Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:49
Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin gizli yollarla Lahıca gəlib sığındığı evin indiki sahibi elə həmin ildəcə doğulmuşdu.

92 yaşlı Ənvər Balayev Lahıcda orta məktəbdə riyaziyyat müəllimidir. Lahıcın ən yaşlı sakininin evində 1920-ci ildə Məmməd Əmin Rəsulzadə 3 gün yaşayıb.

Sovet hakimiyyəti qurulanda, Rəsulzadə təzyiqlərdən dolayı gizlənmək məcburiyyətində idi. Dəqiq rəqəm olmasa da, Ənvər Balayev də gəzən söhbətlərə istinad edib deyir ki, o, Lahıcda 2 ay 17 gün yaşayıb.

«RƏSULZADƏ BU EVDƏ 3 GÜN QALIB»

Ənvər Balayev danışır ki, o, indiki evini Rəsulzadəni burda gizlədən çarvadar Kərim kişidən alıb:

«Bir kişi vardı, Kərim kişi. Mənə dedi ki, sənin aldığın bu evdə bilirsən kim olub? Pıçıldadı ki, Məmməd Əmin Rəsulzadə bu evdə 3 gün qalıb. Yavaş-yavaş Sovet dövründən danışırdı mənə, Deyirdi ki, bu evin yiyəsi Kəblə Qulamla Şamaxıda çarvadarlıq ediblər. Kəblə Qulam ona gəlib deyib ki, «yetim, iki abırlı adam gəlib Bakıdan. Lahıca getmək istəyir. Yükləri qoyaq burda, aparıb onları Lahıca yerləşdirək». Həmin şəxsləri Basqal tərəfdən götürüblər. Lahıca atla gəlib çıxıblar. İki yoldaş olublar. Biri Məmməd Əmin Rəsulzadə, ikincisi isə onun yaxın sirdaşı Abbasqulu Kazımzadə».

Lahıca səfər Abbasqulu Kazımzadənin Məmməd Əminə gətirdiyi bəd xəbərlə bağlı olur. Xəbərə görə, Bakıda artıq onun həbsi barədə qərar verilib. Novxanını tərk edib Gürcüstana yola düşmək qərarı verilsə də,
Məmməd Əmin Rəsulzadənin qaldığı ev
Rəsulzadənin qeydlərində deyilir ki, «Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı».

«ƏSRİMİZİN SƏYAVUŞU» NECƏ YAZILDI?

Rəsulzadə Lahıcda da təqiblərdən ehtiyatlandığı üçün davamlı olaraq bir evdə yaşamayıb. Ənvər Balayev sözünə davam edir:

«Bu ev dağılmışdı, sonra mən birtəhər bərpa elədim. Rəsulzadə sonra burdan gedir Ağabala Qasımov adlı savadlı bir adamın evinə. Rəsulzadə «Şahnamə»ni də orda tapıb oxuyur, orda «Əsrimizin Səyavuşu»nu da başlayır yazmağa. Ondan sonra ordan başqa evlərə də keçir. Lahıcda bir neçə ev dəyişib».

Burdaca yazılmağa başlayan «Əsrimizin Səyavuşu» əsərində Rəsulzadə Lahıcda qonaq saxlanması barədə qeydlərini də yazır:

«Artıq Lahıcda qala bilmirdik. Evlərində müsafir olduğumuz vətəndaşların bir qismi qaralanmış, kənd ümumi gözətləmə təhdidi altında qalmışdı. Bir an əvvəl Lahıcı tərk etmək gərək idi. Boşa çıxan iki təşəbbüsdən sonra dağlıq sahədən enib ovalığa gəlmişdik. Keçdiyimiz kəndlərdən birisində qaralama halında olan «Səyavuş»un üzünü köçürtdüm».

NİYƏ LAHIC?

Lahıç
Ənvər Balayev Rəsulzadənin Lahıca pənah gətirməyinin 3 səbəbindən danışır. Birincisi, Lahıcda Müsavatın möhkəm dayağı olub. Lahıclı Rəsul Rəhimoğlu isə Müsavatın Lahıcdakı rəhbəriymiş. Bundan başqa, Rəsulzadənin qızı lahıclı müsavatçı Daməd Hacımüslümoğlu ilə ailə qurubmuş. Və son səbəb Lahıcın təbii şəraiti.

«Rəsulzadə həmişə bolşeviklər tərəfindən təqib edilib. Axırda görüb mümkün deyil, bu çaydan o tayda bir Pirəğan kəndi var, ordan Cəmşid adlı bir diribaş kişini çağırırlar. Rəsulzadə onunla birlikdə Maçaxı kəndinə gedir. Maçaxıdan da çıxıb özünü Müsüslüyə, ya da Ucara çatdırmaq istəyib. Qaraməryəmdə onu yaxalayırlar. Qaytarırlar həmin yolla yenə Lahıca. Yenə Lahıcdan aparırlar Şamaxıya. Şamaxıdan Bakıya və ordan da Bayıl türməsinə», - deyə Ənvər Balayev davam edir.

RƏSULZADƏYƏ DƏSTƏK OLMUŞ LAHICLILAR

Rəsulzadənin Lahıcda həbs olunması xəbəri İosif Stalinə çatan kimi o, işlərini buraxıb birbaşa Bakıya üz tutur. Ənvər müəllim danışır ki, Rəsulzadənin Stalini iki dəfə ölümdən qurtarması onun köməyinə çatır:

«Cavab olaraq o, da heç olmasa, bir dəfə dadına çatır. Götürüb aparır Moskvaya. Moskvada nə iş verir, Rəsulzadə qəbul eləmir».

Rəsulzadəyə evində sığınacaq verən lahıclıların aqibəti də yaxşı olmayıb. «Əsrimizin Səyavuşu» əsərində isə müəllif qeyd edir ki, əsərinin meydana gəlməsinə görə minnətdar olduğu Lahıcdakı kitabxana sahibinin və digər kəndlilərin adlarını çəkib təşəkkür edə bilmir.

Ənvər Balayev isə deyir ki, həmin dövrdə kəndlilərə ciddi bir təzyiq olmasa da, sonralar Rəsulzadəyə görə bir neçə adama söz gəldi, amma təqib və təzyiqlər lahıclıları sözündən döndərmədi.

Şərhləri göstər

XS
SM
MD
LG