Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:58

Azərbaycan hakimiyyəti 8 jurnalistə barışıq təklif edir


Jurnalistlərin etiraz aksiyası. 2007
Jurnalistlərin etiraz aksiyası. 2007
«Azərbaycan hakimiyyəti 8 jurnalistə barışıq və 40 min avroluq kompensasiya təklif edir». Bu barədə AzadlıqRadiosuna məlumat verən jurnalist Şahvələd Çobanoğlu bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi bu yaxınlarda onların şikayətinə baxmalıdır:

- İki gün öncə Azərbaycan hökumətinin iddiaçılarla barışığa getməsini və tələb olunan kompensasiyanı ödəməsi ilə bağlı Avropa Məhkəməsinə təklif etdiyi barədə məlumat aldıq. Avropa Məhkəməsində belə bir prosedur var ki, cavabdeh qərar verilmə ərəfəsində iddiaçıya məsələnin dostyana həlli ilə bağlı müraciət edə bilər. Görünür, Azərbaycan hökuməti də bu prosedurdan yararlanmaq istəyib.

«BİZİM ƏSAS TƏLƏBİMİZ MADDİ DEYİL»

2007-ci ilin yayında hakimiyyət jurnalistlərin söz azadlığını müdafiə mitinqi keçirməsinə (Sabir bağında piket) imkan verməmiş, piketə cəhd göstərən jurnalistlər polis zorakılığına məruz qalmış, bir neçəsi saxlanmışdı. Şahvələd Çobanoğlu deyir ki, o vaxt onlar yerli instansiya məhkəmələrinə sərbəst toplaşma azadlığının pozulması, polis özbaşınalığından şikayət etsələr də, onların iddia ərizəsi icraata götürülməmişdi. Bundan sonra onlar Avropa Məhkəməsinə üz tutmuşdular:

- Bu gün biz iddiaçılar bir araya gəlib hökumətin təklifi ilə bağlı müzakirə apardıq. Hökumət bizə yalnız kompensasiya təklif edir, halbuki, bizim əsas tələbimiz heç də maddi deyil.

Şahvələd Çobanoğlu
Yazarın sözlərinə görə, müzakirə zamanı jurnalistlər yekdil rəyə gələ bilməyiblər, aralarında hökumətin təklifini qəbul etmək istəyənlər də olub: «Ancaq ümumi rəy bundan ibarət oldu yalnız kompensasiya ilə kifayətlənmək olmaz, bizim sərbəst toplaşma hüququmuz pozulub. Bəzimiz Avropa Məhkəməsinin qərar çıxarmasının tərəfdarıdır ki, onda bu qərar presendentə çevriləcək».

Hüquqşünaslar izah edir ki, bu o deməkdir ki, təmin edilmiş iddia və toplaşmaq hüququ pozulan insanlar bu pretendent əsasında məhkəmə iddiası qaldıra biləcəklər, məhkəmələr isə Avropa Məhkəməsinin qərarını tətbiq edərək, bu iddiaları təmin etmək məcburiyyətində qalacaq.

İDDİAÇI JURNALİSTLƏR AVQUSTUN 5-də SON QƏRARLARINI VERMƏLİDİRLƏR

İddiaçılardan biri, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu da AzadlıqRadiosuna bildirib ki, onlar öz tələblərində zorakılığa yol vermiş polislərin, iddia ərizəsini rədd edən birinci instansiya məhkəməsinin hakimlərinin cəzalandırılmasını, sərbəst toplaşma azadlığının bərpasını tələb edirlər: «Amma Azərbaycan hakimiyyətinin təklifində bu təminatlar yoxdur, əgər bu təminatlar olarsa, onda iddiadan geri çəkilmək olar».

Rauf Arifoğlunun sözlərinə görə, onların yekdil qərara gəlməsi üçün bəzi məlumatlara və hüquqşünas rəyinə ehtiyacları var: «Vəkilimiz Rəşid Hacılı ölkədə yoxdur, ona görə də onun qayıtmasını gözləməyə məcburuq».

İddiaçılar arasında Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid, «Yeni Müsavat» qəzetinin redaktor müavini Azər Ayxan, müxbirlər Elşad Məmmədli, Etibar SeyidağaZabil Müqabioğlu da var.

Avropa Məhkəməsinə göndərilən iddia ərizəsində jurnalistlər Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin pozulduğunu qeyd edirlər. Hər biri onlara vurulan mənəvi ziyana görə 5 min avro istəyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG