Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:05

Samir Sarı "Murano" (Yumoresko)


Deputat qayınata ilə prokuror köməkçisi kürəkənin polemikası şam yeməyindən öncə başladı.

Birinci ikinciyə yeni aldığı “Nissan Murano” markalı avtomobil üçün mübarəkdarlıq edərək dedi:

- “Murano” əla maşındır, Nemət, əsl prokurorlara layiq maşındır, vidi də var, prestiji də. Rəngi də əladır. Sağlığına qismət. Xeyir işlərə sürəsən.

Kürəkən Nemət:

- Amma mən prokoror deyiləm, Sədiyar müəllim, prokuror köməkçisiyəm, - dedi və öz vəzifəsinin kiçikliyinə işarə elədi.

Yaşlı deputat onun eyhamını anlamırmış kimi dedi, nə fərqi var, ya prokuror, ya pomprokuror.

Gənc kürəkən gülümsər çöhrə ilə (sifətinin turşluğu qayınatasının xətrinə dəyə bilərdi) cavab verdi ki, fərqi budur: prokurorlar maşını kreditlə almırlar, nağd pullarını sayıb alırlar.

Sədiyar müəllim qeyd eləməyi lazım bildi ki, şəhərin mərkəzi rayonlarının ən yaxşısında prokuror köməkçisi olmaq Siyəzən, Zərdab, Yardımlı kimi rayonlarda nəinki prokuror, hətta icra başçısı olmaqdan da yaxşıdır.

- Yaxşı olmağına yaxşıdır e, əmi, – dedi Nemət – Amma qazancı azdır.

- Az niyə olur? – Razılaşmadı yaşlı deputat – Sağlığınıza qismət, özünün də maşının var, yoldaşının da. Şəhərin mərkəzində də, Xəzər qırağında da evin var. Uşaqların ən yaxşı məktəbdə oxuyur. Dincəlməyə Antalyaya gedirsiz. Daha nə istəyirsən? Naşükür olma.

Cavan kürəkən hövsələsini basaraq düz bir saat naşükür olmadı. O, ürəyində “qayınatalar var ki, kürəkənini gömrüyə sədr müavini keçirib, bu elə bilir, Nemət beş manat qazanır, bəsdir” fikirləşir, qayınatasının son dörd ildə onun vəzifə pillələrində irəliləməsi üçün dil tərpətmədiyini yanar ürəklə özü üçün konstatasiya edirdi.

Nəhayət, onlar birlikdə şam elədilər, yaşlı deputatın qızı çay və kofe tədarükü üçün mətbəxə keçəndə kürəkən qayınatasının üzünə dik baxaraq bəyanat verdi:

- Mən də prokuror olmaq istəyirəm. Mənnən bir kursda oxuyan uşaqların hərəsi bir tərəfdə prokurordur, rəisdir, məhkəmə sədridir, bir mən pomprokuror olub qalmışam. Uşaqlarla xeyirdə-şərdə görüşəndə xəcalət çəkirəm, ölüb yerə girirəm. Dünənəncən “Mersedes”imə lağ eləyirdilər, onlara görə “Murano” aldım ki, heç olmasa maşınım abırlı olsun.

Bu yerdə nüfuzlu deputat sanki qəflət yuxusundan ayıldı. Birdən-birə o, kürəkəninin çəkdiyi tantal əzabını, dözülməz sıxıntını bütün dəhşəti ilə duydu. Doğrudan da tay-tuşları pulu xəzəl kimi xərclədiyi halda niyə onun kürəkəni məhrumiyyət çəkməlidir, onun qızının və nəvələrinin boğazından kəsməlidir. Yaşlı deputata elə gəldi ki, kürəkəni artıq son həddədir, qayğı görməsə intihar edə bilər.

- Bir şey fikirləşərik, oğlum, sakit ol – deyə ağsaqqal deputat gənc və binəsib kürəkənə toxtaqlıq verdi: - Bu həftənin içində bu işi həll edəcəm. Gərək general Cəlalovu bu işə qatım, kömək eləsə, o edər.

Kürəkən general Cəlalovun adını eşidəndə çox sevindi. Hamı kimi o da qoca generalı yaxşı tanıyırdı, bilirdi ki, Cəlalov dövləti idarə edənlərin yaxın qohumudur, nüfuzludur, böyük iş adamıdır, bir kəlməsi iki deyil. Onun işə qatışması ilə prokuror vəzifəsi kürəkənə daha ucuz, yarı qiymətinə başa gələ bilərdi. “Yoxsa hardadır məndə 100 min manat, verib, prokuror olum, 50 güclə düzəldərəm” – deyə kürəkən düşünür, qayınatasına minnətdarlıq hissi ilə baxırdı.

***

Üç gün keçmədi ki, Sədiyar müəllim kürəkənini sevindirdi, dedi, otur maşına gəl, məni evdən götür, generalın yanına, bağa gedəcəyik.

Nemət Şubayov qəttəzə “Murano”sunu işə salmaq istəyəndə gecə yağmış yağışın qara rəngli avtomobilin damında, kapotunda və başqa yerlərində dama-dama ağ toz ləkələri əmələ gətirdiyini gördü. Gözəl maşın elə hisli-paslı, çirkli görünürdü ki, bununla nəinki generalın evinə getmək düzgün olmazdı, hətta belə maşına minmək prokuror olmaq istəyən köməkçiyə yaraşmazdı.

Ona görə də o, yaxınlıqdakı avtomobil yuma sexinə burularaq göy gözləri qaynayan yeniyetməyə dedi:

- Bir bunun üstünə su çilə. İçinə dəymə, təmizdir, eləcə tozunu yu.

Göygöz yeniyetmə su fışqıran şlanqını işə saldı. Avtomobilin bir hissəsi yuyulub bitəndə oğlan par-par yanan maşına riqqətlə baxaraq özünü saxlaya bilmədi və soruşdu:

- Əmi, bunun ili neçədi?

Nemət yeniyetməni bir az da riqqətə gətirmək, təəccübləndirmək üçün maşını ilə lovğalanmaqdan çəkinmədi:

- İli yox, qaqaş, ayı bu aydır.

Yeniyetmə uzun fit çaldı və şəhər uşaqlarının dilində dəb olan rus kəlməsi işlətdi: “Ay biləəəət, yağın içindədir ki...”

***

Yaşlı deputat kəndə yetişənə qədər yol boyu kürəkəninə xeyli tövsiyə, təlimat verdi, dedi ki, haralı olduğunu gözə soxma, onsuz da özü soruşacaq, deyəcəyik, gözü güləcək, ağsaqqal yerlibazlıqda bir candır, haqq-muzd məsələsini mən özüm sənsiz danışacam, hansı rayonda işləmək istədiyini soruşsa, de ki, gözəl vətənimizin harası olur, olsun, fərq eləməz.

Daha sonra Sədiyar müəllim nəyisə xatırlamış kimi əlavə etdi:
- Bir də sözlərini ölç-biç, çox hirsli adamdır, bir də gördün adi bir sözdən özündən çıxdı, başladı qışqırıb-bağırmağa, nəbadə reaksiya verəsən. Mən onun dilini yaxşı bilirəm, dəliliyi tutsa, özüm yola verəcəm.

Nemət başıyla əziz qayınatasının verdiyi təlimatları əxz elədiyini təsdiqlədi və kefikök halda “Murano”sunun qaz pedalını bir az da bərk basaraq fikirləşdi: “Yaxşı ki, bunu aldım, uğur gətirir”.


***

Qonaqlar kəndə çatdılar, dar-düdük kənd yolları ilə irəliləyərək qəfildən sanki prospektə çıxdılar.

Generalın hündür hasarlarla əhatələnmiş, videokameralarla təchiz olunmuş malikanəsi gendən bildirirdi ki, burada adi adam yaşamır.

Quş quşluğu ilə bu villanın üstündən uça bilməzdi. Onlar çatıb dayandılar. Sədiyar müəllim böyük dəmir darvazaların yanındakı domofon vasitəsilə lazımi izahat verdikdən, hərbi hissənin buraxılış məntəqəsinə oxşayan göztəçi otağında dəqiqləşdirmə aparılandan sonra darvazalar avtomatik olaraq açıldı.

Prokuror köməkçisi Nemət “Murano”sunu əla daş döşəməsi olan həyətə saldı. Mühafizə xidmətinin başçısı kamali-ədəblə Sədiyar müəllimə yaxınlaşıb xəbər verdi ki, general Cəlalov hazırda yatır, onu narahat eləmək olmaz, siz bu talvarın altında çay içə-içə bir az gözləyin, indilərdə oyanıb sizi qəbul edər.

Sədiyar müəllim iltifatla “eybi yox, eybi yox, gözlərik” deyə talvarın altındakı masaya tərəf getdi. Kürəkən də onun dalınca getmək istəyəndə xidmət rəisi dilləndi:

- Müəllim, bir xahişimiz var. Cəlalovun mineral suyu qurtarıb, durub istəyəcək, mümkünsə, maşınla kənddən bir kletka su alıb gətirə bilərsinizmi?

- O nə sözdür, əlbəttə, alaram, bu dəqiqə - deyə Nemət “Murano”suna tərəf addımladı. Avtomatik darvaza aram-aram açıldı, “Murano” gözdən itdi.

Sədiyar müəllim Cəlalovla söhbətin süjet xəttini beynində tam qurmuşdu. Xoş-beşdən sonra o, ilk fürsətdə generalın sovet ordusundakı xidmətlərindən dəm vuracaq, SSRİ dağılmasa, marşal ola biləciyini qeyd edəcəkdi və onların hər ikisi Qorbaçova lənət oxuyacaqdılar. – SSRİ-ni dağıtdığına görə.

Sonra Sədiyar müəllim Cəlalovun milli ordu quruculuğundakı rolunu şişirdəcək, deyəcəkdi ki, gənc zabitlər hələ də onun irsindən yararlanırlar.

Bu, Cəlalovun çox xoşuna gələcəkdi və onlar fəxrlə qeyd edəcəkdilər ki, nə yaxşı müstəqil dövlət olduq. Bunun ardından deputat mətləbə keçəcək, kürəkəninin qarnının dərdini ona anladacaq, kömək göstərməsini xahiş edəcəkdi.

Daha sonra onlar parlamentdə birgə fəaliyyət göstərdikləri illərdən, birgə getdikləri xarici səfərlərdən bəhs edəcək, maraqlı əhvalatları xatırlayacaqdılar. Lap axırda Cəlalov bu işi düzəltmək üçün nə qədər paranın lazım olduğunu təklikdə Sədiyar müəllimə bildirəcəkdi, o da bazarda olduğu kimi məzənnəni bir qədər aşağı salmaq üçün bazarlaşacaq, nəhayət, razılaşacaqdılar. İki dostun arasında belə sövdələşmələr çox olmuşdu.

***

Yuxarıdan xəbər gəldi ki, general artıq oyanıb. Mühafizə xidmətinin rəisi cəld ikinci mərtəbəyə qalxdı ki, gələn qonaq barədə Cəlalovu məlumatlandırsın. Bu dəmdə Nemət də su almaqdan qayıtdı.

Bu, onun darvazanın o tayında siqnal verməsindən anlaşıldı. Sadəcə, Nemət bir balaca hövsələsizlik elədi, qapının tez açılması üçün maşınının yoğun siqnalını bir az çox çaldırdı.

Darvaza aram-aram açılmaqda ikən, villanın ikinci mərtəbəsindəki şüşəbəndin pəncərəsi kəskin şəkildə açıldı və Sədiyar müəllim generalın ağ başını və turşumuş sifətini gördü.

O, olduqca əsəbiləşmişdi:

- Kim idi o siqnal verən? Hansı dərənin qoduğuydu o? Dədənin xarabasıdırmı ə, faşist, sən o cür siqnal verirsən? Alçaq! Vələdüzina! Dələduz!

