Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:16

Rüstəm İbrahimbəyov Ziyalı Forumu haqda, Ərdoğanın PKK ilə bağlı şərtləri...


Mətbuat icmalı
Mətbuat icmalı
«AZƏRBAYCAN» QƏZETİ: «AZƏRBAYCANDA ÖZƏL SEKTOR YENİ İNKİŞAF MƏRHƏLƏSİNƏ QƏDƏM QOYUB»

Prezident İlham Əliyevin son 8 ildə yürütdüyü siyasət nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi təmin etmişdir... Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuşdur.

«Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda regionların inkişafı ilə yanaşı, sahibkarlığın dinamik yüksəlişinə də xüsusi önəm verilir. Proqrama əsasən, sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir...

«AZADLIQ»: ƏRDOĞAN PKK İLƏ BAĞLI HANSI ŞƏRTLƏRİ İRƏLİ SÜRÜB?

Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın Bakıya səfəri zamanı İ.Əliyevin PKK-nı rəsmən tanıması ilə bağlı bəyanatı təsadüfi deyil. «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, PKK məsələsini Türkiyə hakimiyyəti ciddi qoyduğundan rəsmi Bakı belə bəyanat verib:

«Azərbaycanın dövlət başçısının Ərdoğanla birgə mətbuat konfransında PKK-nı terror təşkilatı kimi tanıdığı bəyanatını verməsi təsadüfi deyil. Bu cümlə dilə gətirilibsə, onun ardınca müəyyən addımlar da atılmalıdır. Azərbaycan parlamenti PKK-nı rəsmən terror təşkilatı kimi tanımalıdır. Dəfələrlə məlumatlar yayılıb ki, Azərbaycan regionlarında PKK-nın dəstələri fəaliyyət göstərir. Belə bir fəaliyyət varsa, onun qarşısı alınmalıdır. Türkiyə tərəfində ciddi məlumatlar var ki, onu Azərbaycanla bu qədər uzun müddətə müzakirə edir…».

«İNDİ HEÇ KİMİN SÖZÜ EŞİDİLMİR...»

«Yeni Müsavat» qəzeti kinodramaturq Rüstəm İbrahimbəyovla müsahibənin davamını dərc edib:

- Belə çıxır ki, əvvəlki hakimiyyətlərin dövründə ziyalıların sözü eşidilirdi, amma indi hətta siz ranqlı ziyalını da eşidən yoxdur?

Rüstəm İbrahimbəyov
- İndi heç kimin sözü eşidilmir.

- Qeyri-rəsmi Ziyalı Forumu yaratmısınız. Bu forum dediyiniz o vicdanlı ictimai rəyin bərqərar olunmasına, yeni elitanın yaranmasına təkan verə bilərmi?

- Hər problemi həll etmək olar, amma gərək heç olmasa, 200 nəfər eyni fikirdə olsun. Mənə qarşı hücumlar təşkil olunanda, bununla bağlı 270 nəfərin imzasıyla müraciət hazırlanmışdı. Özü də məsələni düzgün qoymuşdular - yazırdılar ki, biz demirik, Rüstəm düz danışır, onu deyirik ki, niyə bir ziyalının sözünü Milli Məclisdə müzakirəyə çıxarıb onu hökumət adından tənqid edirlər.

Foruma qatılan 30-40 nəfərin arasında Rafiq Əliyev, Cəmil Həsənli, Ramiz Rövşən, Eldar Namazov, Əkrəm Əylisli kimi ziyalılarımız var. Belə adamların sayı artsa, Ziyalı Forumunun imkanları da artacaq. Məlum olsa ki, buna görə adamları dama basmırlar, evindən çıxarmırlar, pensiyasını kəsmirlər, başqaları da bu foruma qoşulacaq. Güclü dövlət bizə doğrudan da lazımdır, amma balansı pozmamaq üçün güclü vətəndaş cəmiyyətinə də böyük ehtiyacımız var.

VİDADİ İSGƏNDƏRLİNİN MƏHKƏMƏSİNDƏ ZƏRƏRÇƏKƏN: «BİZƏ KİM ZƏRƏR VURUB?»

Göyçayda hüquq müdafiəçisi, seçki hüquqlarının həyata keçirilməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmədə günahlandırılan Vidadi İsgəndərlinin məhkəməsi davam edir.

«Yeni Müsavat» qəzeti yazır ki, avqustun 3-də məhkəmədə zərərçəkən qismində 72 yaşlı Səhər Əliyeva ifadə verdi:

«Onun salona daxil olar-olmaz hakimə xitabən «Bizə deyirsiniz zərərçəkənsiz. Bizə kim zərər vurub?» deməsi zalda gülüş doğurdu. Şahid ifadəsində dedi ki, o, seçki günü məntəqəyə səs verməyə getsə də, səs-küy eşitdiyinə görə geri qayıdıb:

Vidadi İsgəndərli
«Gördüm o yandan 10-15 nəfər gəlir. Soruşdum nə məsələdir. Dedilər içəridə səs-küy qopub. Mən də geri qayıtdım. Oğlum şəhid olub. Onun şəkli səs vermək istədiyim məktəbdə asılıb. Həm səs-küyü eşidib, həm də o şəklə baxıb özümü saxlaya bilməyəcəkdim. Ona görə gedə bilmədim».

Vəkil Xalid Bağırov:

- Siz zərərçəkənsiniz?

- Yox. Nə zərərçəkən? Elə şey yoxdur.

- Vidadi İsgəndərli Sizə zərər vurub?

- Onu tanıyıram ki, zərər vursun mənə? Bütün günü evdə oluram. Gərək bayıra çıxım ki, o da mənə zərər vursun da...

- Seçkiyə kimlə getmişdiniz?

- Tək.

- Nə səsvermə idi?

- Prezident seçirdilər.

- İçəri niyə keçmədiniz?

- Oğlumun şəkli var məktəbdə.

S.Əliyeva yenə ağlayır. Onu sakitləşdirəndən sonra şahid «Bu nə bəladır düşmüşük? Səsdir, vermirəm, istəmirəm də, nə zəhləmi tökürsünüz» dedi.

Məhkəmə S.Əliyevanın istintaqa verdiyi ifadəni oxudu. Məlum oldu ki, ifadəsində zalda danışdıqlarının əksi qeyd olunub. Şahid dedi ki, belə danışmayıb:

«Mən yalnız qol çəkmişəm. Elə şeylər danışmamışam. Daha bura gəlməyəcəm. Adımı pozun kağızdan. Xəstə adamam, məni niyə incidirsiniz? Adımı pozun, mən getdim».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG