insan biznes qurur, heç haqqını da ödəmədən var-yoxunu qapıb alırlar.

Bir sözlə, indi bütün sərvətlərin məhdud bir dairədə toplanması prosesi gedir. Bütün sistem - polis, məhkəmə, prokurorluq, hətta Prezident Administrasiyası buna işləyir. Indiyə kimi heç vaxt belə olmamışdı.

Blogerləri tutdular. Doğrudan da Azərbaycanda ”dünyada analoqu olmayan” şeylər baş verir - Harvardın məzununu da tutub həbsə atırlar”.

Tanınmış yazıçı Rüstəm Ibrahimbəyov bu fikirləri “Toplum” jurnalına müsahibəsində deyib.

Yazıçı hesab edir ki, Azərbaycanda möhkəm ictimai rəy yaranmasa qanunsuzluğun qarşısı alınmayacaq: “Bizdəki sistem çox ağılla qurulmuş bir sistemdir.

Müxalif qəzetlər var, nə istəsələr yazırlar, amma təsiri yoxdur. Heç ziyalılar da qəzetdə yazılanlara fikir vermirlər.

Bu da əsl faciədir. Ziyalıların əksəriyyəti ictimai-siyasi proseslərə qarışmaq istəmir. Başa düşmürlər ki, əslində dövlətçilik maraqlarını tapdalayırlar.

Çünki bu adamlar məhz dövlət maraqlarını əldə bayraq eləyib bizim evimizi, mülkümüzü, azadlığımızı əlimizdən alırlar. Sonra da özəlləşdirib öz adlarına keçirirlər”.

R.Ibrahimbəyov bildirib ki, kommunist nomenklaturasından qalma aşağı səviyyəli adamlar indi külli-ixtiyar sahibi olublar.

Onlar özləri kimilərini müxtəlif qaranlıq üsullarla, korrupsiya, yerlibazlıq yoluyla yuxarı dartırlar.

Bu yolla yaranan elita isə keyfiyyətli ola bilməz: “Indi xaricdə çoxları təhsil alır. Amma kim gedir oxumağa? Əsasən varlı adamların uşaqları. Onların çoxu elə orada da qalacaq.

Varlı olmaq heç də pis keyfiyyət deyil. Baxır hansı yolla varlanmısan. Çar vaxtının dövlətliləri halal yolla varlanırdılar. Amma indi tək-tək adam tapılar ki, öz zəhməti, öz beyni hesabına varlanıb.

Baxın, indi bizi idarə edənlər kimlərdir - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri, həmin dövrün orta və yüksək çinli məmurları, onların övladları, keçmiş komsomolçular.

On minlərlə, bəlkə də yüz minlərlə ağıllı, savadlı azərbaycanlı küncə sıxışdırılıb, proseslərdən uzaqlaşdırılıb.

Evlərindən çıxarılan alimlər. Bakı, 1 iyul, 2008

Deyirlər ki, guya mən başqa millətlərin ölkəmizdən çıxıb getməsinə təəssüflənirəm. Axı buradan təkcə özgə millətlər yox, azərbaycanlılar da gedib. Özü də çox sayda, hər cəhətdən güclü, keyfiyyətli insanlar gedib”.

Yazıçının sözlərinə görə, minlərlə adamı günün günorta çağı evindən küçəyə atırlar, torpaqlarını alırlar.

Adını da qoyurlar dövlət maraqları: “Məhkəmə, polis, icra hakimiyyəti də bu prosesə dəstək verir.

Leninin yaratdığı sistemin öz ideologiyası vardı, dövlətin maraqları da o ideologiyaya bağlıydı. Bu gün vicdanla namusu yenə kimsə özəlləşdirib.

O vaxt bilirdik ki, bunu eləyən Lenindir. Indi isə bilmirik ki, vicdanı, namusu kim əlimizdən alıb, kim özəlləşdirib.

Mən özüm 10 il alim kimi böyük sistemlərlə məşğul olmuşam, bu məsələlərdən başım çıxır. Deyə bilərəm ki, bu yeni yaranan sistemin iki mərhələsi var.

Birinci mərhələdə dövlətin əlində olan sərvətlərin boyük hissəsini özəlləşdiriblər.

Özəlləşdirmə çekləri payladılar, amma axırda məlum oldu ki, sərvət az saylı dairənin əlində cəmləşib.

Buna baxmayaraq, bu mərhələnin mahiyəti ondadır ki, nə qədər olmasa, xalqın da əlində nələrsə qaldı. Indi ikinci mərhələ gedir - bu da xalqda olub-qalan sərvətləri ələ keçirməkdən ibarətdir.

Çox adam deyir ki, kaş bizdə də inqilab olaydı. Məncə, bu, böyük fəlakət olardı.

Heç olmasa, bir balaca xalqı razı salsınlar ki, vəziyyət o həddə çatmasın.

Mənim ayrı-ayrı müxalifətçilərə hörmətim olsa da, heç vaxt müxalifətlə əlaqəm olmayıb, siyasətdən uzağam. Amma bir vətəndaş kimi baş verənləri görəndə susa bilmirəm. Çünki görürəm ki, biz fəlakətə doğru gedirik.

Korrupsiya ilə mübarizə komissiyasının rəhbəri bu sistemi yaradan insanlardan biridir.

Bu, korrupsiyanı necə aradan qaldıracaq - özü-özüylə mübarizə aparacaq?”.

Müsahibənin xülasəsini "Azadlıq" qəzeti hazırlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG