Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:59

«30 ildir ayağa baxıram, amma heç kimin düşməni deyiləm»


Çəkməçi Arif Abutalıbov
Çəkməçi Arif Abutalıbov
«BURA REANİMASİYADIR, AYAQQABI ÖLÜ GİRİB DİRİ ÇIXMALIDIR»

11 yaşından çəkməçiliyi özünə sənət seçən Arif Abutalıbovu tanıyanlar bilir ki, onun üçün təmir olunmayan ayaqqabı anlayışı yoxdur. 23 ildir ki, daha çox «Torqovı» kimi tanınan Nizami küçəsindəki ayaqqabı təmiri köşkündə çalışır. Deyir sənətinin vurğunudur, əslində özü deməsə belə bu, köşkünə girər-girməz bəlli olur. Kiçik, amma işıqlı köşkün dörd divarında hara baxsan gözünə ayaqqabı dəyir – müştərilər üçün nəzərdə tutulmuş ayaqqabılardan savayı, saysız- hesabsız suvenirdən tutmuş Arif dayının fincanı, külqabısı belə ayaqqabı formasındadır. Öz köşkünü isə «ayaqqabı reanimasiyası» adlandırır:

«Mənim üçün düzəlməyən ayaqqabı yoxdur. Əgər mən o ayaqqabını düzəltməsəm, xəstələnərəm, ölərəm. Əgər mən emalatxana açmışamsa, deməli ayaqqabını düzəldib verməliyəm. Bizi ayaqqabı həkimi kimi tanıyırlar, bura reanimasiyadır, ayaqqabı ölü girib diri çıxmalıdır».

6700 DOLLARLIQ AYAQQABI

Arif dayı deyir ki, müştərilərin ayaqqabılarına baxıb belə nəticə çıxarır ki, indi camaat 10 il əvvəllə müqayisədə daha yaxşı yaşayır. Bugünədək təmir etdiyi ən bahalı ayaqqabının qiyməti isə deyir 6700 dollar olub. Daha sonra hazırda təmir etdiyi bir uzunboğaz çəkməni bizə göstərir. Timsah dərisindən olan kovboy stilində bu çəkmənin qiyməti, Arif dayının dediyinə görə 5000 dollardır. Amma Arif dayı bu cür bahalı ayaqqabıların sahiblərindən danışmaq istəmir. Bircə onların daha çox incəsənət adamları və məmurlar olduğunu deyib keçir əcnəbi müştərilərindən danışmağa:

Çəkməçinin masası
«Avropa insanları çox dəqiqdirlər. Onlar sənətə çox qiymət verirlər. Görən kimi o «şlüz» (deyir bu, «yaxşı» deməkdir-müəl.). Deyirəm «ok». Xoşlarına gəlməsə deyəcəklər «no», «no». Düzdür mən hələ belə «no» eşitməmişəm. Ancaq onu bilirəm ki, mənə nə desələr deyirəm «no problem». Və ya deyirəm ki, «tomorrow», yəni sabah gəlin».

TƏKRARSIZ AYAQQABI İŞTAHASINDA OLANLAR

Arif dayı təkcə ayaqqabı təmir etmir, həm də yenisini tikir. Özü də ki öz eskizləri əsasında. Deyir hazırda ayaqqabı tikdirmək üçün çəkməçiyə gələnlər də az deyil. Əsasən də cavanlar istəyirlər ki, geydikləri ayaqqabı təkrarsız, xüsusən onlar üçün tikilmiş olsun. Belə müştərilər arasında ayağı qüsurlu olanlar da var. Arif dayı deyir ki, ayaqqabını kasıba bir, varlıya isə başqa bir qiymətə tikir. Məsələn, burada 35 manata da ayaqqabı almaq olar, 100 manata da. Arif dayı deyir ki, özü tikdiyi ayaqqabılarda yeniliyi, sintez etməyi çox xoşlayır:

«65-ci ilin modellərini hazırlamışıq. Qədimi ayaqqabıları müasirlərlə sintez etməyi xoşlayıram. Cavanlarımızın da çox xoşuna gəlir bunlar. İndi Azərbaycanın milli çarıqlarını sintez edirəm».

Arif Abutalıbov
«OXUYAN OXUSUN, OXUMAYAN GƏLSİN SƏNƏT ÖYRƏNSİN»

Arif dayı deyir ki, bu günkü gündə onu təəssüfləndirən bəzi məqamlar var. Məsələn, indi bir çoxlarının ucuz ayaqqabılara meyl etməsinə təəssüflənir. Bu cür ayaqqabıların insanların sağlamlığına necə ziyan vurması barədə Arif dayı az qala hər müştəriyə ağız dolusu danışır.

Deyir ki, ucuz və keyfiyyətsiz ayaqqabılar nəinki ayaqda xəstəliklər yaradır, həm də pis qoxuya səbəb olur.

Həmsöhbətim bir də ona görə narahatdır ki, sənətini ondan sonra da yaşadacaq gənc şagirdi yoxdur:

«Çox təəssüflər olsun. Hərdən məni ağlamaq tutur. Biz gedəcəyik, axı bu millətə kim qulluq edəcək? Dövran qalacaq heç sənətdən anlayışı olmayanlara. Bu sənət çox gözəldir, bu, bir incəsənətdir. Bu sənəti sevsən sənə hər şeyi verər. Mən bu sənətlə ailəmi, özümü saxlamışam, qızlarını köçürmüşəm. Yaxşı balalarımız var. Oxuyan oxusun, kim ki mənim kimi oxuya bilmir, gəlsinlər də. Mən istərdim ki, biz öləndə yerimizi sənətkarlar tutsun».

Arif dayının bir istəyi də var – ayaqqabı sənətkarları arasında yarışma təşkil olunsun:

«Mən hazıram, sözümün üstündə də durmuşam. Yaxşı sənətkarlarımız var. Mahnı yarışmaları keçirirlər. Bizə nə olub ki? Aramızda belə bir yarış keçirsinlər. Bu meydan, bu şeytan, mən hazıram».
XS
SM
MD
LG