Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:11
Redaktor bloqu

Rövşən Qəmbərov


RAFİQ TAĞININ ORXAN PAMUKU SEVMƏMƏSİNİN 3 SƏBƏBİ


...Rafiq Tağı:


"Vallah, Orxan Pamuk razılıq versə, mən onun romanlarını bir-bir qısaldıb hekayələrə çevirərdim. Konkret və lakonik danışmaq lazımdır. Ədəbi sicilləmələr, uzunçuluq heç vaxt məqbul sayılmayıb. Allah da bəşəriyyətə sözünü qısaca söyləyib".

Hekayələrini çox sevdiyim Rafiq Tağının bu fikirləri onun bu ilin martında verdiyi, elə "Oxu zalı"nda da çap edilən bir müsahibəsindəndir.

Amma Rafiq bəyin Pamuk haqda dedikləri ilk dəfə 4-5 il qabaq diqqətimi cəlb etmişdi.

Nobel mükafatı ilk dəfə olaraq Türkiyəli yazara veriləndə saytlardan biri üzdə olan Azərbaycan yazıçılarının bir neçəsinin Pamukun uğuruna reaksiyasını öyrənmişdi. Ən çox diqqətimi çəkən - Rafiq Tağının dedikləri idi:

Rafiq Tağı:

"Nobel mükafatının həmişə siyasi motivlər əsasında verildiyinə dair qənaətim daha da möhkəmləndi. Yadınızdadırsa, sovet dövründə Nobel alanların demək olar, hamısı dissident tipli yazıçılar idi: Soljenitsın, İosif Brodski, Bunin. Nobel mükafatı hansısa ölkəni dağıtmaq planının bir həlqəsidir. İndiki halda isə motiv daha pisdir: «erməni soyqırımını» qəbul etdirmək".

Düzdür, "erməni soyqırımı" kartının Türkiyəyə qarşı istifadə edildiyi, onu hansısa savaşlara qoşmaq, kimlərinsə bölgədə yürütdüyü siyasəti dəstəkləməyə məcbur etmək üçün şantaj aləti kimi "kullanıldığı" də istisna deyil.

Amma Rafiq Tağının Pamukun yazdıqlarına yox, hansısa siyasi olaylardan nəticə çıxararaq, konspiroloji nəzəriyyələrə inanaraq rəy bildirməsi, üstəlik də onunla eyni məfkurə cəbhəsində olan, avtoritarizmlə barışmamış rus yazarlarının uğuruna kölgə salmaq cəhdini heç cür anlamamışdım.


Orxan Pamuk
Elə indi də...

Axı Rafiq Tağının adını mükafata layiq yazarlar siyahısından siləndə də onun yazdqlarına qiymət vermək əvəzinə "müqəddəs dinimizə münasibətini" əsas gətirənlər olmuşdu.

Rafiq bəy də, qələm dostları da ən çox bundan məyus olmuş, qəzəblənmişdilər.

İKİ RAFİQ TAĞI

Rafiq Tağı haqqında maraqlı yazılardan birini onun hekayəçi həmkarı Əjdər Ol yazıb - özünün Portret hekayələri silsiləsində.

Məncə Orxan Pamuka münasibətində də Rafiq Tağı "ikiləşir".

Bir tərəfdən o, Azərbaycanın müstəqillik dövrünün tabularını qırmağa çalışan azsaylı yazarlardandır.

Rəhbərlər haqqında sərt məqalələr, hekayələr yazıb.

Dinçilərin yaratmağa çalışdığı tabularla razılaşmayıb.

Onun "Avropa və biz" məqaləsinə görə bir neçə il qabaq həbsə düşməsi də bu baxımdan təəccüblü sayılmamalıdır.

Rafiq Tağı millətçilik ideologiyasının gətirdiyi tabuyla da barışmayıb.

Əbülfəz Elçibəy haqqında tənqidi yazılarına görə millətçi kəsimin nifrətinə tuş gəlib.

Amma Avropanı Azərbaycana örnək göstərən, "Avropa və biz" məqaləsində "Avropa olmasaydı, dünya bəlkə hələ yenə bu qənaətdə olacaqdı ki, Günəş Yer ətrafında fırlanır. Şərq bəlkə yenə elə hesab edəcəkdi ki, Yer öküz üzərində bərqərardır." deyən yazarın söhbət Orxan Pamukun mükafat almasından düşəndə Qərbin demokratiya adı altında ölkələri dağıtmağa çalışması haqda sui-qəsd nəzəriyyələrinə inanması mənim üçün izahedilməzdir.

Əslində əgər Rafiq Tağının açıqlamalarına yox, əsərlərini əsas götürsək, onda onunla ruhən yaxın olan yazıçılar arasında Pamukun da adını inamla çəkmək olar.

Pamuk da öz ölkəsində əsrlər boyu yaranmış tabuları, müstəqillik dövründə formalaşdırılmış stereotipləri qırmağa çalışan bir yazardır.


Moskvada Brodskiyə qoyulmuş heykəl
Nə qədər görkəmli şəxsiyyət olsa da, Atatürk haqda tənqid söyləyənlərin, onun yürütdüyü siyasətin yanlışlıqlarını deyənlərin topa tutulduğu Türkiyə cəmiyyətində Pamukun tez-tez hədəfə alınması da təbiidir.

Təkcə ona görə yox ki, romanlarında quşun rəhbərin heykəlini batırması kimi təsvirlər var. Həm də ona görə ki, tabulara baxmayıb əsərlərində Türkiyədə yürüdülən məsələn, milli siyasəti sərt tənqid edir. "İstanbul" romanında dövlət orqanlarının kimlərinsə əliylə paytaxtın yunanlar və başqa millətlərin yaşadığı məhəllələrində talanlar törətdiyini açıq yazır.

Məhz Pamuk kimi ziyalıların ölkənin problemləri haqda açıq danışmasının nəticəsidir ki, son on ildə ölkədə ictimai rəy dəyişməkdədir.

Dövlət strukturlarına nüfuz etmiş, millətçi ideologiyalı terrorçu şəbəkələr dağıdılır...

(Məlum olur ki, onların bir planı da elə Orxan Pamuku aradan götürmək imiş)

Türkiyə hökuməti kürd yaraqlılarını dağdan endirmək üçün öz siyasətinə əl gəzdirir...

15-20 il qabaq ağla da gəlməyən hadisələr baş verir. Kürd deputatlar parlamentə seçilir, kürd dilində televiziya açılır...

Üstəlik də ermənilərlə barış protokolu imzalanır, Türkiyə rəhbərləri Ermənistanla diplomatik münasibətlər qurmağa, sərhədləri açmağa cəhd edirlər...

Amma Pamukun öz sözünü axıracan deyə bilməsinin, əsərləri ilə açıqlamaları arasında ziddiyyətin olmamasının bir əsas səbəbi var.


Rafiq Tağı (solda) və Samir Sədaqətoğlu "Avropa və biz" məqaləsinə görə məhkəmədə. 4 may 2007
Pamuku Türkiyədə sistemin bir hissəsi etmək mümkün olmayıb və bu indi də baş tutan sevda deyil.

O istədiyi vaxt "bavul"unu yığıb Amerikaya yollana, Kolumbiya Universitetində ingiliscə mühazirə deyib dolana bilər. Kitablarının gətirdiyi qazanc da öz yerində.

Nobel mükafatını isə bəzilərinin düşündüyütək anqlo-sakson, yaxud mason dünyagörüşü, dünya düzəni sisteminin bir parçası olanlara yox, öz ölkəsində mövcud olan və cəmiyyətin inkişafına əngəl olan sistemlə barışmayanlara verirlər.

QƏLƏM KİMİN ƏLİNDƏDİR?

Mən düşünmürəm ki, Rafiq Tağı, yaxud Pamukun Nobel almasını siyasi səbəblərlə bağlayan başqa sevimli yazıçılarım Yaşar, Orxan Fikrətoğlu türk yazara paxıllıq edirlər.

Amma o da var ki, Azərbaycan yazıçıları həqiqəti nə qədər açıq deməyə çalışsalar da, onlar ümumilikdə sistemin bir parçalarıdır.

Onların sistemdən qurtulmaq və tam azad yazıb-yaratmaq üçün nə Soljenitsın kimi ölkəni tərk etməyə həvəsləri var, nə kitabları yüksək gəlir gətirir, nə də Orxan Pamuk kimi gedib Kolumbiya Universitetində ingiliscə mühazirə deyə bilirlər.

Sonda onu da deyim ki, mən buna adım kimi inanıram:

indi yox, 50-100 ildən sonra kimsə tam tərəfsiz şəkildə Azərbaycan ədəbiyyatının tarixini yazanda yəqin ki 20-ci əsrin sonu 21-ci əsrin əvvəlində yazıb yaratmış yazıçılar arasında Rafiq Tağının adını birincilər sırasında, bəlkə də ilk olaraq çəkəcək.

Zaman ədəbiyyatda da hər şeyi yerbəyer edir.

Necə ki, biz indi sovet dövrünün rus ədəbiyyatı deyəndə gözümüz önünə birinci elə - Rafiq Tağının Nobelə layiq bilmədiyi Soljenitsın, Brodski gəlir.

İndi R.Tağı vəzifəli qələmdaşlarının kölgəsində qala bilər, amma bir gün gələcək ki, ədəbiyyat tarixini yazan qələm hakimiyyətin formalaşdırdığı yazar ierarxiyasının qulu olmayacaq və yalnız əsərlərin keyfiyyəti prinsipi ilə yazılacaq.

Yəqin o zaman elə Türkiyədə də vəziyyət fərqli olacaq - Orxan Pamuka da daha millətçilik ideologiyasının dar prizmasından baxmayacaqlar. Sadəcə, dünya ədəbiyyatında onun yeri artıq çoxdan müəyyənləşmiş olacaq.

Şərhləri göstər

XS
SM
MD
LG