Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:01

300 milyon dollarlıq kredit, prezidentin İnternet saytında yeniliklər...


Mətbuat icmalı

Mətbuat icmalı

«YENİ MÜSAVAT»: «HÖKUMƏT 300 MİLYON DOLLARIMIZI RİSKƏ ATDI»

Azərbaycan Belarusun «Belaruskalium» Açıq Səhmdar Cəmiyyətinə (ASC) 300 milyon dollar kredit verib. Kreditin hansı müddətə və hansı faizlə verildiyi açıqlanmır. Yalnız o bəllidir ki, krediti Belarusun dövlət təminatı ilə Azərbaycanın Maliyyə Nazirliyi ayırıb.

Qəzet xatırladır ki, «Azərbaycan ötən il də, bu il də Belarusa 200 milyon dollar borc vermişdi. Ancaq bunlar Rusiyanın borcunu ödəmək üçün verilən qısamüddətli kreditlər idi. Həmin borclar 12 təqvim günü ərzində qaytarıldı. Bu dəfə isə söhbət daha böyük məbləğdən və ən başlıcası isə uzunmüddətli kreditdən gedir. Burada xeyli maraqlı ziddiyyətli məqamlar orta çıxır.

Birinci ziddiyyətli məqam ondan ibarətdir ki, Azərbaycanın belə borc vermək potensialı varsa, niyə mütəmadi olaraq xarici borclanmaya gedir? Bu ilin əvvəlinə olan vəziyyətə görə, Azərbaycanın xarici borcu 3 milyard 857.3 milyon dollara çatıb (bu ilin 7 ayında alınan borcların məbləğini Maliyyə Nazirliyi hələ də açıqlamayıb). Yəni Azərbaycanın özünün investisiya tələbatını tam daxili resurslar hesabına ödəmək gücündə olmadığı halda hansı məntiqlə Belarus iqtisadiyyatına 300 milyon dollarlıq yatırım qoyur?

İkinci ziddiyyətli məqam budur ki, vəsaiti Maliyyə Nazirliyi yatırır. Maliyyə Nazirliyi təbii ki, bu vəsaiti öz büdcəsindən yox, səhmlərinin 51 faizinin dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bank vasitəsilə yatıracaq. Beynəlxalq Bankın isə problemli kreditlərinin həcmi bir neçə yüz milyon dolları keçib. Ümumiyyətlə, bu bankın uzunmüddətli və iriməbləğli kredit vermək imkanı faktiki olaraq yoxdur. Bu problem beynəlxalq maliyyə təsisatlarının hesabatında da əksini tapıb. Belə bir şəraitdə Belarusa 300 milyon dollar uzunmüddətli kredit yatırmaq Beynəlxalq Bank üçün böyük riskdir. Belə bir riskə getmək hökumətin nəyinə lazımdır?».

«HAKİMİYYƏTİN 2 APREL TƏXRİBATI İFŞA OLUNDU»

«Azadlıq» qəzeti yazır ki, İctimai Palatanın 2 aprel mitinqində zərər çəkdiyi bildirilən avtobusun sahibi, sürücü Sarvan Məhərrəmov və onun nümayəndəsinin ifadəsindən aydın oldu ki, avtobus işıqforda dayananda artıq şüşələri sınmışdı. Sürücü məhkəmə qarşısına çıxarılan fəalların heç birinin şüşəqırmada iştirak etmədiyini də ifadəsində göstərmişdi.

«Azadlıq» qəzeti həmin mitinqdən iki foto dərc edib:

«Birinci fotoda 316 saylı marşrut avtobusunun qarşısında təpiyini göyə qaldıran idmançı görkəmli gənci görürsünüz. Onun avtobusu təpiklədiyi aşkar görünür. Fotoda həmin idmançının qarşısında daha bir nəfərin olduğu da bilinir. Həmin şəxs idmançıya mane olmağa çalışır, onun əlindən yapışıb.

İkinci fotoşəkildə isə siz avtobusun şüşəsini sındıran şəxsin sifətini tam görə bilirsiniz. Onun köynəyinin yaxasında Azərbaycan Güləş Federasiyasının emblemi də var. Fotoda diqqətçəkən daha bir fakt isə hazırda həbsdə saxlanılan AXCP funksioneri Məhəmməd Məcidlinin avtobusdan çölə tərəf boylanaraq, qəzəblə həmin idmançıya nəsə deməsidir».

AZƏRBAYCAN PREZİDENTİNİN RƏSMİ İNTERNET SAYTINDA YENİLİKLƏR

«Azərbaycan» qəzeti Azərbaycan Prezidentinin rəsmi internet saytının vətəndaşların müraciətlərinə aid hissəsində yeniliklər edildiyindən yazır.

«Sayta Azərbaycanın interaktiv xəritəsi yerləşdirilmişdir. Xəritədə hər bir iqtisadi rayona daxil olan şəhər və rayonların icra hakimiyyəti orqanlarının rəsmi saytları və elektron ünvanları verilmişdir. «Məktublar» xanasının adı dəyişdirilərək «Müraciətlər» adlandırılmış, həmin hissədə isə yeni «Dövlət orqanlarına müraciət etmək» bölməsi açılmışdır. Bu bölmədə linklər vasitəsilə dövlət orqanlarının rəsmi saytlarına keçid imkanı yaradılmışdır. Vətəndaşlar bu bölmə vasitəsilə istədiyi dövlət orqanına birbaşa müraciət edərək onların vəzifəli şəxslərinin qəbul günlərini öyrənmək imkanı qazanırlar. Bu bölmədə bütün dövlət qurumlarının, şəhər və rayonların adlarının siyahısı verilmişdir ki, bu da vətəndaşlara həmin orqanlara müraciət etmək imkanı yaratmaqla bərabər, daxil olan müraciətləri daha yaxşı sistemləşdirməyə, müxtəlif təhlillər aparmağa imkan verir».

Günün bütün mövzuları

XS
SM
MD
LG