Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:22
BİR BƏDƏN ŞEİR

Ayaqlarımın üstündə bir bədən şeir gəzdirirəm ,
Necə ağırdı , heç kim bilmir.
Sevgi düşüb gözlərimdən ,
Halsız düşüb , qalxa bilmir .
Təsəlli buralara küçə-küçə yovuşur ,
Küçə-küçə yoluxur , doğmalaşır.
Təsəlli quyusudu qadınsız evlər .
...və hamı susur...və heç kim heç nə bilmir...
Üfüqlər soyumaqdaykən ,
Mən qəmli bir gecə ərəfəsini xatırladım.
Əqrəblər 12-in üstündə cütləşirdi .
Yoxsul bir dayanacaqda
Xəfif geyimli , mavi donlu bir qızcığaz durmuşdu.
Avtobus gözləmək və ağlamaq...
Bir də bu an yağış yağsın ...
Ən kiçik yağış damlası qızcığazın kipriyinə qondu .
...və mən...mən ağladım...
Ağladım səhərə qədər , bilmirəm niyə.
Bəlkə , o yağışı sevdiyimdən ,
Bəlkə də , o qızı sevmədiyimdən.
Şübhəlidi , heç kim bilmir.
Düzünü desəm ,
o qızın kim olduğu ,
Nə üçün ağladığı
Mənə heç vaxt maraqlı olmayıb.
Çünki , özümün kim olduğumu ,
Nə üçün ağladığımı
Hələ də bilmirəm.
Hara baxır buraların tanrısı ?!
Çox qəribədi , heç kim bilmir.


İÇ

İç , əfəndim , iç .
Badələr gözyaşı dolub , için-için.
Sərxoş edir adamı ağlamaq ,
Baş ağrıdır.
Ağlayanın gözlərində titrəyir göyüzü.
Onlar var haa , onlar .
Nütfə-nütfə insanları deyirəm.
Biz ağlarkən çox güldülər.
"Noolar , gülməyin" , - dedik.
Yıxılana gülməzlər.
Uşaq idik...
Tutacaqlara əlimiz çatmırdı...
Miskin idik...
Yıxıldıq...
Güldülər...
Hələ onda səmalarımız aydın ,
Əllərimiz günahsız idi.
Hələ onda dizlərimiz bükülməmişdi.
Dua qədər təmiz idik.
Biləyimizə göz muncuğu bağlamışdılar.
Tutacaqlara əlimiz çatmırdı...
Yıxıldıq...
Çox ağrıtdı...
Ağladıq...
Güldülər...
"Noolar , gülməyin ,əmilər" ,- dedik.
Uşaq idik...
Yıxıla-yıxıla böyüdük.
Böyüyə-böyüyə ağladıq.
...və ağladıqca güldülər...
İç , əfəndim , iç.
Doydum demə.
İç , əfəndim , doymayınca.
Havadan da havayıdı gözyaşı.
İç , lənətə gəlsin bütün gülüşlər.
Onlar var haa , onlar .
Nütfə-nütfə insanları deyirəm.
Önümə keçib
" Niyə içirsən ? " , - soruşdular.
"Böyüyün yoxmu sənin ?"
"Kimsən yoxmu sənin ?"
"Tanrın yoxmu sənin ? " ,- soruşdular...
Bilirsən , nə cavab verdim ?
Bilirsən , nə ?...
Nə isə...
Keç , əfəndim , keç.


KÖKSÜM QƏDƏR TƏNHAYAM

Darıxdınsa ,oxu .
Bildiyin ən qəmli mahnını oxu mənə.
Üzüm içi içindən , dışı dışından bezmiş
Məhbus üzünü xatırladır.
Dizlərim yolun yarısını qucaqlayanda
Başımı qoymağa çiyin gətir.
Bir udumluq eşq tüstüsü gətir , içimə çəkim.
Göyüzü gətir , üzündən öpüm.
Göyüzünə baxım , anamın üzü yadıma düşsün.
Körpü gətir , məsudca adlayım ayrılığın üstündən.
Heçkimli halına "caan.." deyib acıyım.
Canım ağrıyır , əfəndim
Canım ağrıyır və gözlə görülməyəcək ,
Əllə tutulmayacaq qədər şairəm bu an.
Köksümə qədər işıqsızlığa batmışam.
Köksüm qədər tənyaham.
Bacarsan , tapa bilsən ,
Bir ləyən xoşbəxtlik gətir ,
Əlimin-üzümün kədərini yuyum.
Bax bir dəstə qüssə keçdi başımızın üstündən.
Sərhədi keçərkən vurulan qaranquşun
Nəşi bu yanda , son anda gözlərindən qopmuş
Ümidi isə o biri yanda yerə düşür.
Oxu , darıxıram.
Köksümə sığınmışam.
Köksüm qədər tənhayam...


HEÇ NƏ

Məktubumu oxudunsa ,
Deməli ağ vərəq üstündə üç gözyaşı damlası oxudun.
Başqa heç nə...
Qucaqla məktubumu , istəsən ağla.
Qoy nəfəsin yaza bilmədiyim şeirin nəfəsinə toxunsun , isinsin.
Uzanan , bürkülü yay gecələrinin istisinə aldanma.
Hələ bir gir otağıma ,
Hələ bir siqaretimdən sümür ,
Gözlərinlə buludların arasından mələk tut ,
Soyundur , soyundura bilsən ,
Şeir yaz ,
Bax gör qansız divarların arasında üşümək necə olur.
Sən heç ürəyini sıxma.
Dişini sıx ürəyinin acığına.
Ruhu eşq dilənən insanlara heç yazığın gəlməsin.
Yuxu eşqinə , su eşqinə
İnsanlar yalnız yatanda və su içəndə günahsız olurlar.
Məktubumu oxudunsa ,
Deməli ah çəkdin , tüstüsü ərşə sızdı.
Ərş sızıldadı ah.
Başqa heç nə...
Bu nə hal ?
Dörd bir yanın halsızlıq.
Yetər , bu qədər qara bulud daşıdığın.
Yetər , çiyinlərin qan içində.
Burax da , yağış yağsın.
Su eşqinə.
Məktubumu oxudunsa ,
Deməli heçnə qalmayıb.
Heç nə...

Günün bütün mövzuları

XS
SM
MD
LG