Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:25

Zümrüd Yağmur "Mən necə ölüm?" (Hekayə)


“Mən intihar edəcəyəm, başqa cür mümkün deyil. Lənətə gəlsin bu həyatı, ölüm, canım qurtarsın, qoy ondan sonra bədənimlə nə edirlər etsinlər … It kimi sürüyüb hara atırlarsa atsınlar.”

Təkrar-təkrar düşünüb başını önünə əydi. Ürəyindəki boşluq onu əvvəl hiss etdiyi kədərdən də artıq yükləmişdi.

Əvvəl kədərdən, dərddən qaçırdı, indisə kədər axtarırdı. Sən demə bu boşluq daha böyük dərdmiş və o bunu indi, boşluğun ürəyinə yük olduğu vaxtda daha çox hiss etməyə başlamışdı.

Axşam düşürdü, bu gün də bir iş görə bilməmişdi, səhər evdən çıxanda az qala yoxsulluqdan xarabaya dönən evinə bir daha dönməyəcək kimi uzun-uzun baxmışdı.

Əslində baxacaq bir şey də yoxdu, çirkli, o tərəf bu tərəfi didilmiş divan, onun küncündə bir tərəfə topalanmış örtük və divarın dibində yanında ancaq bir stul olan, üstündə yemək qırıntıları dolu olan stol…

Acı-acı gülümsünmüşdü, bu mənzərəni başqa bir yerdə görsəydi yəqin ki, acıyardı, hətta boğazı da qəhərlənərdi, amma indi bunları öz həyatında yaşayıb hər gün qarşıladığından hətta adiləşib kinayə etmək üçün səbəbə də çevrilmişdi.

O vəziyyətinin acınacaqlı olduğuna, verdiyi qərara özünü inandırmaq istəyirmiş kimi hansısa sözləri də düşünmüşdü, sonra yorulub üz-gözünü qırışdırıb başını yırğalayıb qapını çəkmişdi.

Qapını bağlamadı, necə olsa evə qayıtmayacaqdı, bu gün özünü öldürəcəkdi. Daha bu evə ehtiyacı da olmayacaqdı, kirdən parçasının rəngi itmiş divana da uzanmayacaqdı.

O illərdi tək yaşayırdı, anası öləndən sonra hələ uşaqkən onu tərk edib qonşu ölkəyə gedən, uzun illər sorağı gəlməyən atasından xəbər tutmaq istəmişdi, təsadüfən öyrənmişdi ki, atası yaşadığı ölkədə əməllicə zəngin biridir, orda da uşaqları, ailəsi var.

Bunu eşidəndə atası ilə görüşmək istəməmişdi, atası onun varlığını tamam unutmuşdu, amma indi bunu əhəmiyyəti yox idi.

Tək, tərk edilmiş bütün övladlar kimi o da anasına düşgündü, anasının başqalarının həyətində, evində işləməklə gətirdiyi pulları çatdırmaq üçün necə dəfə sayıb nəyi alıb almayacağına qərar vermək üçün gözlərini bir nöqtəyə dikib durmasını da xatirindən çıxarmamışdı.

Sonra illər keçmişdi, o da hiss etmədən özünü həyatın axarına tabe etmişdi, sonra həyata marağı itmişdi, səliqəni sevdiyi halda dünyanın ən pinti adamına çevrilmişdi. Sonra qonşuların başını yelləyə-yelləyə ona nəsihət etməsini, adam olmağın sanki sərtlərini ona danışırmış kimi saatlarla mühazirə oxumasından da yorulmuşdu, evdən tezdən çıxıb axşamları da gec qayıdırdı, kimsədən nəsihət dinləmək istəmirdi.

O bununla kimsəyə həyatla bir bağlantı qurmaq istəmədiyini anlatmaq istəmişdi..

“Bu adamlara kim tapşırıb məni, nədi, elə hamı yaşayır deyə mən də yaşamalıyam, məcburdu, indi qonşunu oğlu ağıllıdır deyə mən də onun kimi ağıllı olmaq zorundayam, istəmirəm də, nədir, olmaz, istəyib istəmədiyimi sizdən soruşmalıyam. Ay adamlar, məgər siz mənə nəsihət edəndə nə istədiyimi soruşursunuz, yox, onda düşün yaxamdan” düşünürdü, təbii ki, nəzakət xatirinə qonşulara bunları söyləmirdi.

İşlədiyi binanın tikintisi qurtarmaq üzrəydi, bütün günü istinin altında işləməkdən üzünün dərisi qupquru qurumuşdu, amma əsas olan bu deyildi, əsas olan ürəyinin quruması idi, hər gün gündəlik veriləcək pulu almaq üşün muzdur kimi boynunu büküb durmaqdan bezmişdi.

Həyat budursa onu yaşamaq istəmirdi. Bir dəfə yanında işləyən, az qala belinin donğarı çıxan yoldaşına demişdi bu düşündüklərini, adam ona baxıb başını bulamışdı, sonra da naşükür olmamağı tövsiyyə edib işinin başına dönmüşdü.

İş burasında idi ki, o dediklərini nə naşükürlük, nə də nadanlıq hesab edirdi, o sadəcə içində onu tamam başqa yaşamaq, düşünməyə vadar edən arzularının, hiss etdiklərinin, əzilməklə içinə dolan kədərin, hər gün alcaldılmaqla qəlbinə dolub ordan gözlərinə axan dərdin yaşamaq istədiklərindən qat-qat ağır və böyük olduğunu anlayırdı.

Onun hiss etdikləri yaşadıqları deyildi…

Yolu keçib yanından ötən maşına baxdı, “bəlkə elə burda bitirim hər şeyi, əla olar, maşının altına atılaram” düşünüb sanki kimdənsə qəti cavab alacaqmış kimi ani gözlədi, bu arada da maşın yanından sürətlə keçib gözdən itdi, o ani qərar vermək istəyirdi.

Növbəti maşın yaxınlaşdı, o irəli atıldı, amma maşın onun bərabərinə çatanda geri çəkildi. Maşındakı ona nə isə qışqırıb əlini yellədi və o çəkilməsinin səbəbini anlaya bilmədi, o ölmək istəmidimi, nə oldu?

Bu qorxu idi, ado qorxu və indiki halda qorxu ölmək istəyinə qalib gəlmişdi.
Dişlərini sıxıb yolu keçdi, özünə acığı tutmuşdu, deyəsən belə qərar verməklə intihar edə bilməyəcəkdi…

Hara gedəcəkdi, necə intiuhar edəcəkdi, bunu qərarlaşdırmamışdı, əslində günlərdi bunu düşünürdü, ancaq hələ də hansı şəraitdə öləcəyini bilmirdir. İndi ani maşının altına yerimək istəmişdi, amma bunu edə bilmədiyindən özünə hələ də soyumamış acığı ilə sürətlə bağı keçib aralandı.

O elə bil xəstə idi, səmtirəyirdi, başı hərlənən adam kimi tez-tez də yerişini yavaşıdıb anidən də sürətlənirdi, uzaqdan hətta sərxoş olduğunu da zənn etmək olardı.

Əslində o sərsəmlədiyini çoxdan hiss edirdi, “bu həyatla bağlı çox düşünən sağlam qala bilməz, düşünməyə başladısa demək ki, sağlamlığını əldən verdi.
Hara çıxarmaq olur ki, bu həyatın ipini, heç yerə, bir yerə çıxarmaq, çıxardığın yerdə bir dirək tapıb bağlamaq olar, yox, əsla…

Həyat düşünələsi deyil, yaşanılası yerdi, yaşamağı bacarmayanlarsa özünü məşqul etmək üçün düşünməyi uydurublar.

Bax, o yanımdan ötən tox sifətli adam heç “həyat nədir?” deyə düşünür, yox, nəyinə lazım, nədirsə, nəyi qabağına çıxarırsa yaşayır, daha niyə düşünsün?! Mənim kimilərininsə məşğuliyyəti yoxdur, yoxsulluq başımızdan elə vurub ki, heç olmuşuq, heç olduqsa demək ki, özümüzə bir məna yükləmək üçün düşünməyə başlamaq lazımdır. Bunu adı da olur dərinlik.

Nə dərinliyi, sərsəmlikdir, vallah, bu dünyada kəşf edib araşdırma aparanların çoxlu pulu, yaxşı yaşayışı, tox qarnı olsaydı, tənbəllikdən yerindən tərpənib o boyda işlərə qalxmazdı, onda bu dünyada heç bir şeyi də kəşf etməzdilər, kəşf edənlərin hamısı düşünmək xəstəliyinə tutulmuş adamlardı…

Yaşamağı bacarmayanda ondan nəsə düzəltməyə çalışırsan, bu da səni aparıb hansısa böyük kəşfin yanına çıxarır. Sərsəmlik, bax, bütün kəşflərin mahiyyətində bu dayanır.”

O qarşıdakı yolu da keçib özü də bilmədən uşaqlıqda anası ilə tez-tez gəldiyi kiçik, kimsəsiz bağın yanında dayandı.

Bura niyə gəldiyin xatırlamaq istədi, hə, intihar edəcəkdi, yaxşı bu bağın edəcəyi intihara nə aidiyyatı vardı?! Elə bu sualla da bağa girib ortasında dayandı və kimsəsizlikdən məhz niyə bura gəldiyini anlayıb anasının bağda iplə ona asdığı yelləncəyin yerini xatırlamağa çalışdı. Bir az da irəlilədi, budur, həmin ağac…

Altında dayandı, anasının ona yelləncək asmaq üçün necə çalışdığını xatırlayıb başını qaldırdı. İntihar üçün yaxşı yerdi, amma yanında ipi yoxdu, nəylə asacaqdı özünü...

Ətrafl xeyli gəzdi, bir şey tapa bilmədi. Ağacın altında əyləşib başını aşağı saldı, gözü qəfil kəmərinə sataşdı, indiyə qədər bunu niyə düşünməmişdi, özünü danlaya-danlaya qalxıb belindəki könhə kəməri acıb bu dəfə də ağaça bağlamaq üçün ayağının altına qoymağa bir şey aramağa başladı.

Kötük tapmaq çətin olmadı, ayağının altına yerləşdirib üstünə qalxdı, kəməri ağacdan asıb möhkəmlətdi, yenə anasını xatırladı,”yaxşı belə erkən öləcəkdimsə anama niyə o qədər əziyyət verirdim?!

Yazıq mənim üzümdən əməllicə yemək də yeyə bilmirdi, əlinə düşəni mənə yedirirdi, indi öləcəm, yazıq anamı da bütün zəhməti boşuna gedəcək.

Kimə lazım idi mənim dünyaya gəlməmə, ona görə ki, belə gəbərim” düşündükləri boğazına qəhər kimi yığısdı, amma bu fikirlərə tabe olmaq istəmədi, etsəydi bəlkə də anasına yazığı gələrdi, onun oğluna, özünə deyil, məhz anası üçün əziz olan birini öldürməyə iradəsi çatmazdı.

Kötüyün üstünə qalxdı, kəməri boğazına keçirdi, udqunub gözlərini yumdu, indi nə qalırdı, sadəcə ayağının altındakı kötüyü az sirkələmək…”İntihar əslində tək bir insanın ölümü deyil, onun məxsusu olduğu, ya da ətrafında yaratdığı, içindəki aləmin öldürülməsidir. Hmm, yaxşı bəs mən hansı aləmi öldürəcəyəm, nəyi, məni əhatə edən aləm varmı?

Həyat illərdir məni minib çapır, nə aləmi, mən elə bu it çəmdəyinə bənzər bədənimdən başqa bir şey öldürməyəcəyəm.

Ancaq olanlar, aclıq, səfalət, düşündüklərim bitəcək və o bəlli olmayan, mücərrəd bir qaranlığa gömüləcəəm.

Ya da deyildiyi kimi çəhənnəmdə atəşlərdə yanacam, olsun, istanmışın sudan qorxusu olmaz…” düşüncələri onu qərarında möhkəmləndirdi. “Bəlkə yenə qurtula bilmədim, mücərrdə olan əslində burda olanların sonu deyil?!” bəlkələr ürəyinə dolub ölüm istəyini də zəhərlədi, gözlərini acıb kimsəsiz bağdakı sakitliyi dinləyib dərindən köks ötürdü, yox, hər halda indiki sakitlik, kimsəsizlik olacaqdı, ən azından getdiyi yerdə iyrəndiyi divan, hər gün almaq üçün əl açıb qazandığı pulları saymaq olmayacaqdı.

Təkrar gözlərini yumdu, öləcəkdi, ölüm həyatdan dəhşət ola bilməzdi. Bu düşüncəyə sarıldı, az səmtirədi və ayağınn altındakı kötük tərpəndi, o dəhşət içində boğazına keçiridyi kəmərı çıxarıb yerə yıxıldı.

“Mən ölmək istəmirəm, istəyirəm, bəs onda nə olub?” o əlini başına atıb xeyli hərəkətsiz qaldı. Üzü donuq idi, düşüncəli olduğu heç bir əzasında ifadə olunmurdu, uzun müddət belə qaldı, başını qaldırıb boş sallanan kəmərə baxdı, qorxub yerə atılmasaydı indi ordan özü sallanırdı, bunu gözlərində canlandırıb heç bir dəhşət hiss etmədi. Yaxşı bəs niyə qorxmuşdu?

Daha kötüyə qalxmadı, kəməri də ordan almadı, hətta özünü burda öldürmək istəyən birinin işinə yaraya biləcəyini də düşündü, dodağının uçunda oynaşan kinayə uzun müddət üzündə dondu və o bağdan çıxıb yorğun və təqətsiz halda yolu keçdi.

Günəş batmaq üzdəydi, hava çox isti olmasa da o tərləyib əldən düşmüşdü. Başını qaldırdı, günəşə baxmaq istədi, əlini gözünün üstünə qoydu, amma başı hərləndiyindən gözlərini yumdu.

Ürəyi qüssəli olsa da bu anda onu tam hiss etmirdi, o qədər bitkin və halsızdı ki, üzgünlüyünü belə tam dərk edib yaşaya bilmirdi.

Acdı, başının hərlənməsi artırdı, amma buna əhəmiyyət vermək istəmədi, bir az aralıdakı oturacağa oturub başını sinəsinə əydi. “İndi mən intihar edə bilsəm onda günahkar olacam, Allah məni qətu şəkildə cənnətinə layiq görməyəcək, amma burda da mənə cəhənnəm qismət edib, mən də onun cəhənnəmini özümə layiq bilmirəm.

İndi necə olsun, demək ki, Allahla bir-birimizi anlaya bilmədik, bu qədər bəsit, daha uzun-uzun mülahizələr sürüb baş sındırmaq da lazım deyil. Bəlkə baş sındıra-sındıra düşünüb fikirləşmək də lazım deyil, eləcə bu dünyanın üzünə tüpürüb yaşayasan.

Yaxşı, bəs üzünə tüpürdünsə bu üzünə tüpürdüyün nə edəcək, sakit durmayacaq, o da sənə tüpürəcək axı… Yox, tüpürənlərdən qorxur həyat, elədir, ona tüpürdünsdə demək ki, əzə bilmisən, əzdinsə demək özünə tabe edə bilmisən…

Hər nə isə, buna baş sındırmaq lazım deyil, necə olsa mən bu gün öləcəyəm, daha doğrusu mənə verilən bu ömrü Allaha qaytarıb minnətdən canımı qurtaracam.” Getdikcə tamam heydən düşürdü, başını qaldırıb ətrafa baxdı, bir az aralıda kiçik butkada bulkalar satılırdı, əlini cibinə salıb eşələdi, sonuncu qəpiyini yoxladı, çətinliklə qalxıb butkaya yaxınlaşdı, su və bulka alıb geri qayıtdı.

Axşam düşürdü, o hələ də oturduğu yerdən qalxmamışdı, səhər evdən çıxanda intihar edəcəyini qərarlaşdırsa da bunu necə edəcəyini müəyyənləşdirmədiyindən indi də nə edəcəyini bilmədən saatlardı burda oturub qalmışdı və kənardan onu müşahidə edən olsaydı öldüyünü zənn edərdi, çünki hərəkət etmədən gözlərini bir nöqtəyə dikib oturmuşdu.

Nəhayət qalxdı, deyəsən nəsə düşünüb tapmışdı, qəti addımlarla oturacaqdan uzaqlaşıb gözdən itdi.

O ancaq bir saat sonra yürüyərək piyada gəldiyi yolu bitirib istədiyi yerə çatdı. Anasının məzarını ziyat edəcəkdi, daha doğrusu o elə məzarlıqda intihar edəcəyini qətiləşdirmişdi, madəm ki, ölmək istəyirdi, onda ölülərin yanından yaxşı yer ola bilməzdi.

Məzarların arasından keçib anasının kiçik baş daşına çatıb yanında əyləşdi. Məzarın torpağı sərin idi, elə bil bir az kənardakı istilik heç burda olmamışdı, buna heyrətləndi, ölümün də belə rahatladıcı sərinliyinin ola biləcəyini düşünüb gülümsündü.

O öz iradəsinə hökm edə bilmirdi, ya da sadəcə olaraq qorxu onun bu istəyindən böyük və üstündü.Yorulduğunu hiss edib “hər şey çəhənnəmə” deyib məzarın üzərinə əyilib bədəni ilə sərin torpağı örtdü.
Elə burda öləcəkdi…

Məzarlığa qaranlıq çökmüşdü, o qərarını vermişdi, burdan tərpənən deyildi. Ölülərin yanında öləcəkdi.

Elə bu anda ondan az aralıda nəsə şıqqıldadı, o dəhşətlə dik atılıb kənara sıçradı, dayanmadan qaçmağa başladı, ayaqlarının daha heyi qalmadığını hiss edəndə məzarlıqdan xeyli uzaq olduğunu anlayıb dayandı. Tər içində idi, az qala bağrı yarılacaqdı.

O yenə ölmək istədiyi anda nəyinsə ona təhlükə olacağını zənn edərək qorxmuşdu….

…Evinin qapısıı itələyib açdı, səfalətin qoxusu onu vurdu, içəri girib otağın ortasında dayandı, divana uzanmaq istəmədi, eləcə otağın döşəməsinə oturdu.

“Əgər bu dünyada ölmək üçün minlərlə səbəbin varsa yaşamağa davam et… Amma yaşamaq üçün bir səbəbin yoxdursa demək ki, ölümə məhkumsan, yaşaya bilməzsən” düşüncəsinindən sonra sarsıldı, başını əlləri arasına alıb hönkürdü, çünki onun yaçamaq üçün bir səbəbi yoxdu, illərlə axtarsaydı, düşünsəydi tapa bilməzdi….

“Onda bəs mən necə ölüm, ölə də bilmirəm axı, nə edim?”

Səfalət qoxuyan daxmadan acı, carəsiz hönkürtü divarlardan süzülüb gecənin ölüm qoxulu soyuq bağrına yayıldı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG