Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:37
Kəpənək buynuzunda şəhər

Şəhərin gecə işıqlarında
üzə çıxdı
alnın qara yazıları.
Alnından oxundu
Gecələrin lənəti,
Lənətlənmiş gecə “sevgiləri”.
Küçə işıqlarından asılı qaldı
ölmüş ümidlərin.
İşıqlar qatil oldu şəhərlərdə
Azmış insanı içdən öldürdü
Gecə işıqları.

Gecədə səssizlik var,
Fikirlərdə çaşqınlıq:
-bir gecəlik sevgilər
Satılar
Topdan və pərakəndə.
Siqar kötüyü boyda olar
Kişilərin gecə sevgisinin ölçüsü.

Gecədə səssizlik var.
Susub səssizliyi dinləyər
Çaşbaş qalan köpəklər.
Hürməyə qorxub,
Pişiyi ağaca dırmaşar itlərin.
İçində ulayar
Itmiş dini, imanı
İçin-için axtarar Yaradanı.
Səhərə qədər
kəpənək buynuzlu gecə işıqları altında
təmizləyər Yaradan.
Ruhları, bədənləri, günahkar şəhəri.
Günaydın! - deyib,
Gün doğurar
Günahkarların üzünə.

Bezdirməyin Yaradanı!


E=mgh

Elm acizdi.
Alimlərə yox,
“saqqallı uşaqlara” məxsusdu
divarlara yazılan
sevgi düsturunun kəşfi.
Göyə atılan cisimlər
Yerə düşür ən nəhayətdə.

Şanslıydı Nyuton .
Həyətdə başına alma düşdü .
Almanı yer çəkdi, ağrısını baş.
Başlara edilən dualarısa,
Allah…

Özünü doğrultmadı
Yerin cazibə qüvvəsi.
Arximedin əllərini
ağırlığı qədər yüklədi
dənizdəki gəmilər.
Suyundakı cisimlərin həcmi qədər artdı
dənizin səviyyəsi.

Özünü doğrultdumu
Arximedin qanunu?!
Arximedi tanımaq belə istəmədi
dəniz sakinləri.
Öz yaratdıqlarına işlədi
onun kəşfi,.

Gəmilər üzür.
Gəmilərin yeriməyidir üzmək.
Yerimək hərəkətdə olmaqdır,
Hərəkətdə olmaq vəziyyətini dəyişmək,
Dəyişməksə enerji itirməkdi.

Enerji itmir, birindən digərinə keçir.
Düsturu:E=mv2/2
E=mgh
və .s
Düsturu tapılmadı sevginin.
Kor, ya düzdü
ürəklər arasındakı bucaq?

Elm acizdi.
Sevgi, ayrılıq.
Oğlan, qız.
Maye, qaz,
Çox, az…
Tərs mütənasibdir
əks mənalı sözlər.

Sevgi, ayrılıq.
Ayrıldıq…
Qütblərə qaçdıq;
şimal, cənub.
Müsbət, mənfi.
Özünə perpendikulyardı hər kəs
Koodinat oxunda
Özünü kəsib, özündən küsür hər kəs.
Özündən keçib,özünə qayıdır hər kəs.

Sevgi,ayrılıq.
Ayrıldıq.
Mənfi sonsuzluğa uzanırsan.
Hardasa
sonsuzluqlar da görüşür, deyirlər.
Bu yalnız ehtimaldı.
Elmsə acizdi
hələ ki.
Kim bilir,
nə zaman, nə olacağını?!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG