Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:28
Ölkədə keçən ilin müvafiq dövrünə nisbətən inək və camışların sayı 1,3 faiz, qoyun və keçilərin sayı isə 1,0 faiz çoxalıb. Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda mal-qaranın sayı 2 milyon yarımdan, qoyunların sayı isə 8 milyon yarımdan çoxdur.

ON BEŞ GÜN ƏRZİNDƏ 1 MANAT BAHALANMA

«Deyirlər, mal-qara çoxdur ölkədə bəs onda niyə ətin qiyməti belə qalxır?»

Bunu Bakı sakini Almaz İsmayılova deyir. Onun sözlərinə görə, indiyə kimi yay aylarında ətin qiymətinin qalxması yadına gəlmir:

«Əti aldım 7 manata, üstündən on beş gün keçmədi, ətin qiyməti qalxdı 8 manata. Yayda heç vaxt ət qalxmayıb, əksinə həmişə ucuzlaşıb. İndi yaydır, tərəvəzlərlə keçinirik. Bizim ailə tələbatını otuz faiz azaldıb. Amma deyirlər, qışda qiymət lap qalxacaq. Yuxarı təbəqəni demirəm, bizim kimi orta təbəqə nə edəcək?»

Statistika Komitəsindən də deyirlər ki, ötən ayla müqayisədə mal-qaranın və qoyunun qiyməti artıb. Ancaq qiymət artımına baxmayaraq, ət istehsalı da təxminən 6 faiz qalxıb.

«AXI YEMİN QİYMƏTİ QALXIB»

Bərdəli fermer Ehtiram Eyvazov isə şikayətlənir ki, ətin qiymətinin qalxmasının onlara təsiri yoxdur, əksinə, o, artıq müflis olur, çünki heyvana çəkdiyi xərci çıxara bilmir:

«Biz Gürcüstandan gətirilən heyvanı alırıq, 4 ay saxlayıb kökəldirik, sonra da satırıq. Axırıncı dəfə heyvanı satandan sonra gördüm ki, bir heyvanda 100-150 manat ziyan elədim. Ot bahadır, hesablamışam, əvvəl bir inək ayda 50 manatlıq yem yeyirdisə, indi iki qat qalxıb. Otun bir bağını bu vaxtlar 1 manata alırdıq, indi 1 manat 40 qəpik olub, otun ikinci üz biçimi var, onun qiyməti isə 1.60 qəpikdən 2 manat 40 qəpiyə qalxıb».

Ehtiram Eyvazov arpa və kəpəyi də baha qiymətə aldıqlarını deyir. Onun fikrincə, biçin zamanı baş verən leysan yağışları məhsuldarlığa ziyan vurub. Digər fermer Murad Qurbanov qiymət artımında yemin bahalaşmasını səbəb görür, bir də Gürcüstandan gətirilən mal-qaranın sərhəddən keçən zaman qeyri-rəsmi ödənişlərə məruz qalmasını.

Arxiv foto
«ƏTİ DƏ, OTU DA KİMLƏRSƏ BAHALAŞDIRIB»

Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq şöbəsinin müdiri Çingiz Fərəcov isə hesab edir ki, ölkədə ətin və otun qiymətindəki artım sünidir:

«Azərbaycanda kifayət qədər heyvan var. Bu qədər heyvanı olan ölkədə qiymət niyə artsın? Ət qıtlığı yoxdur, onda yayın istisində ətin qiymətinin qalxması nə ola bilər? Yalnız inhisarçı adamlar, subyektiv amillər. Otun da qiyməti süni şəkildə artırılıb. Ot istehsalının artan vaxtıdır. Qış deyil ki, deyək ot qurtarıb, qiymət qalxsın. Buna qarşı mübarizə aparılmalıdır».

Çingiz Fərəcov deyir ki, məsələyə yüksək səviyyədə müdaxilə edilməli, İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti münasibət bildirməlidir.

Yerli mətbuat yazır ki, qiymət artımına bir səbəb də bu il Gürcüstandan iri buynuzlu mal-qaranın ölkəyə buraxılmasında yaradılan süni əngəllərdir. Hərçənd Çingiz Fərəcov deyir ki, ölkəyə Gürcüstandan heyvan gətirməyə ehtiyac yoxdur, çünki yerli istehsal daxili tələbatı ödəmək gücündədir. Fermerlər isə Gürcüstandakı cins mal-qaranın ətlik, kökəltmək üçün daha yararlı olduğunu deyir.

«NƏ TƏKLİF ARTIB, NƏ TƏLƏB»

Vüqar Bayramov
İqtisadçı Vüqar Bayramov da ölkədə ətin qiymətinin qalxmasında iqtisadi səbəblər görmür, deyir, apardıqları monitorinq tələbatın artdığını qeydə almayıb, təklif də azalmayıb, amma mənzərə iqtisadi qanunların əksini göstərib, qiymət artımı baş verib. İqtisadçı da ətin qiymətinin artımını inhisarçılıqla bağlayır.


«SÜNİ QİYMƏT ARTIMI YOXDUR»

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirdilər ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bazarlarda monitorinq aparıb və ətin qiymətində süni artımı halları aşkar etməyib.

«YUMURTA NÜMUNƏSİ»

Bakı sakini Almaz İsmayılova isə hesab edir ki, bu ilin əvvəlində prezident İlham Əliyev müşavirə keçirib yumurtanın artmış qiyməti necə saldırdısa, indi ətin də qiymətinə o cür münasibət göstərməlidir. Fermerlər isə hökumətin yemin qiymətinə müdaxilə etməsini istəyirlər.

Şərhləri göstər

XS
SM
MD
LG