Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:11

Attestasiyadan keçən mollalar niyə azdır?


Lənkəran qəbiristanlığı
«Lənkəran kimi yerdə o qədər yasin oxuyan var. Bunun attestasiyasının keçirilməsi nəyə lazımdır? Evdə yasin oxuyuram, pulsuz da oxuyuram, hörmət də edirəm. Nə deyim axı, o qədər adamları tapıb necə attestasiya etmək olar? Çoxları yasin oxutdurmur. Elələri var ki, surəni oxuyub çıxıb gedir...».

Müsahibimiz Lənkəran qəbiristanlığında adının çəkilməsini istəməyən mollalardan biridir. O, keçirilən attestasiyadan xəbəri olduğunu deyir. Lakin attestasiyanı nə üçün aparıldığını başa düşmür. Onun deməsinə görə, yasin oxuyanların da vəziyyəti yaxşı deyil:

«BURDA VERGİ MƏSƏLƏSİDİR»

«Gəlirlər, deyirlər ki, atam-anam üçün yasin oxuyarsan? Ancaq imkanım yoxdur. Mən də deyirəm ki, evdə oxuyaram. Mən belə başa düşürəm ki, burda vergi məsələsidir. Camaat da, gərək pul olsun ki, öz ölüləri üçün yasin oxutdursun. Elə vaxt olur ki, adamlar qəbiristanlığa gəlmirlər. Camaat nə haydadır...».

Qafqaz Müsəlmanları İdarəsi Lənkəranda iki dəfə mollaların attestasiyasını keçirib. Keçirilən attestasiya birmənalı qarşılanmayıb. Attestasiyadan keçə bilməyən, adının çəkilməsini istəməyən mollalardan biri deyir ki, attestasiya yaxşı işdir. lakin onu müəyyən olunmuş qaydalarla keçirmək vacibdir:

«HƏTTA MƏCLİSDƏ SUAL VERİRLƏR...»

«Yəni attestasiyaya gedən adam bir hazırlıq keçməlidir. Zaman keçdikcə bəzi məsələlər adamın yadından çıxır. Hətta məclisdə sual verirlər, suala cavab vermək üçün mənbə axtarırsan, tam öyrənəndən sonra suallara cavab verirsən».

Müsahibim hesab edir ki, attestasiyanın tarixi və yeri elan edilməlidir. Üstəlik o, attestasiyada verilən suallardan da narazıdır:

«BİRDƏN SƏNƏ ZƏNG EDİRLƏR Kİ, GƏL İMTAHAN VER»

«Attestasiyada sualların biri «Qurani-Kərim»in oxunuşu barəsində idi. «Quran»ın oxunuş qaydalarına, ondan sonra qrammatikaya, ölü götürən şəxsin meyit namazına və sair məsələlərə aid suallar var idi.
Hacı İlqar Həsənov
Bundan başqa, şəriətdə qəbri hansı şərtlər əsasında açmaq olar? Kəfən nə formadadır, neçə hissədən ibarətdir? Çoxu heç məktəb qurtarmayıb. Təcrübəyə əsaslanaraq iş görür. Elə suallar var ki, insan gedib müraciət edir mənbələrə, risalələrə. Ancaq imtahan elə bir şeydir ki, gərək orda hazırlıq ola. Hazırlıqsız necə olar? Birdən sənə zəng edirlər ki, gəl, imtahan ver. İslam bir elmdir. Bizim ondan mənimsədiyimiz bir qətrə qədərdir».

O, attestasiyadansa, testlə imtahan verməyi üstün sayır.

Attestasiyadan keçmiş Astara şəhər məscidin Axundu Hacı İlqar Həsənov isə deyir ki, burda heç bir narazılıq ola bilməz. O hesab edir ki, attestasiya keçirildikcə təkmilləşəcək:

«Bu, ölü götürən, məclis aparan, yasin oxuyanın savadının yoxlanmasına xidmət edir. Əsas məqsəd Azərbaycan İslam Universitetini bitirənləri işlə təmin etməkdir. Attestasiyada Astaradan 20 –yə yaxın ruhaninin iştirakı təmin olunmuşdu. Bunlardan 3 nəfəri attestasiyadan keçib. Attestasiyanın davamı olacaq».

24 MƏSCİDDƏ AXUND YERİ BOŞDUR

Axund Hacı İlqar Həsənov deyir ki, Astarada 33 məscid var. Bu məscidlərin 9-a Axund verilib. Qalan yerlər boşdur. Onun deməsinə görə, rayonda bütünlükdə 50-yə yaxın ali dini təhsil alan var. Onlardan 31 nəfəri xaricdə ali dini təhsil alıb:

«ATTESTASİYA ÇOX GÖZƏL ŞƏKİLDƏ KEÇİRİLDİ»

«Attestasiya çox gözəl şəkildə keçirildi. Elə insanlar var ki, oxuyub, təhsil alıblar, ancaq fəaliyyətləri yoxdur. Attestasiya şeyx həzrətlərinin təşəbbüsü ilə keçirilir ki, ruhanilər insanlara islamı olduğu kimi çatdırsınlar. İslamı nağıl və mövhumat formasında yox, «Quran»a istinadən, elmi əsaslarla insanlara çatdırmaq lazımdır».

Sədrəddin Kazımov
Lənkəranda fəaliyyət göstərən Hüququ Məsləhətlər və Vətəndaşlara Xidmət Mərkəzin direktoru Sədrəddin Kazımov isə hesab edir ki, attestasiya zamanı ciddi səflərə yol verilir. Onun dediyinə görə, ötən il attestasiyadan savadlı, əhali arasında hörmətə malik olan, ali dini təhsil almış şəxslər keçə bilməyiblər. O, bunun 3 səbəbini göstərir:

«RUHANİLƏR ATTESTASİYAYA GETMƏMƏK QƏRARINA GƏLİBLƏR»

«Burda 3 amil ola bilər. Attestasiya götürənlərin qərəzliyi, attestasiya götürənlərin savadsızlığı, ya da attestasiyaya gələnin savadsızlığı. Lənkəranda elə ruhanilər var ki, xarici ölkədə oxumaqla öz qiymətlərini alıblar. Bunların burda attestasiyadan keçirilməsi şübhə doğurur. Xarici ölkələrin təhsili Azərbaycan təhsilindən qat-qat üstündür. Elələri də var ki, Bakı İslam Universitetini bitirib ancaq attestasiyadan keçə bilməmişdi. İndi ruhanilər attestasiyaya getməmək qərarına gəliblər».

Sədrəddin Kazımovun fikrincə, attestasiyadan keçənlərin sayı azdır. O deyir ki, Lənkəran rayonunda 200 mindən çox insan yaşayır. Attestasiyadan cəmi 5-6 nəfərin keçməsi isə dini mərasimlərin bahalaşmasına gətirib çıxaracaq:

«Attestasiya vasitəsilə onların fəaliyyətinə məhdudiyyətlər qoyulur. Bunlar ali təhsil alıblar. Onları kiçik bir yoxlamadan keçirtməyin önəmi yoxdur. Bakı İslam Universitetini bitirən şəxsin yenidən attestasiyadan keçirilməsi şübhə doğurur. Ya universitetin təhsil sistemi yüksək səviyyədə deyil, ya da ki, başqa problemlər var».

Qafqaz Müsəlmanları İdarəsinin Lənkərandakı nümayəndəsi Axund Hacı Səddi deyilən iradlarla razılaşmır. O deyir ki, kiminsə attestasiyanın ədalətli olmasına şübhəsi varsa, ortaya sübut qoysun. Axund Hacı Səddi deyir ki, attestasiyadan keçməyənlər yenidən müraciət edə bilərlər.

Cənub bölgəsində keçirilən attestasiyada ümumilikdə 135 nəfər iştirak edib. Onlardan 56 nəfərinə dini mərasimlərin keçirilməsi üçün vəsiqə verilib.
XS
SM
MD
LG