Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:49

Qobustanda torpaq çəkişməsi


Əlikram Cahangirov
«60 sot torpağım var, 48 sotunu da icarəyə götürmüşdüm, icarə haqqını da əvvəldən vermişdim, orada ev tikdilər. Torpaqlarımızın vergisini biz verə-verə 15 hektarını özləri əkiblər, yarısında evlər tikiblər, yarısında inzibati binalar».

«SOTUNU 1500 DOLLARDAN SATDILAR»

Qobustanın Nərimankənd sakini Əlikram Cahangirov iddia edir ki, ona verilmiş pay torpağı 2004-cü ildə yerli icra hakimiyyəti və bələdiyyə tərəfindən qanunsuz olaraq zəbt olunub:

«Bu torpaqlar 1996-cı il dekabrın 10-da bizim mülkiyyətə verilib, 2004-cü ilə qədər əkmişik, saxlamışıq. 2004-cü ildə də torpağımızı zorla əlimizdən alıb sotunu 1500 dollardan satdılar».

Qobustan rayonunun Nərimankənd kəndində 172 nəfərin mülkiyyətçi olduğu 84 hektar torpaq sahəsinin yerində indi Qobustan rayon İcra Hakimiyyəti, rayon Sosial Müdafiə Fondu, prokurorluq və digər inzibati binalar, yaşayış evləri tikilib. Ərazinin bəzi hissəsi isə hazırda boşdur. Bundan şikayət edən kənd sakinləri 2005-ci ildən yerli məhkəmələrə üz tutsalar da, idiaları təmin olunmayıb.

Nərimankəndin digər sakini Tofiq Abdullayev bildirir ki, beş ildir məhkəmələrdə çəkişsə də, müxtəlif yerlərə müraciət etsə də, xeyri olmayıb:

«Bu boyda respublikada tam yiyəsiz vəziyyətdə qalmışıq. Baxan yoxdu, rayon prokurorunun yanına getmişik, deyir «dədəndən torpaq qalıb?». Hökumətindir, hökumət də istifadə edir. Mən kimin yanına gedim? Hər yerə getmişəm, şəxsən Artur Rəsizadənin qəbulunda olmuşam, deyir torpaq sənindir, get al! Nətər alım? Gücüm çatmır axı. Prezident Aparatına gedirəm, yalandan deyirlər, «get, arxayın ol».
Tofiq Abdullayev
Gəlirəm boş-boşuna, xeyri yoxdur».

EVLƏR SÖKÜLSÜN

Sumqayıt şəhər Apelyasiya Məhkəməsi Nərimankənd sakinlərinin işlərini iki yerə ayırıb. Ərazilərində inzibati binalar tikilən altı ailə başçısına torpaq sahəsi ayrılması və dəyən mənəvi zərərin ödənilməsi əmrini verib. Torpaq sahələrində evlər tikilən 9 ailənin işi ilə bağlı isə həmin evlərin sökülməsi qərara alınıb. 2010-cu ildə verilən hər iki qərar yerinə yetirilməyib. Qərara görə, kənd sakini Sultanəli Xudaquluyevin torpağında tikilən evlər sökülüb, təmizlənib, təhvil verilməli idi, ancaq:

«O qərar olduğu kimi durub, icra olunmur. Hara gedirik, deyirlər, «əl çək bizdən», biz də əl çəkməyəcəyik, hara nə lazımdır deyəcəyik. Mənim 7 ailə üzvüm var, 57 yaşım var, işləmirəm, 1996-cı ildən işləmirəm, gözümü tikmişdim taxıl sahəsinə, onu da əlimizdən alıb satıblar».

BƏLƏDİYYƏ MÖVQEYİ

Torpaq sahələrində inzibati binalar tikilən sakinlərə torpaq sahələrinin və mənəvi zərərin ödənilməsi ilə bağlı iş Qobustan rayon Məhkəməsində davam etməkdədir.
Cavabdeh tərəf olan bələdiyyə sədri Vasif Novruzov sakinlərin torpaqlarını icazəsiz satdıqları ilə razılaşmır. O deyir ki, sakinlərlə şəhərin genişlənməsi ilə bağlı görüş olub. Orda 179 mülkiyyətçi iştirak edib. Hamısının razılığı ilə torpaq ayrılıb,
Vasif Novruzov
əkib biçiblər:

«Düzdür, sənədləşmə gecikib. Üstündən 3-4 il sonra- dövlət binaları tikiləndən sonra gəliblər ki, torpaqlarımızı geri istəyirik, sökülsün bu bina, ya da bizə 100 000- 200 000 pul verilsin».

Bələdiyyə sədri deyir ki, Nərimankənddən 3-4 kilometr məsafədə bələdiyyənin ehtiyat torpaq fondundan sakinlərə torpaq ayrılıb. Bələdiyyə sədri deyir ki, dəyən mənəvi zərər torpaq sahəsinin sotuna görə hesablanacaq:

«Məhkəmənin verdiyi qərar icra olunur, biz də icra edib torpaq sahəsi ayırmışıq. 350 manatdan 2000 manata qədər mənəvi zərər ödənir. Hərəsinin 12 sot, 24 sot torpağı var. Ümumilikdə 11 min manat veriləcək».

SOTU 20 MANATA TORPAQ

Nərimankənd sakinləri isə bələdiyyənin bu təklifləri ilə razılaşmır. Məhkəmə torpağın hər sotunu 750 manatdan dəyərləndirir, bələdiyyə sədri isə hər sotu 20 manatdan hesablayır.

Sakinlər problemləri ilə bağlı Qobustan rayon İcra Hakimiyyətinə yeni təyin olunan başçı Adil Məmmədova da müraciət ediblər. Dediklərinə görə, başçı sakinləri birinci dəfə qəbul edib eşitsə də, ikinci dəfə qəbul etməyib.
Fuad Ağayev
Üstəlik, onlar səs-küy saldıqları üçün məhkəmə tərəfindən hərəyə 50 manat cərimələniblər.

DÖVLƏT EHTİYACI DEYİLSƏ...

Hüquqşünas Fuad Ağayev deyir ki, torpaqların sakinlərin mülkiyyətində olması ilə bağlı sənədlər varsa və bələdiyyədə, icra hakimiyyətində Nazirlər Kabinetinin qərarı yoxdursa, sakinlərin mülkiyyət hüququ bərpa olunmalıdır. Qərar yoxdursa, o torpaqların mülkiyyət hüququna xitam verilə bilməz:

«Bu, dövlət ehtiyacıdırsa, gərək ərazidə dövlət əhəmiyyətli kommunikasiya xətləri, yaxud müdafiə təyinatlı obyekt, sərhəd zolağına aid obyekt olsun. Bunlar yoxdursa, torpaqları mülkiyyətçilərdən almaq olmaz. Qanunda var ki, göstərilən ehtiyaclardan başqa heç nə dövlət ehtiyacı deyil».

Hüquqşünas deyir ki, yalnız dövlət ehtiyacı sübut edildikdə, torpaqlar alına bilər. Ancaq bələdiyyənin dövlət ehtiyacı adı altında torpaq almaq ixtiyarı yoxdur.

«O, yerli özünüidarə orqanıdır, icra hakimiyyəti deyil, halbuki heç yerli icra hakimiyyəti orqanlarının da bu cür səlahiyyəti yoxdur».
XS
SM
MD
LG