Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:24

“Ev xanımı” nə vaxt və harada ortaya çıxıb?


əvvəli burda

Prof. Rəhman Bədəlov

Qadınım. Xanımım. Xatunum
4-cü bölüm:

“EV XANIMI” NƏ VAXT VƏ HARADA ORTAYA ÇIXIB?

İstər-istəməz, bir sualla üz-üzə qalırıq: “Söz və anlayış olaraq, çağdaş ev xanımı nə zaman və harada ortaya çıxıb?”.

Cavab belə ola bilər: “Təknüvəli ailənin yarandığı zaman və belə ailənin olduğu yerdə”.

Məncə, başlanğıc və sondan oluşan zaman ölçülərində danışsaq, təknüvəli ailənin başqa bir ailənin içində deyil, bağımsız yarandığını və yetkinlik yaşını haqlamış balaların öz ailələrini qurub ayrıldığı vaxt sona çatdığını söyləməliyik (sonra nə qalırsa, ömür yoldaşlarından birinin ölümünədək sürür və ya dağılır.

Ancaq bütün bunlar həmin “sonra”nı çətin ki, təknüvəli ailə adlandırmağa əsas versin).

“Vikipediya”ya görə, təknüvəli ailədə uşaqlarla münasibət deyil, ərlə arvad ilişgiləri ön plana çıxır.

Fikrimcə, bu, reallıqdan daha çox təknüvəli ailənin inkişaf vektorudur və hər hansı cəmiyyət nə dərəcədə daha gəlişmiş və daha varlı olarsa (deməli, həm də
daha açıq və daha azad), uşaqlara münasibət o dərəcədə çox arxa plana atılar.


Belə təsəvvür yaranır ki, bizim ailələrdə ərlə arvadın başlıca niyyəti və deməli, ailənin birinci vəzifəsi uşaqların əlini hər hansı “çörək ağacı”na yetişdirməkdir. Bu üstün vəzifə qarşısında ata-ananın öz həyatının bir qəpiklik dəyəri yoxdur.
Ata və analar bacı və qardaşlar arasında isti münasibətlərə nə qədər sevinsələr də, təknüvəli ailələrin məntiqinə görə, önü-sonu, həmin uşaqlar böyüyüb-başa çatdıqları təknüvəli ailədən birdəfəlik qopacaq və öz yaşam yuvalarını, işıq və dinclik dolu dünyalarını quracaqlar.

Söz yox, çağdaş Azərbaycanda heç nə belə deyil, çünki bir ayağımız ənənəvi cəmiyyətdə, o biri -- sonrakı cəmiyyətdədir.

Bir ayağımız kənddə, o biri şəhərdədir və bizim təknüvəli ailə ənənəvi cəmiyyətin toruna salındığından, heç cür oradan qurtula bilmir.

Rusiyada olduğu kimi, bizdə də get-gedə daha çox ailə öz yeganə balasını ərsiz böyüdən “tənha ana”ların (gericil ölkələrin ənənəsindən götürülmüş dəhşətli ifadə) ümidinə qalır.

Ancaq az-çox normal ailələrdən söhbət gedəndə də uşaqlara münasibət ön plana çıxarılır və ərlə arvad arasındakı ilişgilər kəskin şəkildə geriyə atılır.

Belə təsəvvür yaranır ki, bizim ailələrdə ərlə arvadın başlıca niyyəti və deməli, ailənin birinci vəzifəsi uşaqların əlini hər hansı “çörək ağacı”na yetişdirməkdir.

Bu üstün vəzifə qarşısında ata-ananın öz həyatının bir qəpiklik dəyəri yoxdur. Psixoloq Rəna İbrahimbəyova çox dəqiq şəkildə bizim anaları “anacıq”lar adlandırıb (ruscası – “мамашка”). Məncə, eyni deyimi bizim atalara uyğunlaşdırıb, onlara da “atacıq”lar demək olar (ruscası “папашка”).

Özünü qurban verməyə həmişə hazır olan və övladlarından eyni fədakarlığı görməyib ürəyinə salan belə “anacıq” və “atacıq”lar təkcə öz həyatlarını ucuzlaşdırmır, həm də uşaqlarını öz gününə salaraq gələcəkdə eyni fədakarlığa məhkum edirlər.

Yenə həmin Vikipediyaya görə, təknüvəli ailəyə keçid ənənəvi cəmiyyətdən burjua cəmiyyətinə keçid zamanı baş verir.

Çətin ki, bu fikirlə mübahisə edən tapıla, ancaq bütün başqa sahələrdə olduğu kimi, bizim şəraitdə belə keçidi kəndlilərin Böyük Şəhərdə yaşamı bəlirləyir və bu üzdən dolaşıq-qarışıq olur.

Məhz həmin şəhərdə, indilik yavaş-yavaş, gələcəkdə isə daha sürətlə (bu futuroloji iddiamı yəqin bağışlayarlar, hərçənd, uzaq gələcəkdən daha çox artıq başlamış indidən söz açıram) ağbirçək anadan gənc xanıma – evin xanımına keçid baş tutacaq.

Bənzər xanım öz hüquqlarını gerçəkləşdirərkən, öz iradəsindən asılı olmayaraq içərisində böyüdüyü ailə ənənələrindən qəti şəkildə boyun qaçıra və birbaşa və ya dolayı yolla eyni qətiyyətlə ərini də bağlandığı ailə ənənələrindən əl çəkməyə vadar edə bilər.

Anlayıram ki, indilik belə mövqe toqquşmatörədici və ya toqquşmayameylli təsir bağışlayır. Amma əslinə baxanda, məhz ənənəvi ailə qadın üçün -- ərli qadın üçün daha konfliktli və hər an toqquşmalara hamilə bir ortam oluşdurur.

Ənənəvi ailənin dağılması Qadının- Xanımın-Xatunun bənzər obrazına və onun imtiyazlarına alışıqlıq yaradacaq və hətta bunları normativləşdirəcək. Belə təxmin etmək olar ki, təknüvəli ailənin gələcək transformasiyaları (şəkildəyişmələri, biçimdəyişmələri), uyğun olaraq, bizim nigahların da transformasiyasına yol açacaq.

Ən azı, təkcə ata-anaların fikrindən asılılıq deyil (bundan da qorxulusu var), bu ata-anaların çoxsaylı qohum-əqrəbadan və yaxın, yaxud uzaq çevrədəki insanlardan ciddi asılılığı azalmağa başlayacaq.

Kişi və qadın arasında baş verənlər nəsil və tayfaya aid edilməyəcək, özəl məzmun qazanacaq və sakit qarşılanacaq (hər şey bir yana, daha qorxmayacaqsan ki, bu adı həyatım boyu daşıyacağam).

Və həmin gələcəkdə bizim özəl-gözəl və özgür gənclər – Tanrım, haçan olacaq bu? – bizim bugünkü Şadlıq Saray(lar)ında qurulan bugünkü toy məclislərinin zülmündən can qurtaracaqlar. Amma indilik...

İndilik ümidsiz dərəcədə zavallı “Şadlıq Saray(lar)ı” günü-gündən çoxalır və yalançı gələnəklərlə zombiləşdirilən sakinlərdən hər dəfə daha çox pul qoparmaq uğrunda sövdələşmələr tam qələbə ilə başa çatır.

Artıq deyə bilərəm ki, qadın həyat yoldaşının ön plana çıxarıldığı təknüvəli ailələrin çoxu, əvvəl-axır, guya ululardan yadigar qalmış ənənələrə, üzlərinə müdriklik nuru qonmuş “böyük”lərə, “ağsaqqal”lara üz tutmağı yadırğayacaq.

Əslində elə bir müdriklik də yoxdur ortada, çünki müdrik adlanmaq üçün necə davransa da, kişini həmişə haqlı saymaq, qadına -- ərli qadına isə öz yerini göstərmək yetərli olub.

Amma haqqında söz açdığımız gələcəkdə kişi ilə qadın arasında konflikt yaranarsa (indiyəqədərki ailə yaşamlarının ağırlığından üzülən iki psixoloji sonsuzluq üz-üzə gələndə, toqquşma qaçılmaz olur), onlar -- ya öz problemlərini öz aralarında çözmək yolunu axtaracaqlar, ya psixoterapevtə və psixoanalitikə, ya da boşanmanı gerçəkləşdirən hüquq-məhkəmə qurumlarına üz tutacaqlar (bunda da qorxulu bir şey yoxdur və uşaqlar zamanla buna da alışacaq və ata-ananın ayrılmasını işgəncə və faciə saymayacaqlar).

Bütün bunların hamısı yalnız normal sosial qurumların oluşduğu yerdə gerçəkləşə bilər. Vətəndaş cəmiyyəti – Yurddaş Toplumu onun başlıca atributlarından – olmazsa-olmazlarından biri sayılır.

Bax o zaman – məhz o zaman, axır ki, Anadolu türklərinin “eş”, ingilislərin “wife”, rusların “жена” sözünün Azərbaycan türkcəsində bir sözdən oluşan qarşılığını düşünüb tapa biləcəyik (və ya “eş”i öz sözümüz sayacağıq).

Bax o zaman bizim toy biznesimiz bütün Şadlıq Saray(lar)ı ilə bərabər, tam iflasa uğrayacaq və bir saatın içində çöküb-dağılacaq.

(ardı var)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG