Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:03

Məktəb tikintisində mənimsəmə aşkarlanıb


Foto: Arxiv
Foto: Arxiv
Azərbaycanda məktəblərin tikintisində yol verilən qanun pozuntuları ilə əlaqədar cinayət işi başlanıb.

Məlumatı Baş Prokurorluq yayıb.

Məlumatda bildirilir ki, bir sıra məktəblərdə Baş Prokurorluq və Maliyyə Nazirliyi araşdırmalara başlayıb. Araşdırma zamanı Suraxanı qəsəbəsindəki 85 və Mərdəkan qəsəbəsindəki 123 saylı orta məktəblərin 2006-cı ildə tikintisi zamanı ciddi qanun pozuntularına yol verilməsi müəyyən edilib.

85 saylı məktəbin divarlarında çatların olması, sinif otaqlarının bir qisminin döşəməsinin taxtalarının çürüməsi aşkar edilib. Bundan əlavə, layihədə nəzərdə tutulmasına baxmayaraq, su anbarları, ventilyasiya sistemi və sinif otaqlarının döşəmə hissəsində beton təbəqəsi faktiki inşa edilməyib. Araşdırmada müəyyən edilib ki, smeta dəyəri 341 min 965 manat olan 85 saylı məktəbdə iş həcmini «Azərbərpa» MMC 35 min 261 manat şişirdib. 11 min 666 manat həcmində isə iş faktiki görülməyib və həmin pullar mənimsənilib.

123 saylı məktəbin divarlarında da çatların olması müəyyən edilib. Taxta döşəmənin altına beton qatı verilməyib, havalandırma ilə təchiz olunmayıb. 849 min 821 manat smeta dəyəri olan bu məktəbdə isə «Ramil» müəssisəsinin iş həcmini 50 min 359 manat şişirtdiyi bildirilir. Məlumatda qeyd edilir ki, 28 min 793 manat isə mənimsənilib.

Tikinti işlərini həyata keçirmiş «Azərbərpa» MMC və «Ramil» firmasının vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (külli miqdarda mənimsəmə və israfetmə) maddələri ilə cinayət işi başlanıb.

TƏHSİL NAZİRLİYİNİN MÖVQEYİ

Təhsil Nazirliyi Əsaslı Tikinti İdarəsinin sektor müdiri Elman Əzimov deyir ki, Təhsil Nazirliyinin sifarişi ilə inşa edilən məktəblərin hamısı çox yüksək səviyyədə tikilir:

«Təhsil Nazirliyi sadəcə, Nazirlər Kabinetinin sərəncamını icra edir, tender keçirir. Hacıbala Abutalıbov başda olmaqla torpaq sahəsi ayrılır, sənədlər ekspertizadan keçirilir. Fövqəladə Hallar Nazirliyi başda olmaqla tikinti başa çatdırılır və Təhsil Nazirliyinə təhvil verilir. Tək bir deyil, bir sıra dövlət qurumları bu işlərin inkişafına nəzarət edir. Obyekt istismara verilən vaxt aydın məsələdir ki, bütün aidiyyəti qurumlar möhürləyib, imza atırlar. Məktəblərin tikintisində istifadə olunan taxtalar Azərbaycanda istehsal edilmir ki. Məsələn, Rusiyadan gətirilir, gömrükdə keyfiyyəti yoxlanılır. Biz də ondan döşəməyə vururuq. Hər otaqda döşəmədən 1 və ya 2 kvadrat metr yer çürüyüb. Belə hal evdə də olur».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG