Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:48

FEYZİYYƏ "Murdar çinar" (Hekayə)


«Mən dünyanın Ən murdar çinarıyam!

Mənim köklərim, gövdəm, budaqlarım, yarpaqlarım da murdardı»- deyə sayaqlayan qarı çinar şit qadın gülüşünün səsinə ayıldı.

Bir kəlmə demədən gülən bu qadını elə gülüşündən tanıyırdı.

Onu burada tez-tez görürdü erməni dostları ilə. Dostlarının hər nazı ilə oynayan, keflərindən keçənlərin hamısına əməl edən Çiçəyi heç vaxt danışan görməmişdilər. O, eləcə gülürdü.

Bircə gözləri çinara sataşanda susurdu. Başını aşağı salır, utanır, üzünü yana çevirən kimi daha ucadan qəhqəhə çəkməyə başlayırdı.

Çinar isə onun hər gülüş səsinə səksənir, öz budaqları altında Çiçəyin illər öncə çəkdiyi tükürpərdici ilk qəhqəhəsini xatırlayırdı:

- Ay qız, düş ağacdan! Kimsən, erməni ya azərbaycanlı?- deyə əsgər bağırdı.

Qız:

- Azərbaycanlı,- deyib ağlamağa başladı.

- Düş aşağı, tez ol,- deyib əsgər silahı ona tərəf tuşladı.

Qız hönkürə-hönkürə:-

- Düşmürəm, düşmürəm! Ay a-ta a a ,- dedi.

Qızın qorxduğunu görən əsgər bir az yumşaq halda:

-Bax əgər düşməsən, ermənilər anan kimi səni də gəlib aparacaqlar,- deyib tülkü üzüm salxımına boylanan kimi aşağıdan yuxarı qızı süzdü.

On bir yaşlı bu qızcığaz, yeganə güvənc yeri olan bu azəri oğluna baxıb gözlərinin yaşını sildi, içini çəkə-çəkə çinardan və çinarlığından düşdü…

… qızın bağırtısından gövdəsinin paralandığını sandı, çinar. Heç nə eşitmirmiş kimi bu balaca qızı murdarlayan «vətən oğlu» hardansa erməni səsinin gəldini duyub qızdan əl çəkdi və özünü düzəldə-düzəldə qaçaraq oradan uzaqlaşdı.

Dayanmadan ağlayan Çiçəyin «vətən oğlunun» onu çinarın altında yıxdığı yerdən qaldıran erməniyə baxıb birdən-birə gülməyi gəldi.

Güldü, güldü və beləcə o,çox erməninin üzünə güləsi oldu.

«Mən dünyanın ən murdar çinarıyam»- pıçıldaya-pıçıldaya çinar, öz kölgəsinə tərəf boylandı.

Çiçək, «dost»larına yataq yeri düzəltmək üçün çinarın kölgəliyindəki zibilləri əlləriylə yığıb kisəyə atırdı.

Çiçəyin dizin-dizin sürənərək zibilləri yığdığını görən bir erməni həvəslə ağaca yaxınlaşaraq, budaqlarından bir neçəsini qırıb qızın əlinə verdi.

Çiçək, bir dostuna, bir əlindəki budaqlara, bir də çinara baxdı. Utandı, başını aşağı saldı, budaqları yerə atdı.

Üzünü yana çevirib, bir-iki addım kənara çəkildi. Çiçəyin hərəkətlərindən heç nə anlamayan erməni dostu, budaqları yerdən götürərək kölgəliyi süpürməyə başladı.

Çiçəyin cəld geri qayıdıb budaqları onun əlindən almasına çaşqın halda gözlərini döyən «dost», yarpaqlarla dolu olan çinar budaqlarının üzünə dəyən zərbəsindən arxası üstə yerə sərildi…

Bütün olanlar çinarın bir yarpağını belə tərpətmirdi. Çünki o, buna alışmışdı. Hələ təzəcə pöhlələnmiş ağacın budaqlarını yolub erməni qoyunlarının qabağına tökmüşdü, Rüfət.

Erməni qoyunları yediyini yeyib, yemədiyinə qığlayıb gedirdilər. O, erməni qoyunlarının çobanı idi.

Hər dəfə də burdan keçəndə bir-iki budaq sındırıb erməni tövləsini təmizləməyə aparırdı. O, Çiçəyin ata babası idi.

«Mən dünyanın ən murdar çinarıyam!»- çinar elə hey pıçıldayır. Çiçəyin dostları hər dəfə yeyib-içdikdən sonra ağacın dibini-köklərini murdarlayırdılar. Çinar buna lap əzəldən alışmışdı.

Əkilən gündən murdarlanmışdı, bu çinar. Onu Aqil əkmişdi. Aqilin bir qardaşı da var idi.

Amil. Heç sevmirdilər bir-birlərini. Çinar əkilən gün Amil qardaşını döyərək onu başqa bir ağaca sarıdı.

Hələ dibi torpağa bərkidilməmiş çinarı qardaşının gözü qabağında murdarladı, Amil. Sonra da özü ilə gətirdiyi erməni uşaqlarına ağacı murdarlamağı həvalə etdi.

Elə həmin gün kənddən qaçıb gedən Amil erməni kəndlərinin birində özünə sığınacaq tapdı. O vaxtdan bəri çinar murdarlıqla qidalandı, murdarlıqla böyüdü, murdarlıqla qocaldı.

Özünün hər gün artan murdarlığna dözən Çiçək, ağacın bu halına dözə bilmirdi…
«Mən dünyanın ən murdar çinarıyam!»- ağac öz-özünə elə hey deyinirdi.
Ay batmaq, günəş doğmaq istəmirdi elə bil. Açılan səhər hər yeri oyatmaqdansa yatırtmışdı sanki.

Təbiətdə nə vardısa murdarlığın üfunətindən heyrətlənərək donub qalmışdı.

Burada bir murdarlanmış ağacın murdarlanmış budaqlarının birindən murdarlanmış bir qadın asılmışdı.

O ağac, dünyanın ən murdar çinarıydı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG