Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:52

Sabit Bağırov: «ABŞ-da defolt olsa, Azərbaycan itirəcək»


Timothy Geithner
Timothy Geithner
Azərbaycanın 30 milyard dollarlıq investisiya portfelinin 50 faizini dollar, 45 faizini avro, 5 faizini funt-sterlinq təşkil edir. Ölkə ABŞ-da dövlət qiymətli kağızlar bazarında 400 milyon dollarlıq paya sahibdir.

ABŞ-ın maliyyə naziri Tim Qaytner (Timothy Geithner) bildirib ki, artıq avqustun 2-dən etibarən ABŞ respublikaçıların dövlət borcunun həddini artırmaq istəməməyi səbəbindən defolt elan edəcək. Nəticədə iqtisadiyyatda yaranan vəziyyət 1930-cu illərin depressiyasının təkrarlanmasına və bütün dünya miqyasında böyük böhrana səbəb ola bilər.

DEFOLT NƏDİR?

Okeanın o tayındakı maliyyə problemi artıq Köhnə Dünyanı silkələyib. Ən azı son günlər qızılın qiyməti durmadan artır və bu artım bütün ölkələrin qızıl bazarına sıçrayır. Bu sıçrayışdan Azərbaycan da yan qaçmayıb, bəs ABŞ defolt olduğunu bəyan edərsə, bunun Azərbaycan maliyyə bazarına hansı fəsadları ola bilər? Bu sualın cavabına keçməzdən öncə defolt məfhumuna aydınlıq gətirək, onun inflyasiyadan fərqi nədir? Bunu İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov izah edir:

- İnflyasiya defoltdan sonra baş verən hadisələrdən biridir. Defoltu elan edən şəxs fiziki, ya hüququ şəxs, müəssisə, ya da dövlət ola bilər. Defoltu elan edən subyekt bildirir ki, onun borcları ödəmək problemi var. Defoltun iki növü var, müflisləşmə və texniki defolt. Müflisləşmə defoltunu elan edən subyekt bildirir ki, artıq onun borcları qaytarmaq imkanı yoxdur. Texniki defolt isə budur ki, subyekt borcları ödəmək problemlərini bildirir və bu zaman müqavilə şərtlərinə yenidən baxa bilər.

Sabit Bağırov
Sabit Bağırovun sözlərinə görə, ABŞ texniki defolt elan edə bilər: «Əgər bu baş versə, Azərbaycan da itkisiz ötüşməyəcək». Onun fikrincə, ABŞ qiymətli kağızlar bazarında payı olan və neft gəlirlərinin əsas hissəsini dollarla saxlayan Azərbaycan üçün də problemlər yarana bilər, amma bu itkilərin faizini indidən hesablamaq tezdir:

- Az da ola bilər, çox da, çünki bu, müqavilələrin şərtlərindən asılı olacaq.

MANAT MÖHKƏMLƏNMƏYƏCƏK

Mütəxəssislər Azərbaycan maliyyə bazarında dolların manata nisbətən ucuz olmasına yerli iqtisadiyyata zərbə kimi, ölkənin idxaldan asılılığını artıran amil kimi baxırlar. Bəs dollar daha da ucuzlaşarsa, bunun fəsadları nə ola bilər? Sabit Bağırovun fikrincə, bu, Azərbaycan hökumətinin yürüdəcəyi siyasətdən asılı olacaq:

- Bir neçə gün əvvəl Mərkəzi Bank bəyanatla çıxış etdi ki, dolların məzənnəsinin müəyyən sabit vəziyyətdə saxlamağa çalışacaq.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da hesab edir ki, dollar dünya bazarında daha da ucuzlaşacağı təqdirdə ölkənin maliyyə bazarında vəziyyəti bir müddət idarə etmək üçün Azərbaycanın imkanları var.

Mərkəzi Bank isə bir neçə gün qabaq nikbin mövqe nümayiş etdirib. Bankdan mətbuata deyiblər ki, ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsinin kəskin möhkəmlənməsinə yol verməməyə çalışacaq.

İlham Şaban
AZƏRBAYCAN ABŞ-A İNVESTİSİYA QOYMAĞA DAVAM EDİR

Neft Fondunun vəsaitlərin idarə olunması müdiriyyətinin rəhbəri İsrafil Məmmədov AzadlıqRadiosuna müsahibəsində deyir ki, əgər ABŞ-da defolt elan edilsə, nəinki Azərbaycan, aparıcı dünya ölkələri katastrofik ziyana düşəcək. O, itkiləri hesabladıqlarını deyir, amma onu da əlavə edir ki, dünya maliyyə bazarının təhlilləri onları pessimist olmağa qoymur və ona görə də ABŞ bazarında qiymətli kağızlar almağa davam edirlər:

- Yalnız kredit reytinqinin aşağı salınması gündəmə düşə bilər. Hal-hazırda ABŞ-da ən təhlükəsizlik və ən yüksək reytinqdir. Bu reytinq aşağı salınsa belə, ABŞ-ın 9 trilyonluq qiymətli kağızlar bazarının alternativi yoxdur. İnvestorlar bu sahəyə investisiya qoymağa davam edəcəklər.

Azərbaycanın 30 milyard dollarlıq investisiya portfelinin 50 faizini dollar, 40 faizini avro, 5 faizini funt-sterlinq təşkil edir. Yerdə qalan 5 faiz bu üç valyuta arasında paylanır. Ölkə ABŞ-da dövlət qiymətli kağızlar bazarında 400 milyon dollarlıq paya sahibdir.

HƏMÇİNİN OXU:

Qızılın qiyməti artır, alıcısı azalır
Qızıl üstündə yaşayan Arıxdamlıların məktəb arzusu
Pula inam azaldıqca qızılın qiyməti qalxır
XS
SM
MD
LG