Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:41

“Meşə qardaşları” dəstəsinin sonuncu həbs olunan üzvü 15 il həbsxanada qalacaq


Bakı Ağır Cinayətlər Məhkəməsində “Meşə qardaşları” adlandırılan dəstənin fəallarından olduğu iddia edilən Samir Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Məhkəmənin hökmü ilə Samir Mehdiyev cəzasının 2 ilini qapalı rejimdə çəkmək şərti ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı məhkəmədən Samir Mehdiyevin cəzasının 3 ilini qapalı rejimdə çəkməklə 15 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Samir Mehdiyevin üzvü olduğu dəstə 2008-ci il avqust ayının 17-də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Əbu-Bəkr” adı ilə tanınan “Cümə” məscidində partlayış törətməkdə ittiham olunur. Belə ki, məscidə atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 18 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib.

MTN-in istintaq-əməliyyat tədbirləri nəticəsində dəstə üzvü iddia edilən 26 nəfər həbs olunsa da, həmin vaxt Samir Mehdiyevin gizli yollarla Pakistana qaçdığı bildirilirdi. 2010-cu ilin yanvar ayında MTN-in əməliyyat məlumatı əsasında Samir Mehdiyev Pakistan ərazisində saxlanılıb. 2010-cu il martın 16-da o, Azərbaycana gətirilib.

“Meşə qardaşları” adlandırılan dəstənin üzvləri ittihamlar üzrə özlərini təqsirli bilməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG