Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:36

Rafiq Tağı Tolstoyu xilas etdi


Belarusda Qulliverin heykəli
Belarusda Qulliverin heykəli
1963-cü ildə “Komsomolskaya Pravda” qəzeti oxucuları arasında böyük bir sorğu keçirmişdi. Sorğuda verilən sual bu idi: “Marsa getsəydiniz, özünüzlə hansı kitabı aparardınız?”.

Oxucuların böyük əksəriyyəti Ostrovskinin “Polad necə bərkidi?” əsərini seçmişdilər. Sovet dövründə bu tip sorğular çox populyar idi. Oxucuların da böyük əksəriyyəti rejim ideologiyasına uyğun gələn kitabların adlarını çəkirdilər.

Həm alternativ çox az idi, həm də bu tip kitablar çox populyar idi. Sovetlərin dağılmasından sonra, həm bütün postsovet ölkələrində, həm də Azərbaycanda kitaba maraq azaldı.

Uzun illər davam edən durğunluqdan sonra, son illər ölkəmizdə də kitab sektoru inkişaf etməkdədir. İndi oxucular təkcə xarici müəllifləri deyil, yerli yazıçıların da əsərlərinə maraq göstərirlər.

Kitab yenidən aktuallıq qazanmağa başlayıb. Bunu nəzərə alaraq, yazıçılar, ictimai xadimlər arasında balaca bir sorğu keçirmək qərarına gəldik. Maraqlıdır, onlar oxuduqları kitablar arasında yalnız bir kitabı seçmək məcburiyyətində qalsaydılar, hansı kitabı seçərdilər?

Yazar Rafiq Tağı deyir ki, onun seçəcəyi kitab Lev Tolostoyun “Hərb və Sülh” əsəri olar. Bunun səbəbini isə yazıçı belə izah etdi: “Həyatımızın özü əslində hərb və sülhdən ibarətdir. Yəni, hər zaman müharibə sülhlə əvəzlənir. Bunun da ən gözəl, ən fəlsəfi, poetik şəkildə təsviri Tolostoyun “Hərb və Sülh” əsərində verilib”.

Milli Kitab mükafatının qalibi, yazıçı Pərviz Cəbrayıl isə deyir ki, o belə bir məcburiyyət qarşısında qalsaydı, seçəcəyi kitab Dosteyevskinin “İdiot” əsəri olardı, çünki bu kitabda ideal insan obrazının yaradılmasına cəhd var:

“Ümumilikdə Dostyevskinin yaradıcılığını çox sevirəm, amma konkret seçim qarşısında qalsam, “İdiot” əsərini seçərdim. Dediyim kimi, bu kitabda ideal insan obrazının yaradılması təşəbbüsü var. Bu səbəbdən də, bu əsərə xüsusi üstünlük verirəm”.

Erkin Qədirli

Hüquqşünas Erkin Qədirli seçim etməkdə çətinlik çəkdiyini deyir: “Mənim üçün hər kitabın öz əhəmiyyəti var. Bu səbəbdən də oxuduğum kitablar arasında xüsusi bir kitab seçə bilmərəm”.

“Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı isə deyir ki, onun üçün belə bir suala cavab vermək çox çətindir, amma məcburiyyət qarşısında qalsaydı, seçəcəyi kitab “Qulliverin səyahəti” olardı: “Bu kitabı bir neçə dəfə oxumuşam və mənə çox böyük təsir göstərib. Kitabın həm satirik, həm fəlsəfəsi tərəfləri onu mənə sevdirib. Əsərdə Yahoo obrazı var.

Mən o “Yahoo”larla hər gün Azərbaycanda qarşılaşıram. Kitabdakı təvsirlər mənə çox tanış gəlir. Dediyim kimi, oradakı mənzərələri mən Azərbaycanda hər gün görürəm.

Məsələn, əsərdə yumurtanın hansı küncündən sındırmaq uğrunda mübarizə aparan xalqlar var. Bu əslində günümüzdəki azərbaycanlılarla ermənilər arasındakı müharibəyə çox oxşayır.

Çünki biz də elə təxminən yumurtanın hansı küncündən sındırmaq uğrunda bir – birimizi qırırıq. Çox dərinə getmək istəmirəm, qısaca deyim ki, 38 ildə gördüyüm, yaşadığım bir çox mənzərələri mən bu kitabda tapmışam. Buna görə də mənim üçün çox əziz bir əsərdir”.

Yazıçı Seymur Baycan isə geniş danışsa da, konkret hansısa kitabın adını çəkmədi: “Mən konkret kitab adı deyə bilmərəm. Yalnız şərh edə bilərəm. Bir dəfə Asif Ata ətrafındakılara deyib ki, oxumağa 50 dənə kitab var.

Seymur Baycan

Ətrafındakılar da deyib ki, həmin kitabların siyahısını ver biz də oxuyaq. O da deyib ki, hər insanın özünün seçdiyi kitablar olur. Hər kəs 2-3 dəfə düşünəndən sonra, özünün ələdiyi, seçdiyi kitabları olur.

Mən özüm də vaxtilə bu mövzuda yazı yazmaq istəyirdim. 5-6 adama müraciət etdim ki, xoşladıqları 30 kitabın adını desinlər. Bizim siyasətçilərdən də birinə müraciət etdim. O dedi ki, siyahı verə bilməz,

Çünki bununla başqalarına təsir edə bilər. İkincisi də dedi ki, seçilmiş kitab seçilmiş qadın kimidir: “Mən onu nəyə görə seçdiyimi bilirəm, bunun hansı hiss olduğunu , hansı yeməkləri nə vaxt bişirdiyini bilirəm və s”.

Yəni, bu biraz intim məsələdir. Həmdə ki, hansı kitabı hansı yaşda, hətta harada oxumağın öz əhəmiyyəti var. Buna görə də konkret kitab adı deyə bilmərəm”.

Pərviz Əzimov
ANN.Az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG