Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:15

Azərbaycan türkcəsi nə dərəcədə moderndir?


Rafiq Əliyev
Növbəti 1 avqust--Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ərəfəsində bu mövzuda bir sorğu keçirmək qərarına gəldik. Şərti olaraq dəqiq elmləri, obrazla desək, «fizikləri» təmsil edən 2 tanınmış alim – Rafiq ƏliyevErkin Qədirliyə və «lirikləri» təmsil edən 2 yazar -- ixtisasca həkim Rafiq Tağıya və ixtisasca jurnalist Əli Əkbərə eyni sualları ünvanladıq.

1) Öncə adi ünsiyyət amaclı bir sual: Bu dildə sevgi bildirmək asandır, yoxsa kimə və ya nəyəsə nifrəti açıqlamaq?

SEVGİ PIÇILTI SEVİR

Rafiq Əliyev: Azərbaycan dilində pıçıltı azdır. Hamı emosiya ilə, əl-qolla danışır. Amma sevgi pıçıltı sevir. Bu sualı mənə bir dəfə də veriblər. Norveçdən gəlib kadr seçirdilər. «Mediaforum» məndən soruşdu ki, onların kənarda oxumuşlarla müqayisədə Azərbaycan tələbələri, mütəxəssisləri ilə bağlı fikirləri necəydi? Mən də dedim ki, onlar düşünürlər ki, Azərbaycanda doğulanlar çox emosional olurlar. Yəni əl-qolla, ucadan danışırlar. Amma mən bu fikirdəyəm ki, sevgi pıçıltıyla olmalıdır. Onu da biz bacarmırıq. Nifrət açıqlamağı isə bacarırıq!

CANSIXICI MÜHİTLƏRDƏ DİL KASADLAŞIR

Erkin Qədirli: Məncə, ifadə asanlığı duyğu səmimiyyətindən doğur, dilin ifadə imkanlarından deyil. Sevgi səmimi duyulursa, asan da ifadə olunmalıdır. Qəzəb və nifrət də belədir. Məncə, dilin söz ehtiyatından və ifadə imkanlarından asılılığı çox azdır. Söz tapmayanda, insanlar səmimi duyğularını jestlərlə də ifadə edə bilirlər. Bu baxımdan, Azərbaycan dilinin başqa dillərdən ciddi fərqləndiyini düşünmürəm. Ancaq cəmiyyətlərin açıq və qapalı olması onların tədricən ifadə tərzlərinə, düşüncə tərzlərinə təsir edə bilir. Cansıxıcı mühitlərdə adamlar gerçək duyğularını ifadə etməkdən çəkinirlər, özlərinə qapanırlar və bu, tədricən onların xasiyyətinə çökür. Çünki ünsiyyət də bir vərdişdir. Getdikcə insanların söz ehtiyatları kasıblaşır, ifadə tərzləri qəlibləşir. Kənardan baxanda, belə təəssürat yaranır ki, bu dil nəyinsə ifadəsi üçün yaramır.

Rafiq Tağı: Məncə, Azərbaycan türkcəsində sevgi bildirmək asandır. Nifrət bildirən sözləri bizə ərəb işğalı gətirib. Bizdə sevgi motivli sözlər daha çoxdur.

Erkin Qədirli
Əli Əkbər: Mən romanımda da yazmışam--Azərbaycan dilində sevgi bildirmək çox çətindir. Düzdür, mən söz ehtiyatından korluq çəkməmişəm. Ola bilsin, söz ehtiyatım zəngindir. Amma başa düşürəm ki, obyektiv olaraq çox çətindir. Nifrət daha asandır. Dilimizdə söyüş də, qarğış da daha çoxdur.

2) Bugünkü Azərbaycan türkcəsinin və ya rəsmi deyimlə Azərbaycan dilinin sağlıq durumu barədə Sizdən arayış istəsələr nə deyərdiniz?

SAXLAYA BİLDİYİMİZ ƏN QİYMƏTLİ ŞEY

Rafiq Əliyev: Sovetlər dövründə də, sonralar da biz çox şeyimizi itirdik. Amma saxlaya bildiyimiz ən qiymətli şey elə dilimiz oldu. Bu da bizim yazarların hesabına, ən əsası da, siz jurnalistlərin hesabına oldu. Məncə, dilimizin sağlamlıq durumu normaldır.

Erkin Qədirli: Burada da mən qınaq ünvanını dildə görməzdim. Dediyim kimi, mühit cansıxıcı olanda, dil də kasıblaşır. Çünki ifadə azadlığı, düşüncə azadlığı, vicdan azadlığı və başqa siyasi azadlıqların olmadığı bir mühitdə yaradıcı və elmi imkanlar da azalır. İnsanların özəl həyatında da duyğusal anlar yaşanır. İnsanlar gerçək duyğularını ifadə etməkdən çəkinəcəklər. Çox uzun cümlələrdən istifadə edəcəklər, eyhamlarla danışacaqlar. Bu da dilin saflığına xidmət etmir. Ona görə də, Azərbaycan dilinin ifadə imkanları problemi var. Amma bir də təkrarlayıram ki, bu problemi dildə axtarmazdım. Onun kökü cəmiyyətdəki cansıxıcı mühitdədir. O da gedib dirənir siyasi problemlərə, siyasi azadlıqların olmamasına…

ATATÜRKÜN DİLDƏ ETDİYİNİ BİZ DƏ ETMƏLİYİK

Rafiq Tağı: Azərbaycan türkcəsinə tam sağlam demək olmaz. Zaman-zaman ərəb-fars istilaları ilə, rusizmlərlə bağlı sözlər dilimizi zibilləmişdir. Dildə alınma sözlər ola bilər, amma müəyyən ölçünü keçəndə, ziyanlı olur. Dilin təmizlənməsi üçün ayrıca dövlət proqramına ehtiyac var. Atatürkün Anadolu türkcəsində etdiyini Azərbaycan türkcəsində də etmək gərəkdir.

AZƏRBAYCAN DİLİ İNKİŞAFDAN GERİ QALIB

Rafiq Tağı
Əli Əkbər: Bərbad. Bu səbəbdən dilimizi statik dil adlandıranda, qələm əhli etiraz etdi. Halbuki mən ən çox dəstəyi onlardan umurdum. Çünki onların da materialı dildir. Azərbaycan dili qətiyyən dinamik dil deyil, inkişafdan geri qalıb. Ən böyük inkişaf zirvəsi sovet dövrünə təsadüf edib. Mən standartların əleyhinə deyiləm, amma Türk Dil Qurumu kimi bir qurumun Azərbaycanda yaranmasına ehtiyac var. Eşitdiyimə görə, yaranıb, amma QHT səviyyəsindədir, fəaliyyətsizdir.

3) Hansı durumlarda Azərbaycan türkcəsinin yeniləşməsinə ehtiyac duymusunuz?

ELMİ DİL SAĞLAM DEYİL

Rafiq Əliyev: Azərbaycan dilinin elmi dili zəifdir. Onun sağlamlaşmasına ehtiyac var. Elm aşağı və zəif vəziyyətdə olduğundan, ona sifariş olmadığından, dilə də ehtiyac yaranmır. Bu baxımdan Azərbaycanda elmi dil sağlam deyil.

Erkin Qədirli: Mən inzibati yollarla dilin yeniləşməsinin tərəfdarı deyiləm. Dil canlı orqanizm kimi ünsiyyətin genişliyindən doğur. Dilin inkişafı ünsiyyət çevrələrindən asılıdır. Əgər çevrələr öz aralarında yeni ifadələri və yaxud köhnə sözləri yeni mənalarda işlətsələr və ya başqa dillərdən götürülmüş sözləri istifadə etməyə başlasalar, o söz və ifadələr bizim dilimizdə işlək hal ala bilər. O başqa məsələ ki, bizim cəmiyyətdə cansıxıcı mühitdən törənən bir zehni qısırlıq var. İnsanlarımız hətta bir çox sözlərin mənasını dürüst ifadə etməkdən çəkinirlər. Məsələn, «türkün sözü» ifadəsini. Məni qıcıqlandıran ifadələrdən biridir. Çox ədəbi, mədəni, lüğəti mənası olan bir çox isimlər və fellər söyüş anlamında istifadə olunduğuna görə, qarşısında «türkün sözü» deyib də bunu saflaşdırmaq niyyətinin güdülməsi ayıbdır. Mən həmin isim və fellərin üzr istənilmədən də işlədilməsinin tərəfdarıyam. Anlaşılmazlıqla qarşılansa da, mən özüm də bunu edirəm. Problem dildə deyil, bizim düşüncəmizdədir.

DİL İSLAHATI APARAN QURUM YARADILMALIDIR

Əli Əkbər
Rafiq Tağı: Xüsusi qurum yaranmalıdır -- dil islahatı aparmalı qurum. Bu qurum bütün səviyyələrdə eşidilməli və dəstəklənməlidir. Bu, nəhəng bir iş --ümumxalq işi olmalıdır. Onun başında bizim siyasi iradə sahibləri durmalıdır--əgər millətə sevgiləri varsa. Amma bu işi Elmlər Akademiyası, Dilçilik İnstitutu, müəyyən qurumlar həyata keçirməlidir. Kosmetik dəyişikliklər dili natəmizlikdən xilas edə bilməz.

Əli Əkbər: Dilimizə təcili surətdə, bu günün işini sabaha qoymadan Türkiyə türkcəsindən olduğu kimi 500 sözü birdən gətirib lüğətə daxil etmək gərəkdir. Bu tədricən yox, bir anda baş verməlidir. Yeni lüğətlərin çap olunması lazımdır. Bu, dərsliklərə salınmalıdır. Bir çox sözü biz Azərbaycan dilində ifadə edə bilmirik. Mənə pis təsir edir ki, niyə rus dilində mən fikrimi daha rahat ifadə edə bilirəm, Azərbaycan dilində yox?

4) Azərbaycanlıların təkcə Azərbaycan Respublikasında yaşamadığını nəzərə alsaq, mövcud dili nə dərəcədə bütün azərbaycanlıların ortaq dili saymaq olar?

5) «Azərbaycan türkcəsinə «fiziklər» nə verib və «liriklər» nə qazandırıb» sualını necə cavablardınız?

6) Fikrinizcə, bu dilin Türkiyə türkcəsi ilə münasibətləri necə qurulmalıdır?


Bu sualların cavabını bilmək istəyirsinizsə, «İz»i dinləyin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG