Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:07
Bakının təxminən 35 kilometrliyində boz təpələrin ətəyində yerləşən, torpağı susuzluqdan cadar-cadar olmuş Qobustan kəndinin girəcəyində iri su maşını dayanıb. 15 yaşlı kənd sakini Nəcəf deyir ki, kənddə yas yeri var. Suyu da həmin evin sahibi sifariş verib.

Nəcəf deyir ki, camaat suyu məcburiyyət yarananda, bir evdə xeyir-şər olanda alır. Bu isti günlərdə əhalinin əsas su mənbəyi olan yaxınlıqdakı çay quruyub. Camaat qupquru su xətlərinə suyun gəlməsini, yağışın yağmasını gözləyir.

SUYUN QİYMƏTİ 30 MANATDIR

Kənd sakini Məqsəd Vahidov deyir ki, bir maşın suyu 25-30 manata alırlar. Ancaq bunu da həmişə ala bilmirlər. Məqsəd deyir ki, indi özündən çox susuz mal-qarasını, bir də susuz qonşusunu düşünür:

«İndi çay da quruyub. Su da yoxdur. Çarəsizlikdir. Dünən qonşum gedib Sumqayıt stansiyasından 5-6 litrlik su gətirmişdi. İçməyə suyu yox idi».

«SUSUZLUQDAN YANIRIQ»

Qobustan kəndinin əhalisi 90-cı illərdə Şamaxıdan köçüb gəlib. Ona görə də kənd sakinləri buranı Təzəkənd adlandırırlar. Deyirlər ki, bu kənd həmişə susuzluqdan əziyyət çəkib. Sakinlərdən biri Həsən Sadayov deyir ki, son bir ayda vəziyyətləri lap dözülməz olub:

«Susuzluqdan yanırıq. İçməyə su tapmırıq. Su xəttimiz var. Nasosu, motoru da var. Su niyə gəlmir, bilmirik».

Su kənd camaatının yaralı yeridir. 60 yaşlı Solmaz Rəfiyeva yana-yana boş su çənlərinə baxır:

«Biz yanırıq. Yayın günü bu boş çənlərə bax. Mən pensiyaçı, başsız qadınam. Hər dəfə 30-50 manat verib su almağa imkanım yoxdur. Pensiyamdan 50 manata bir dəfə verə bilirəm, sonra yenə su yoxdur. Görürsən, bu boyda həyətdə bir dənə ağac, kol yoxdur. Su yoxdur, ona görə. Bura susuz səhradır».

Nəsibə Şükürova isə susuz heyvanlarından, qurumuş ağaclarından danışır:
«Dilsiz-ağızsız heyvanlar hamamdakı axıntı sularını içirlər, o da əkdiyim ağaclar, hamısı qurudu».

YOLU BAĞLAYIBLAR

Susuzluğa dözə bilməyən kənd camaatı avqustun 2-də axşam etiraz aksiyası keçirib, Bakı-Şamaxı yolunu kəsiblər.

Susuzluqdan şikayət edən Solmaz Rəfiyeva
«Sudan ötrü çıxıb yolu kəsdik. Polis, icra nümayəndələri gəlib töküldülər. Biz bu vaxta qədər onların üzünü görməmişdik. Dedilər sabah (avqustun 3-də) su olacaq. Demişdilər səhər saat 11-də kənd camaatı ilə görüşəcəklər, gəlmədilər».

İCRA QURUMLARI PROBLEMİ HƏLLİNİ VƏD EDİR

Bu kənddə icra nümayəndəsi, bələdiyyə sədri yoxdur. Daha doğrusu bu ərazi Abşeron rayonunun Pirəkəşkül kəndinə aiddir. Pirəkəşkül bələdiyyəsinin sədri Qəndab Orucova deyir ki, problemin həlli üçün yeni su xətti çəkilməlidir:

«Orada doğrudan su problemi var. Ancaq «heç su yoxdur» demək də olmaz. Su var, ancaq əhalinin tələbatını ödəmir. Kəndin su xəttinin yenidən çəkilməsi planı var. Problemin həll olunması planda var».

Problemin nə vaxta həll olunacağı haqqında isə bələdiyyə sədri dəqiq vaxt deyə bilmədi.

Susuz qalan çən
Kəndin aid olduğu Pirəkəşkül icra nümayəndəsi Cahan İsmayılov isə deyir ki, avqustun 3-ü axşama su problemi həllini tapacaq:

«Yayda su problemi olur. Çünki əhali artır. Xətt təzələnməlidir. Bu ilin sonunda, ya da gələn il problem birdəfəlik həll olunacaq. Köhnə xətt də düzəldilir. Bu dəqiqə xəttin üstündəyəm, iş gedir. Axşama su veriləcək».

Kənd sakinləri isə deyirlər ki, əgər bir-iki günə onlara su verilməsə, yenidən etiraz aksiyası keçirəcəklər.

Narazı sakinlər

Şərhləri göstər

XS
SM
MD
LG