Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:37

Ayvaz yaxşı qurtardı


Eyvaz Əlləzoğlu
Eyvaz Əlləzoğlu
Cavanşir Yusifli



AYVAZ

Ayvaz Əlləzoğlu çağdaş Azərbaycan nəsrinin yadda qalan imzalarındandır.

Sağlığında da belə idi, bu dünyadan köç edəndən sonra da.

Ölümü nə qədər sarsıdıcı olsa da, bu həqiqət dəyişməz qalır. Ayvazda, ümumən istənilən insanda dəyişməyən, zamanın küləyinə oynamayan bir cəhət var, - onun xərclənən, getdikcə ovulub-tökülən və hər şeyə rəğmən durduğu yerdəcə duran materiya...

Ayvaz bu dünyadan getdikdən sonra həmin hissə tək qaldı, onunla da, bizimlə də tək-tənha olan bu zad ayıb nədi, qüsur nədi bilməz, insan sifəti nədi bilməz, bu elə bir şeydir ki, bu dünyada hər kəsə bir isti söz dedizdirər, əl içi boyda kağızda bir parça yazı yazdırar və dünyanı yerindən oynadıb dəyişməyə ümid oyandırar.

Bunu dərk edənlər bir ayağını həmişə qaçaraq qoyar, getməyə tələsər, ən yüngül dərdi də qır qazanının içində olan kimi keçirər, təki, təki, vaxt tez gəlsin, getsin və bir də geri qayıtmasın.

Ancaq bu, həmin o zadın insan ruhunda oyandırdığı fırtınanın uzaqdan görüntüsüdür. Ayvaz nasir idi, xalis nasir, boy-buxurundan tutmuş, yerişinə, şirin çayı acı bibərlə yeyən insanın turşməzə şikayətlərinə qədər... bir sözlə baltanın sapına qədər nasir idi. Odunçu geri qayıtmırdı, odunçu gedirdi, şələsi belində, dərdi ürəyində, şikayəti dilində, çiçəyi burnunda... Ayvaz yaxşı qurtardı, Ayvaz canını yaxşı qurtardı, elə bir şərait yaranıb ki, hamı günahı bir başqasının boynuna yıxır, heç kəs adam olmaq istəmir, hamı adamlığı yanında dayanan müqəvvadan gözləyir, metroda insanların minib-düşməyini görəndə ağlımdan bilirsinizmi nə keçir, bir təlim layihəsi... burdan düşün, burdan da minin, yox, düşən də minən də döş-döşə gəlmək istəyir.

Bir-birini acılamaq, nəfəsini üzünə sillə kimi siyirmək istəyir.

Güzəştdən söz gedə bilməz, bir ip bizim ikimizi dartıb göyə çəkməlidir, ancaq o ip nədirsə, çox gec və çox qəlbidən gəlir, özü də elə astagəl gəlir ki, boynumuza keçənə oxşayır.

Ayvaz yaxşı qurtardı. Həyat başdan-ayağa mənasızlaşmışdı. Biz bu mənasızlığın içinə gömüldük, o getdi.

Bir insan və yazıçı kimi Ayvazın tipi tam fərqli idi. Dünya ədəbiyyatını, sənətini, rəssamlığı və kinonu, bir çox sənətlərin prinsiplərini gözəl bilirdi.

Onun “mədəniyyət” anlayışı geniş idi, o qədər geniş idi ki, dünyaya başqa şərtlər daxilində gəlib yaşasaydı, onu istisna sayacaqdılar.

Cavanşir Yusifli

Yaponiyada doğulsaydı, bu dünyaya bir fransız, yaxud alman kimi gəlsəydi və üstəlik yazıçı olsaydı bütün mükafatlardan imtina edəcəkdi.

Çünki Ayvaz yazını əslində gizlin yazmaq istəyirdi.

Nə qədər qanı qara olsa da bir kəsin qarasınca danışmazdı.

Ancaq o, nə yapon, nə fransız, nə də alman ola bilməzdi, bu cür istedadlı, qanışirin, şikayətlənə-şikayətlənə dəvədən fil düzəldən adam ancaq əzilən xalqın nümayəndəsi - azərbaycanlı ola bilərdi.

Ayvaz ikimizin də işinin qabağındakı bağdan keçəndə mütləq məni yaxalayardı, kiməsə danışdığı lətifəni geri qayıdıb təzədən danışar, özü də gülə-gülə.

Şaqraq, arada kəsilən, ancaq yenə sıfırdan başlayan gülüş səsinin içində diyirlənə-diyirlənə gələn lətifə mənə çatmamış havası çıxan top kimi yerə düşərdi.

Onun ömrü də belə oldu. Özünə çatmamış yerə düşdü. Ruhu da incimədi.

Hamı onu hər şeydən şikayət edən, ağlaya-ağlaya gəzən insan kimi tanıyardı, daha doğrusu Ayvazın belə bir obrazı vardı. Ancaq başdan-başa yalan idi bu.

Kefinin kök çağında oturmuşduq, dərin ağlı, dəmir məntiqi, göylə-yerlə əlləşən bədii təfəkkürü çox imkanlar vəd edirdi. Ancaq Ayvaz bir dəfə yaralandıqdan sonra durub qalmaq, zəhlə tökmək istəmədi, iyrəndiyi insanlardan, iyrəndiyi kitablardan, tauna bənzəyən bu şöhrət azarından yaxa qurtarmaq istəyirdi.

Bir dəfə metronun yanında rastlaşdıq.

Arada sevinə-sevinə dedi ki, filankəs gündə bir roman yollayır, mən də verirəm Ayxan oxusun. Dedim qardaş, biz cəhənnəm, bu uşağın zövqünü niyə korlayırsan. Bir az keçmədi Ayxanın hekayələri çıxdı.

Zarafatla deyirdi ki, köpək oğlu evdə nə olur qələmə alır. Mən necə Polad Ələmdar oldum. Deyirdim, Ayvaz indi onun elə vaxtıdı, kinolara baxıb hekayələr yazacaq. Ancaq bu filmlər günlərin günü qurtaracaq, bax onda yazmağa nəsə olacaq.

Ayvaz gedəndən sonra həmən bağda Əkrəm Əylisli ilə rastlaşdım. Sözarası Ayvazı xatırladı: bir oğlan vardı, sinəsində sazı gümüldənə-gümülədənə gəzərdi. Bu, Ayvazın dəqiq obrazı idi.

Ayvaz yaxşı getdi, çünki səhv özününkü idi.

Bu istidə, bu temperaturda, bu rejimdə, bu iqlimdə, bu alabəzək, üstü bəzək, altı təzək cəmiyyətdə ürəyinə çox zor saldı, eynən o lətifədə olduğu kimi, bizə çatmamış havası çıxdı, yerə düşdü.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG