Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:46

Pərviz Cəbrayıl Anarın təbrikini necə qarşıladı?


Pərviz Cəbrayıl


"AYB-yə katib gedirəm..."


Iki gün qabaq “525”də yazıçı Anarın köşəsini oxudum.

Köşə F.Qocaya ”açıq məktub” kimi yazılmışdı. “Açıq məktubun bir məqsədi də müəyyən fikirləri geniş ictimaiyyətə çatdırmaqdır”,- Anar müəllim yazır. Ancaq məktub açıq yox, həmişəki kimi sadəcə acıqlı idi.

Əminəm ki, xalq yazıçısı qardaşı Qocayla söhbətlərində bundan açıq danışır. Bu “açıq məktub”da hətta sözügedən polemikanın dərc olunduğu qəzetin adı açıqlanmır, “bəzi qəzetlər” deyilir. Yəni, “Azadlıq” sözünü dilə gətirməyin özü də bu qədər qorxuludumu? Azadlıqfobiyamı bu?

Şamo Ariflə Anarın arasında gedən atalar söhbətinə kimsəni təhqir etmədən fikrimi bildirmişəm. Şamo Arifin açıqlamaları vaxtsızdı, gecikmişdi, dövlət təhlükəsizlik idarəsinin kurasiyasında olan məsələdi və inşallah, gözəl bir gündə sandıq açılacaq.

Anar müəllimin səmimi təşəkkürünü qazanmış əziz dostum Anar Mahmudoğlunun yazısını isə (“Şamonun arifliyi” - “Azadlıq” qəzeti) söhbətə dəxli olmayan yazı kimi buldum və üzüldüm. Anar müəllimin (yazıçı) “iri” deyə təsnif elədiyi yazımda (“Monqol nekrofiliyası”) da yazmışdım ki, bu söhbətlərin ədəbiyyata zərrəcə dəxli yoxdu, ona görə də burda kimin nə boyda yazıçı olmasından həcvanə danışmağa gərək yox idi.

Şamo Arif ədəbiyyat yox, pis çıxmasın, “var-yox” söhbəti eləyir, onu bu rakursdan da, türklər demiş, “ələşdirmək” gərək idi, bir də bu söhbətin nə qədər ictimai olub-olmaması baxımından. Anar qardaşım adaşı və o biri tərəf haqda həddən artıq şişirdilmiş şəkildə danışıb.

Hətta bir anlıq mənə elə gəldi ki, o, mərhum Çingiz Aytmatovdan danışır. Yeri gəlmişkən, Aytmatovun həyatı çox faciəli, hətta deyərdim, taleyin ironiyası ilə bitdi. Ölümündən azca qabaq Bakıda oldu və ömrünün son tamaşasını burada izlədi - Mirələmovun “Xəcalət”i. Allah kimsəyə ömrünün sonunda xəcalət qismət eləməsin.


ANAR

Sözü Anar müəllimin açıq məktubundakı P.S.-ə gətirirəm. Bu “P.S.” - “Söz Ardı” qocaman xalq yazıçısı Anarın “gənc yazar Pərviz”ə iki səmimi təbrikindən ibarətdi. Təbriki oxuyanlar çaşqınlıq içindədi. Çoxu elə anlayıb ki, təbrik gerçəkdən səmimidi.

Hətta FB-də Black Kit nikli adam mənə belə yazıb: “Bundan sonra sizi də AYB-nin bir bölməsinə katiblik edən görərik...”. Baxın, özümdən və Anar müəllimin xatırlatdığı həmin o “Heydər Əliyev mükafatı”nı “təbrik” elədiyim yazıdan (“Əfv olmayacaq”. “Azadlıq” qəzeti, 12 may, 2011.) xəbərdar olan bir neçə şəxsdən savayı hər kəs xalq yazıçısının təbrikinin səmimi olduğunu düşünüb. Hətta xəbərdar olanlar da soruşur: “Bu nə işdi???”. Indi bu məktubun nəyi “açıq” oldu?

Anar müəllim “açıqca”sında yazır: “Mən Heydər Əliyev mükafatını alanda ”Azadlıq” qəzetində məni böyük alicənablıqla, qanacaqla və nəzakətlə təbrik etmişdilər. Bu təbriklərdən biri də Pərvizin idi”. Buna qarşılıq verərək də mənim MKM qalibi olmamı təbrik edir.

Anar müəllim bilmiş olar, mən “böyük alicənablıqla, qanacaqla və nəzakətlə” yox, açıq və konkret yazıram. Təbriki də, tənqidi də. Hörmətli yazar da buna cəhd eləsə, sevinərik. Barı açıq məktubu açıq yazsaq...

Xalq yazıçısı kitablarını başqasına bağışlamağımı “kitabxanamın kasıblamağı” adlandırıb, fədakarlığımı da ayrıca təbrik eləyir. Təbriklərin hər birinə təşəkkür! Ama Rəsul Rzanın, Füzulinin, Dostoyevskinin qərar tutduğu kitabxanaya kasıb demək birtəhər çıxır axı - illah da Anar deyirsə... Ata ruhu incidilirmi?

Nə isə. Anar müəllimə səmimi qəlbdən uzun ömür, can sağlığı diləyirəm. Tanrı şahidim olsun.

P.S. Təbriklərə bundan artıq təşəkkür eləməyə əlim gəlmədi.

Azadlıq.info

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG