Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:06

Qızıl üstündə yaşayan Arıxdamlıların məktəb arzusu


Bakının mərkəzində yerləşən, yenicə təmir edilmiş məktəb
Bakının mərkəzində yerləşən, yenicə təmir edilmiş məktəb
ARIXDAM KƏND MƏKTƏBİ NÖVBƏDƏDİR...

Bakıda metronun «İçərişəhər» stansiyası yaxınlığında yerləşən 132 və 134 saylı məktəblərin yanından ötüb Prezident Administrasiyası tərəfdə yerləşən 6 saylı məktəbə yaxınlaşıram. İki, üç il olar ki, 132 və 134 saylı məktəblər sökülüb yenidən tikilib.

Ötən ilin payızında isə 6 saylı məktəbin binası söküldü və hazırda məktəb üçün yeni bina tikilir. Üstəlik 2000-ci illərin əvvəllərində bu məktəb əsaslı təmirdən çıxmışdı.

Gədəbəyin Arıxdam kənd məktəbi isə yenidən inşa edilmək üçün 2004-cü ildən dövlət proqramında növbəsini gözləyir. Bu kəndin sakini Telman Ələkbərov isə sual edir:

«Gözdən-könüldən uzaq olanda camaatla beləmi davranmaq lazımdı?»

QIZIL ÜSTÜNDƏ YAŞAYANLARA HÖRMƏTSİZLİK

Bəzi kənd sakinlərinin narazılığını mətbuata çatdıran Telman Ələkbərov deyir ki, illərdi onların uşaqları məktəb üçün yararsız binada oxumağa məcbur qalıb. Üstəlik nəzərə almaq lazımdır ki, Azərbaycan hökuməti beynəlxalq şirkətlə birgə bu kəndin ərazisindən qızıl çıxarır. Yəni ayaqları altından qızıl çıxarılan Arıxdamlıların uşaqları uçuq-sökük məktəbin ümüdinə buraxılıblar. Telman Ələkbərov:

«2500 əhalisi olan, torpağının altından qızıl çıxan, üstündə zavod yerləşən bir kəndə bu, hörmətsizlikdir».

Telman Ələkbərov deyir, qızıl istehsalı ilə məşğul olan Beynəlxalq Mədən Əməliyyat Şirkəti yerli camaata söz verib ki, kənddə məktəb, mədəniyyət evi tikəcək. Onun sözlərinə görə, şirkət indi sözünün üstündə durub məktəb tikmək istəyir. Amma:

Gədəbəy. Arıxdam kənd məktəbi

«Amma şirkətə məktəb tikməyə icazə vermirlər».

Telman Ələkbərov deyir ki, yerli rəhbərlik məktəbdə yalnız əsaslı tikinti aparmağa icazə verib, sakinlər isə təmirlə razılaşmırlar:

«Çünki 2003-cü ildə təmir işləri aparıldı, amma bir xeyri olmadı, məktəb yenə də uçub töküldü. Məktəb elə vəziyyətdədir ki, sökülüb yenidən tikilməsə, təmirlə ələ gələsi deyil».

Məktəbin müdiri Məryəm Həsənova da sakinlərin təmirlə razılaşmadıqlarını təsdiqləyir. O da hesab eləyir ki, məktəb yenidən tikilməlidir. Onun sözlərinə görə, məktəbin yenidən tikintisi razılaşdırılıb, amma bu, bir mərtəbədə yerləşən əlavə sinif otaqları olacaq:

«Təmir məsələsi dayandı, lap köhnədən olan məktəb var, oradan 5 otaq istifadə edirdik, onlar sökülüb yerində yenisi tikiləcək».

Gədəbəy. Arıxdam kənd məktəbinin sinif otağı
«ƏSASLI TƏMİRİN NƏYİ PİSDİR Kİ?»

Gədəbəy rayon icra hakimiyyətinin arxitektura şöbəsinin müdiri Elxan Vəliyev isə AzadlıqRadiosuna deyir ki, söhbət əsaslı təmirdən gedir. Onun deməsinə görə, məktəb tikintisi üçün milyonlarla manat vəsaitə ehtiyac var, şirkət isə yalnız təmir üçün vəsait ayırır:

«O şirkətə heç kim sifariş verə bilməz ki, məktəb tik, ya təmir elə. Onlar öz ciblərindən eləyirlər. Əsaslı təmirin nəyi pisdir ki? Məktəb Təhsil Nazirliyinin balansındadır, bəlkə sabah gəlib deyəcəklər ki, torpaq ayırın yeni məktəb tikəcəyik?»

Elxan Vəliyev də deyir ki, təxminən 450 şagirdin oxuduğu Arıxdam kənd orta məktəbi yenidən inşa üçün siyahıya salınıb. Amma növbəsi nə zaman çatacaq, bunu bilmir.

Dövlət büdcəsindən Təhsil Nazirliyinə məktəb tikintisi və təmiri üçün 2005-ci ildən indiyədək 500 milyon manatdan çox vəsait ayrılıb.
Bu vəsaitdən necə istifadə edilir? Təhsil Nazirliyinin tikinti şöbəsindən bu və başqa suallarımızı cavablandırmaq istəmədilər.

Azər Mehtiyev
«HƏR CÜR ŞƏRAİTƏ MALİK MƏKTƏBLƏR YENİDƏN QURULUR»

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev isə deyir ki, məktəb tikintisinə böyük vəsaitlərin ayrılsa da bu proses tələbatların planlaşdırılması və ya uyğunlaşdırılmasından çox təbliğata xidmət edib:

«Uzun müddət fəaliyyət göstərən, uşaqların həyatına təhlükə yaradan, az qala uçub tökülən, xüsusilə kəndlərdə yerləşən məktəblərin yenidən tikilməsi unudulub, əvəzində təhsilə yararlı olan, hətta hər cür şəraitə malik məktəblər yenidən qurulur. Sonra da onların təntənəli açılışı olur».

Azər Mehtiyev hesab edir ki, bu, təhsilin məzmun və strukturunda boşluqların olduğunu, ehtiyacların düzgün planlaşdırılmadığını ehtiva edir.

Gədəbəyin Arıxdam kəndinin sakinləri isə yeni məktəb tikintisini tələb edirlər. Əks halda bildirirlər ki, sentyabrda, yeni dərs ilində uşaqlarını məktəbə qoymayacaqlar.
XS
SM
MD
LG