Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:26

Kor dabbağçının hekayəti


Azadə dayı
Azadə dayı
Onun tikdiyi çarıqlar məsafələr qət edib Avropaya qədər gedib, amma özü öz əl işlərini görə bilmir.

Azadə dayını Lahıcda tanımayan yoxdur. Vaxtilə 120-dən çox sənət növünün inkişaf etdiyi Lahıcda indi yeganə dabbağçıdır. Onun işi heyvan dərisi aşılanıb istifadəyə yararlı hala gələndən sonra başlayır: o, aşılanmış dəridən insanlar üçün çarıq, təsərrüfat heyvanları üçün palan, yüyən və s. hazırlayır.

«GÖZLƏRİMİ BAĞLA, TİKİM»

1928-ci il təvəllüdlü sənətkarı nə vaxt axtarsan, emalatxanasında taparsan:

«Martın 8-də Qadınlar Bayramında dünyaya gəlmişəm. Bu bayrama görə də adımı Azadə qoyublar. Gözümü açmışam sənətin içində. Qalayçılıq edirəm, dabbağçılıq edirəm, çarıq tikirəm, ayaqqabı tikirəm. Gözlərimi bağla, tikim».

Azadə dayı uşaqlıqdan hemeralopiyadan əziyyət çəkib, el arasında «toyuq korluğu» adlanan xəstəliyi varmış. Deyir ki, bu, onlarda irsi xəstəlik sayılır:

«Gün batan kimi, mən, bacım, bir də böyük qardaşım burdan ora gedə bilmirdik. Amma o biri qardaşlarım gecə dünyanı gəzə bilərdi. Sonra gözüm tərtəmiz tutuldu. Oğlum ki, əlimdən getdi, başımı ora-bura vurdum ki, özümü öldürüm. Tutdular məni ki, bu üç yetimi saxla, ondan sonra cəhənnəmə... Ondan bu yana gözüm birdəfəlik tutuldu. Nə gecə, nə də gündüz görə bilmirəm».

Azadə dayı deyir ki, əl işləri qüsursuz olduğuna görə bəzən onun kor olduğuna inanmırlar:

ÇARIQLARI KİM ALIR?

- Mən ən yaxşı vaxtımda sənəti öyrənmişəm. Fərqi yoxdur, gözümü bağla bu saat, yüyəni tikim, çarığı tikim.

- Bir günə neçəsini tikə bilirsiz?

- O vaxt 10 cüt tikirdim.

Usta deyir ki, zaman keçdikcə bəzi sənətlər sıradan çıxır. Məsələn, 18 nəvəsindən heç biri bu sənətə yiyələnmək üçün maraq göstərməyib. İndi onun tikdiyi çarıqları ya əcnəbilər alıb aparır, ya da artistlər. Qəsəbədə sakinlərin sayının azalması yüyən satışını da azaldıb:

- Bunları iki ildir, üç ildir tikib qoymuşam. Bu il isə bircə yüyən tikib qoymuşam orda.

- Hər gün sata bilirsiniz?

- Bu il yox. Həm də kəndlilər köçüb gedib. Bax bunu dörd ildir tikmişəm, qalıb orda. Onu arvad yağlamışdı... Əlini vur, elə bil pambıqdır.

25 MANATA YÜYƏN, 15 MANATA ÇARIQ

Həyat yoldaşı 4 ildir vəfat edib. O deyir ki, sağlığında yeganə köməkçisiydi – həm yeməyini bişirib işə gətirərdi, həm də gönləri yağlayardı ki, ustanın işi yüngülləşsin:

«İndi də nəvələrim var, gönləri doğrayırlar mənim üçün. Astarın götürürəm mən, tikib verirəm. «Reyka»nı (ensiz taxta) qoyursan, xətt çəkirsən, sonra o xətlə doğrayırsan».

Azadə ustanın emalatxanasındakı yüyənlərin qiyməti 25 manat, çarığın cütü isə 15 manatdır. Gündəlik xərclərini isə 187 manat təqaüdü ilə qarşılayır. Qonşu ustaların dediyinə görə isə, bir vaxtlar Azadə ustanın qazancı da qazanc imiş...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG