Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:28

Ter-Petrosyan hökumətin erkən prezident seçkisinə məcbur olacağını deyir



Yerevanda Azadlıq Meydanında mitinqdə çıxışında keçmiş prezident Levon Ter-Petrosyan bildirib ki, hökumət onların tələblərini yerinə yetirməsə payızda kütləvi etiraz aksiyaları ilə üzləşəcək.

Avqustun 2-də Ermənistan müxalifətinin lideri Levon Ter-Petrosyan Yerevanda Azadlıq Meydanında minlərlə tərəfdarının qarşısında çıxış edib. Keçmiş prezident xəbərdarlıq edib ki, əgər ölkənin siyasi rəhbərliyi müxalifətin erkən prezident seçkiləri barədə tələblərinə sentyabra qədər reaksiya verməsə yeni kütləvi etiraz aksiyaları ilə üzləşəcək: “Erməni Milli Konqresi bu payız əhalinin səfərbər edilməsi üçün mövcud qanunlar çərçivəsində əlindən gələn hər şeyi edəcək. Hökuməti təzyiqlər yolu ilə vaxtından əvvəl seçkilərə məcbur edəcək. Hökumət qarşıdakı bir neçə ayda yeni seçkinin keçirilməsi barədə qərar verməlidir. Ondan sonra bizim yeganə bir tələbimiz qalır, Serj Sarkisyan və onun koalisiyasının heç bir şərt olmadan istefası.

Mən əminəm ki, sentyabr və oktyabr aylarında ölkədə yaranan siyasi böhrandan çıxış üçün konkret nəticələr əldə ediləcək.”

40 dəqiqə davam edən çıxışında Levon Ter-Petrosyan iyunun 30-da keçirilmiş mitinqdə səslənən tələblərini bir daha təkrar edib. O qeyd edib ki, hələlik Sarkisyanın hakimiyyəti güclüdür və xaricdən dəstək alır.

Erməni Milli Konqresi növbəti mitinqini sentyabrın 9-a təyin edib.

Ermənistanda hökumət və müxalifət partiyaları arasında keçən həftə aparılan danışıqlarda erkən prezident seçkilərin keçirilməsi barədə müzakirələr də dialoqun əsas mövzusu kimi təsdiq edilmişdi. Müxalifət bu payız erkən prezident seçkisinin, onun da ardınca erkən parlament seçkisinin keçirilməsini tələb edib. Amma hakimiyyət təmsilçiləri bu tələbləri rədd edirlər. Onlar bildirirlər ki, Ermənistanda növbəti prezident seçkisi qanunda nəzərdə tutulduğu kimi 2012-ci ildə, parlament seçkisi isə 2013-cü ildə olacaq.

Levon Ter-Petrosyan 1991-1998-ci illərdə Ermənistanın prezidenti olub. 2008-ci ildə keçirilmiş sonuncu prezident seçkisində də namizəd olub, həmin seçkinin saxtalaşdırıldığını iddia edərək tərəfdarlarını küçələrə çıxarıb. Amma seçkidən dərhal sonra – 2008-ci ilin martında hökumət qüvvələri ilə toqquşmalarda 10 nəfər həlak olub, çox sayda adam həbs edilib.

Müxalifətin kütləvi etiraz aksiyaları ilə son bir neçə ayda həmin vaxt həbs edilmiş müxalifət fəallarının əksəriyyəti azad edilib. Müxalifət həmçinin həmin hadisələrin yenidən araşdırılmasını, həlak olanların ailələrinə kompensasiya verilməsini tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG