Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:57

Hərbi komissarın müavini barəsində cinayət işi başlanıb


Azərbaycanda daha bir hərbi komissarlıq işçisi barəsində cinayət işi başlanıb.

Bu barədə «APA»ya hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, Qəbələ rayon hərbi komissarının müavini, polkovnik-leytenant Şamil Teymurov xidmət üçün yararsız olan vətəndaşları hərbi xidmətə göndərməkdə günahlandırılır.

Respublika Hərbi Prokurorluğu tərəfindən Ş. Teymurova qarşı Cinayət Məcəlləsinin 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qəbələ rayon hərbi komissarı Aydın Namazov «APA»ya açıqlamasında faktı təsdiqləyib. Lakin o, Ş. Teymurovun günahsız olduğunu deyib, ona qarşı irəli sürülən ittihamı əsassız adlandırıb:

«Çağırışçıların hərbi xidmətə yararlı olub-olmadığını həkim müəyyən edir. Burda Şamil Teymurovun heç bir günahı yoxdur».

2011-ci il yanvarın 27-də Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclası olub. Orada verilmiş tapşırıqlardan sonra Respublika Hərbi Prokurorluğu bir sıra hərbi komissarlıqlarda yoxlamalar aparıb. Bir müddət əvvəl Bakının Binəqədi və Suraxanı rayonlarının, habelə Sumqayıt, Gəncə şəhər və Füzuli rayon hərbi komissarlıqlarında da korrupsiya faktları aşkar edilib.

Bir neçə rayonun hərbi komissarı və komissarlıq işçiləri həbs ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG