Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:38
«AZAD MƏTBUATIN DƏFN OLUNDUĞU GÜN»

İyulun 22-si Milli Mətbuat Günüdür. Amma ötən illərlə müqayisədə bu dəfə bayram ovqatı bir o qədər də duyulmur. Bayramlaşmalar da adiləşib, bayramqabağı və bayram günündəki tədbirlər də seyrəlib, tədbirlərdəki qələbəlik də azalıb. Səbəb?

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev:

«Artıq belə günlər Azərbaycanda azad mətbuatın dəfn olunduğu gün hesab edilə bilər. Matəm günü kimi qeyd oluna bilər. Çünki bu hakimiyyət azad jurnalistikanı məhv edib. «Əkinçi» qəzeti ənənəsindən, Zərdabinin qoyduğu təməldən, onun ruhundan uzaqlaşmışıq. Bu gün hakimiyyət də Zərdabinin qəbri üstünə əklil qoymuşdu. Bu, artıq formal xarakter daşıyır. Bunun azad media ilə heç bir bağlılığı yoxdur».

«BU GÜN AZƏRBAYCANDA DİRİ MƏTBUAT YOXDUR»

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev belə deyir:

«Jurnalistika keyfiyyətcə aşağı səviyyədədir, süni buxovlar içindədir. Belə şəraitdə - jurnalistin, peşənin reputasiyasının korlandığı vaxtda, həm kütləvi informasiya vasitələrinin, həm jurnalist təşkilatlarının vəziyyətinin son dərəcə məhdudlaşdığı şəraitdə indiki əhval-ruhiyyə başa
Bəhruz Quliyev
düşüləndir».

«BAYRAMLAR YUBİLEYLƏRDƏ HİSS OLUNUR»

İqtidaryönlü «Səs» qəzetinin redaktoru Bəhruz Quliyev isə bayram ovqatının hiss olunmamasını başqa şeylə izah edir:

«Tək mətbuat bayramı yox, başqa bayramlar daha çox yubileylərdə hiss olunur. Yəni 130, 135, 50, 80, nə bilim. Yubileylər möhtəşəm keçirilir. Ötən il Milli Mətbuat Gününün möhtəşəm keçirilməsi ilə bağlı cənab prezidentin sərəncamı vardı. Ona görə də bütün qurumlar buna qoşuldu. Möhtəşəm bayram yaşandı. Bu il isə 136-cı illiyidir. Buna baxmayaraq, pis deyil, yenə də qeyd olunur».

O ki qaldı azad mətbuatın ölməsi haqda söylənənlərə, Bəhruz Quliyev deyir ki, bu, yanlış yanaşmadır:

«Mətbuat ölüdürsə, onda biz ölü canlarıq? Bu, qeyri-obyektiv fikirdir. Obyektiv yanaşma o olardı ki, desinlər: mətbuat yaşayır, inkişaf edir. Heç bir dövlətdə yoxdur ki, dövlət jurnalistlərə mənzillər versin, fond yaradılsın. Fonddan da yardımlar verilsin, müxtəlif layihələrə pul verilsin».

«50 NƏFƏRƏ EV VER Kİ...»

Arif Əliyev
Arif Əliyevin bu deyilənlərə cavabı belədir:

«Hökumət elə bilir ki, mediaya şərait yaratmaq jurnalistə ev verməkdir, 20 dənə KİV-ə pul paylamaqdır, 100 jurnalistə əməkdar adı verməkdir. Xeyr! Bütün bunlar müstəqil jurnalistikanı öldürən əlamətlərdir. Mediaya şərait yaratmaq üçün reklam bazarını ideoloji nəzarətdən buraxmaq lazımdır. Ermənistanın çap kütləvi informasiya vasitələrində adambaşına illik düşən reklam gəliri 77 sentdir, Azərbaycanda 18 sent. Bəlkə bizim jurnalistlər bacarıqsızdır, bəlkə pulumuz azdır? Bir şey qalır – ideoloji müdaxilə. Sən mənim reklam bazarımı kəs, KİV-in yayılması üçün imkanları kəs, o tərəfdən də 50 nəfərə ev ver ki, mən sənin inkişafını düşünürəm?».

«QURBAN ONA PROBLEM YARADANI SEVMƏYƏ BAŞLAYIB»

Arif Əliyevə görə, yaranmış durumda başlıca günahkar siyasi hakimiyyətdir. Onun hər şeyə şəriksiz nəzarət etmək istəyidir:

«Amma bununla yanaşı, mətbuat da bu reallığa boyun əyib. Azərbaycan mətbuatında «Helsinki sindromu» (bəzi mənbələrdə buna «Stokholm sindromu» da deyirlər - Ş.B.) yaranmaqdadır. Yəni, qurban ona problem yaradanı sevməyə və onun qoyduğu şərtlərə tabe olmağa başlayıb».

Azərbaycan mətbuatının bu günündən narazı olan Mehman Əliyev isə ümidsiz də deyil. O, azad sözün gələcəyini internetdə görür. Deyir ki, insanın azad sözə ehtiyacı onu həmişə yeni meydan axtarmağa sövq edir. Artıq bu, görünür.
XS
SM
MD
LG