Cəlalov hirsli-hirsli söyməkdəydi. Birdən o, sərt hərəkətlə pəncərədən çəkildi, hiss olundu ki, general aşağı düşür.

Artıq Nemət də təzə “Murano”suni həyətə salmış, talvarın yanında əyləmişdi və maşının baqajından aldığı su şüşələrini çıxarmaq istəyirdi. Cəlalov ona çatdı:

- Sən idin, ə, siqnal verən? Ə, faşist, bura sənin kəndinin çölüdür, yoxsa özünü harda hiss eləyirsən, a vicdansız? Sənnnəm e, alçaq, nə siqnallayırsan? Tərbiyəsiz!
Nemət çaşıb qalmışdı, nə deyəcəyini bilmirdi. Artıq ayağa qalxmış Sədiyar müəllim köhnə dostuna yaxınlaşmışdı və onu sakitləşdirmək üçün hüdüləyib tökürdü. Cəlalov sanki onu tanımırdı, limonu portağal yerinə yemiş uşağın turşumuş sifəti ilə eləcə söyürdü. O, Nemətin ünvanına daha bir silsilə “faşist, alçaq, vicdansız, yaramaz, heyvan, hansı dərənin küçüyü” və sair bu kimi sözlər işlətdi, amma ürəyi soyumadı. Qəfildən o, yaşına uyğun olmayan cəldliklə bir az aralıdakı ağacların dibində yerə sancılmış belə tərəf götürüldü və onu əlinə aldı. Nə Sədiyar müəllim, nə Nemət, eləcə də mühafizəçilər generalın dəmir ağızlı bel ilə nə edəcəyini proqnozlaşdıra bilmədilər. Cəlalov eyni cəldliklə “Murano”ya tərəf gəldi, qolaylanıb, maşının ön işıqlarını sındırdı. Sanki Nemətin gözlərini çıxartdılar. Sonra general maşının par-par yanan kapotunun üstünə üç zərbə endirərək üç şırım açdı və qışqırdı: - Sənsən siqnal verən? Di, al, al, al!

Cəlalov sakitləşmədi, “siqnal verənimə bax”, deyə-deyə maşının enli ön şüşəsinə bir bel zərbəsi tutuzdurdu. Maşının şüşəsi südləndi, bir hissəsi ciliklənib içinə töküldü. General avtomobilin hər qapısına bir tutarlı zərbə ilişdirdikdən sonra arxaya keçdi. Arxa işıqlar və şüşələr carranq eləyib yerə toküldülər. General “bu ayın maşını”nı dörd tərəfdən xub döyəcləyib becərəndən sonra ya qolları yoruldu, ya da hirsi soyudu, beli yerə atıb dedi: - Di, get siqnalla. Vicdansız! Faşist! Alçaq!

Sonra o söyə-söyə gəldiyi yerə qayıtdı. Sədiyar müəllim bir onun dalınca, bir sakitcə baş verənlərə baxan mühafizəçilərə, bir də doluxsunmuş, ağlamaq üzrə olan kürəkəninə baxdı, baxdı, heç nə demədi, ürəyində isə özünü bu dəlinin qapısına gəldiyi üçün yamanladı.

***

Yolboyu onların heç biri danışmadı. İstismara girdiyinin həftəsi tamam olmamış, bir dəqiqənin içində əzik-əzik olmuş avtomobili asta-asta sürərək paytaxta gətirən, yolunu tanış maşın ustasının yanından salan Nemət mənzil başına çatanda birdən nəyisə xatırlayıb dodağının altında mızıldandı:

- Göygöz oğraş!

Sədiyar müəllim elə bildi ki, Nemət gözləri göyə çalan Cəlalovu nəzərdə tutur. Amma prokuror köməkçisi cəmi iki saat öncə “Murano”ya riqqətlə baxa-baxa yuyan göygöz yeniyetməni nəzərdə tuturdu. Sanki maşının bu günə qalmasının yeganə səbəbi o yeniyetmə və onun bədnəzər gözləriydi.

19.07.2011

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG