Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:07

Ülkər Ucqar. Qızların aparılacağı yer...


Arazın o tayından


Ülkər Ucqar

ŞEİRLƏR


Qollarını aç

Aç qollarını açıq saxla

Mənim bu ölkə darısqal

Mənim bu saatlar yaman daraclıq

Aç qollarını

da sus

qara yaxma bu gecəyə!

Bir yalan daha desən pozulacaq heybəti gecənin

çəliklənib töküləcək ətəyimizə

arzularımız

Susub da qollarını aç

Adını çəkmədiyim o uzaq şəhərin xıyavanlarında

yeriyirkən

Qollarını açıq saxla!

Mən darıxıram

Bu gecə ölsəm

Darıxmış birisi kimi öləcəyəm

Yəqin

Gələn dönə də hətta

Darıxmış birisinin donunda gələcəyəm

Yellər apardıqlarını gətirməzlər

Yellər

Qızları aparar

Qurdlar

Qızları aparar

Tanıdığım,

bildiyim,

Hər nə

Qızları apara bilər

Bu saatlar da

Mən darıxıram

Qollarını aç açıq saxla

Qızların aparılacağı yer

Qaranlıq

Nəmov

Qorxunc

Mən amma qorxmasam da olar

Təki sən

Qollarını aç açıq saxla!



Yarpaqlar

Uca yerdən qorxa -qorxa çırtlayıb

bir ömür yaşamaq yerinə qurxudan əsən

quru yarpaqlar,

ağac onlarla birgə

ölür

qurtulur

sanıb

tər- tələsik özlərini yerə atırlar!

Tər-tələsik, səssiz

ağacın xətrinə dəyməsin deyə!

Ağac da sağolsun!

Səssiz yarpaqllanır

gələnisi il.



Zalim oğlu zalim

Bu həftə sonu sən yubanmadın

mənsə acıqlı - acıqlı özümdən

«bu zalim oğlu zalimin nə‌yini sevirsən»

soruşmadım.

Bu həftə sonu

sən

mənim

zalim oğlu zalimim deyildin axı!

Bu həftə sonu həftə sonu deyldi zatən

Dar- uzun həftələr ,

Aylar

Və illərin bəlkə

Başlanqıcıydı bu həftə sonu.

Mən,

Qurd-quş kimi təbii faciə‌lərin

qoxusunu gəlməmişdən alaram !



Buğdalar!

Çömbələndə alaqlasın otları,

buğdalar kimi təkcə kürklü börkü görünər.

Bəlkədə çiyninə yetişsin deyə

Buğdalar bir ildə bir belə boy atar

Bir belə böyüyər!

Əkinçini buğdalar

ayaqqablarının dalısını yatıtsa da tanıyar

əkinçini buğdalar

ayaqqablarını çamura- palçığa bulasa da tanıyar...


Biçinçini...

Biçinçini...

hadı buğdalar təkcə ayaq qablarıı görər

Buğdalar təkcə ayaqqabların tanıyar!

Quzum

Qurbanlığa seçiləcək qoyun

Gecəsi,

Piçaq görər yuxuda*

Sənsə
Gözlərini arxayınca yum
Yum yat quzum
Adamlar nəsə görməzlər


___________
*Xalq inanclarından

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG