Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:02

Qəzetlər Milli Mətbuat Günündə nə yazır?


Mətbuat icmalı
Mətbuat icmalı
MÜBARİZ İBRAHİMOV «MİLLİ QƏHRƏMAN» OLDU

2010-cu ilin iyununda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən atışmada həlak olmuş gizir Mübariz Ağakərim oğlu İbrahimova «Azərbaycanın Milli Qəhrəmanı» adı verilib. Prezident İlham Əliyevin bu barədə sərəncamı «Azərbaycan» qəzetinin 22 iyul sayında dərc olunub. Sərəncamda deyilir ki, Milli Qəhrəman adı Mübariz İbrahimova «Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə» verilir.

Bundan başqa, prezident Əliyev Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsini əbədiləşdirmək üçün də sərəncam imzalayıb. Sərəncamda deyilir ki, «Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin; Biləsuvar rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin».

PREZİDENTƏ MİNNƏTDARLIQ MƏKTUBU

«Azərbaycan» qəzeti Füzuli rayon ictimaiyyətinin nümayəndələri adından Prezident İlham Əliyevə minnətdarlıq məktubu da dərc edib. Məktubda rayonunun bir neçə kəndinin sakinləri dövlət başçısına cəbhə bölgəsində yaşayan əhaliyə göstərdiyi «hədsiz qayğı və diqqətə, son dərəcə isti və doğma münasibətə görə bütün rayon sakinləri adından minnətdarlıq bildirir»:

«Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında» imzaladığınız 13 iyul 2011-ci il tarixli Sərəncam bölgədə əsl bayram əhval-ruhiyyəsi yaratmışdır. Sərəncama əsasən, 16 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əhmədbəyli-Alxanlı-Zobucuq avtomobil yolunun tikintisi və yenidən qurulması üçün dövlət büdcəsindən 7 milyon manat vəsait ayrılmışdır.

MİLLİ MƏTBUAT GÜNÜNƏ

22 iyul - Milli Mətbuat Günüdür. Bu münasibətlə həm rəsmi, həm də müxalifət qəzetlərində məqalələr dərc olunub.

«İlin ilk 6 ayı media üçün gərgin keçib»
«Yeni Müsavat» qəzetində «İlin ilk 6 ayı media üçün gərgin keçib» başlıqlı yazı dərc olunub. Yazı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) 2011-ci ilin birinci yarısında ölkədə söz azadlığının vəziyyətinə dair açıqladığı hesabatı əsasında hazırlanıb. Hesabatda deyilir ki, 2011-ci ilin 6 ayı Azərbaycanın müstəqil kütləvi informasiya vasitələri və media nümayəndələri üçün problemlərlə müşahidə olunub:

«6 ay ərzində Cinayət Məcəlləsinin həbs nəzərdə tutan 147 (böhtan) və 148-ci (təhqir) və adətən qurama işlərdə istifadə olunan, narkotik, xuliqanlıq, fərariliklə bağlı maddələri ilə 7 iş üzrə məhkəmə prosesi keçirilib. Bu iddialardan 2-si üzrə həbs cəzası hökmü çıxarılıb, 1 iddia üzrə proses davam edir, 1 iddia təmin edilməyib, 1 iddia üzrə tərəflər barışıb, 1 iddia üzrə cavabdehə xəbərdarlıq edilib, 1 iddia üzrə isə cavabdehin cərimə ödəməsi və təkzib verməsinə hökm verilib.

Hesabat dövründə KİV-lərə və jurnalistlərə qarşı 52 halda təzyiq faktı qeydə alınıb. Bu halların əksəriyyəti jurnalistlərin qanuni peşə fəaliyyətlərinin qarşısını almaq məqsədi daşıyıb. Habelə 2006-cı ildən («Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev oğurlanaraq işgəncəyə məruz qoyulandan sona ölümcül vəziyyətdə şəhərin kənarında atılmışdı) sonra arada xeyli fasilə olsa da, 2011-ci ildə yenidən jurnalistlərin naməlum şəxslər tərəfindən oğurlanaraq işgəncələrə məruz qoyulması kimi pis təcrübə qeydə alınıb».

DEPUTATLAR HARADA DİNCƏLİR?

«Bizim yol» qəzeti «Deputatlar məzuniyyət pulunu harada xərcləyir?» başlıqlı yazı dərc edib.

Deputat Yevda Abramov deyib ki, tətil müddətində Quba və Qusarda olur, seçicilərlə görüş keçirir: «Hərdən vaxtım olanda dənizə gedirəm».

Deputat Fəzail Ağamalı deyib: «Hələ bağdayam. Amma hazırlaşıram ki, sabah (yəni bu gün) Qəbələyə gedəm».

Deputat Hadi Rəcəbli deyib ki, hazırda Lənkərandadır. O, əlavə edib ki, Azərbaycanda istirahət üçün gözəl imkanlar var.

Yazıda bəzi deputatların istirahəti xaricdə keçirdiyi də qeyd olunur. O da vurğulanır ki, məzuniyyət müddətində deputatlara təxminən 5 min manata yaxın pul verilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG