Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:33
«Bu günlərdə Azərbaycanda özünəinam ab-havası var. «Eurovision» mahnı müsabiqəsində qələbəsi, Bakının 2012-ci ildə növbəti müsabiqəyə ev sahibliyi etmək hüququ qazanması küçələrdə rəqslərlə qeyd olunub.

Xəzərin neft və qaz layihələrindən pul axır.

Mən bir il əvvəl də Bakıda olmuşdum, hətta bu müddət ərzində onun nə qədər dəyişməsi məni təəccübləndirdi. Üfüqə baxdım, iki şüşəli göydələnin kosmik gəmi kimi İçərişəhərin yuxarısındakı yamacda endiyini gördüm.

KÖHNƏ ŞƏHƏR SÜRƏTLƏ XƏZƏRDƏ YENİ DUBAYA ÇEVRİLMƏKDƏDİR».

ABŞ-ın «Karneqi» Beynəlxalq Sülh Fondunun təhlilçisi Tomas de Vaal (Tomas De Waal) «Open democracy» onlayn-jurnalında belə yazır.

O əlavə edir ki, bütün bunlar köhnə şəhərə baha oturur. «Füzuli meydanı» yaxınlığında sökülən bir və iki mərtəbəli evlərə toxunan müəllif həmin yerdə yeni çoxmərtəbəli qüllələrin ucala biləcəyini də yazır:

«Sakinlər evlərindən iki yolla köçməyə məcbur edilirlər. Onlara kvadratmetr üçün 1500 manat təklifi ilə yazılı bildiriş gəlir. Bu, Bakının mərkəzi üçün bazar qiymətinin yarısıdır. Yaxud da sakinlərə şəhərin müxtəlif yerlərində mənzil təklif edirlər. 3-mərtəbəli evi olan bir biznesmenə şəhərin fərqli yerlərində 5 müxtəlif mənzil təklif olunub».

Bakıda evlərin sökülməsi, 14 iyul 2006
Tomas De Vaal yazır ki, sakinlərin mülklərindən köçürülməsi «Bakının yeni baş tikinti planı» ilə əsaslandırılsa da, indiyə kimi ictimaiyyətə bu planın detalları açıqlanmayıb:

«Bunu edən şirkət deyil, şübhəsiz, Azərbaycanın üç ya dörd oliqarx ailəsi ilə əlaqəli şəxslərdir».

«GERİYƏ ADDIM ATMAQ OLMAZ!»

Məqalədə deyilir ki, Şəmsi Bədəlbəyli küçəsində yerləşən Sülh və Demokratiya İnstitutu ilə Qadın Krizis Mərkəzi də eyni taleni bölüşür. Ancaq qonşularından fərqli olaraq onlara heç bir xəbərdarlıq məktubu gəlməyib:

«Ehtimal ki, hökumət məktubun məhkəməyə getməyə əsas ola biləcəyini bilir… Ya da bu yolla Azərbaycanda insan haqlarının vəziyyətini mütəmadi tənqid edən təşkilatı cəzalandırır».

KİMDİR BÜTÜN BUNLARA NƏZARƏT EDƏN?

Tomas de Vaal yazır ki, ölkəyə neft və qaz pulları o qədər sürətlə axır ki, hökumət sanki onları necə sərf etməli olduğunu bilmir:

Foto: arxiv - Bakı, Suraxanı rayonu
«Eşitdiyimə görə, hər gün təkcə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən 64 milyon dollar daxil olur. Bakı buxtasından keçən yeni körpü və «Eurovision» üçün xüsusi adanın salınması ilə bağlı möhtəşəm planlar var. Onlarla ali təbəqə nümayəndəsi indiyə kimi milyarder olmalıdır».

Müəllif əlavə edir ki, «Azərbaycanı alt qatda qiyamın qaynadığı bədbəxt ölkə kimi təsvir etmək yanlışlıq olardı. Bura nə Suriya, nə də Tunisdir. Son illər salınmış yeni parklar, meydançalar və yol tikintisi sıravi vətəndaşlarda ölkənin yüksəlişdə olduğu təəssüratını yaradır. Lakin əhalinin böyük qismi narazıdır, onlar neft bumundan kənarda qaldıqlarını hiss edirlər. Bakı inkişaf etsə də, kəndlər kasıb olaraq qalır».

Tomas de Vaalın fikrincə, «prosesin ən təhlükəli cəhəti odur ki, hakim elita unudulan xalqı vecinə almır. Ola bilsin ki, bu, avtoritar sistemin qorxulu dərsidir. Mahiyyət etibarilə onu «sistem» adlandırmamaq daha yaxşı olardı, burda aşağıların yuxarılara şikayət etməsi üçün mexanizm yoxdur».

Bütün bu sürətli inkişafın müəyyən strateji tutqunluq şəraitində baş verdiyini qeyd edən müəllif sual edir:

«Görəsən, iki on illikdən sonra neft bumu arxada qalanda, azərbaycanlılar geriyə baxıb sual edəcəklərmi ki, bütün o pullar necə oldu?...».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG