Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:28

Flora Kərimova: «İmkanım olsaydı... həyatımı korreksiya edərdim!»


Flora Kərimova, 20 iyul 2011

Flora Kərimova, 20 iyul 2011

«Axır vaxtlar özümə mahnılardan tumar tutmuşam».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına üç gündən sonra yubiley yaşını qeyd edəcək Flora Kərimova söylədi. Dedi ki, son vaxtlar təzə mahnılar yazdırmağa meyli artıb:

«Dünən «Next» qrupu ilə gözəl bir mahnı yazdırdım. Məndən çıxmayan iş! Elə bir diringili mahnı çıxdı ki! Tam müasir. Özüm məəttəl qaldım. Minayə xanımın Sona xanımın sözlərinə yazdığı «Əfsanəvi məhəbbət» mahnısını da oxudum. «Mənim-mənim» də sonuncu mahnılarımdandır. Musiqisi Hatəmin, sözləri İkram Əliyevindir. Nə isə, axır vaxtlar özümə mahnılardan tumar tutmuşam».

70 İLİM MƏNİM ÜÇÜN BÖYÜK QAZANCDIR

AzadlıqRadiosunun «Yubiley görmək yəqin ki, böyük xoşbəxtlikdir. Hansı ovqatdasınız» sualına cavabında Flora xanım bunları söylədi:

«Bilmirəm xoşbəxtlikdir, ya yox? Amma hər ilim—70 ilim mənim üçün böyük bir qazancdır. Ağrılı, sözlü-söhbətli, çox suallı, narazılıqlı, Tanrı ilə savaşlı... Bütün bunlara baxmayaraq, yaşadığım illər mənim qazancımdır. Çünki mənim istədiyim adamların yanında olmaq, övladlarımı böyütmək imkanım olub, onların xoş günlərini görmək qismətim olub. İndi bircə arzum qalıb—qız nəvəmi görmək».

TALEYİM QƏRİBƏDİR...

Müharibənin başlanmasından bir ay sonra doğulduğunu söyləyən Flora xanım bu tarixin artıq bir işarə demək olduğunu iddia etdi:

«Müharibə 45-də qurtardı, amma mənim müharibəm indiyə qədər davam edir! Deyirlər ki, bu da bir işarədir həyatda. Bakıda—o vaxtlar Krupskayanın adını daşıyan xəstəxanada doğulmuşam. Elə oldu ki, qızım da orda dünyaya gəldi. Düzdür, doğum şəhadətnaməmdə Qəbələ yazılıb. Amma mən nəslimizin Bakıda doğulan ilk ziyalılarındanam».

SEVGİ MAHNILARINDA YANĞI ÇƏKMƏMİŞƏM!

«Məhəbbətdən oxuduğum mahnılarda yanğı çəkməmişəm. Çünki özgələrini oxumuşam».
F. Kərimova həmişə mahnılarında özgə hissiyyatını, arzularını, özgə dərdini oxuduğunu bir daha təkrarladı:

«Onların içində bioqrafik mahnım çox az olub. «İlahi» mahnısıdır, indi oxuduğum «Mənim, mənim» mahnısıdır, sonra «Əzəl gündən dünya yalan dünyadır. Ucuz alan, baha satan dünyadır» mahnısıdır... Bunlar həyatda yaşadığım hislərdir. Amma məhəbbətdən oxuduğum mahnılarda yanğı çəkməmişəm. Çünki özgələrini oxumuşam. Şəxsi həyatımda məmnun olmuşam, xoşbəxt sözü bilmirəm nədir. Məmnun və bütöv olmuşam. Odur ki, itkilərdən başqa şəxsi həyatımdan gileyim yoxdur».

İMKANIM OLSAYDI... HƏYATIMI KORREKSİYA EDƏRDİM

Flora xanım imkanı olsaydı, həyatını korreksiya (müəyyən düzəliş) edəcəyini də istisna etmədi:

«Əvvəllər o korreksiyaya da yaxın durmurdum. Deyirdim yox, təzədən yaşayardım. Ancaq o həyatı təzədən yaşamaq zordur! Çox zordur!».

«Bəs nəyi korreksiya edərdiniz» sualını belə cavablandı: «Qüdrətim çatmır deyə, hansı anları edərdim fikrində də olmamışam. Amma eləyərdim... Məni yandıran, kürəyimi qovuşduran, başımdan tüstü çıxaran anlarımı, dözümsüz anlarımı... Nə yaxşı ki, gündüzlə növbəti gündüz arasında gecə var idi. O gecə olmasaydı, insan səhərə azacıq ümidlə oyanmazdı».

YUBİLEY KONSERTİ... OLMAYACAQ

Flora xanım bir dinləyicinin «Yubiley konserti olacaqmı» sualını belə cavabladı:

«Ay sizə qurban olum, kimdir mənə yiyə duran? Adım çəkiləndə, keçmiş siyasi fəaliyyətimə görə hamı məndən qaçır. Yuxarılarda hamı mənim mahnılarımı sevir. Görəndə, münasibətlərini bildirirlər. Amma yaxınlaşmağa qorxurlar ki, deyərlər siyasətçi Floraya baş qoşub. Keçmişimi bağışlayırlar, amma addım atmağa qorxurlar. Mən də elə bir durumda deyiləm ki, yaşadıqlarıma görə üzr istəyəm».

--Flora xanım öz səsindən nələr danışdı? Səsinin tembrini necə təhlil etdi?

--Hansı şöhrətli bəstəkarın «sənin səsindən yoxdur» sözünü ilk dəfə dilə gətirdi? Kimə təşəkkür etdi, kimə Allahdan rəhmət dilədi?

--Öz uşaqlığından nə danışdı?

--Flora xanımın arzulanmaz uşaq olduğunu desəm, inanarsınızmı? Atası niyə qızının dünyaya gəlişini istəmirdi? Anası niyə onu bətnində yox etmək istəyirdi?

-- Proqrama gələn mesajlar necə cavablandı?


Sevimli müğənnini öz dilindən eşitməyin ayrı ləzzəti var. «Can Bakı» qarşınızdadır.

Şərhləri göstər

XS
SM
MD
LG