Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:55

«QOCA VAXTIMDA HARA GEDİM?»

- Bunu biz özbaşına tikməmişik. Neft Şirkətinin idi, vaxtında qoymayaydı tikməyə. Neçə illərdir burda yaşayanlar, təzə-köhnə tikililər var. Onda gəlirdilər, pullarını alıb gedirdilər. Bəs, indi bu camaat hara getməlidir?

- 1957-ci ildən burda yaşayıram. Yoldaşım da neft işçisi olub. İndi mən hara gedim bu qoca vaxtımda?

Dövlət Neft Şirkəti Səbail rayon Məhkəməsində iddia qaldırıb ki, Bayıl qəsəbəsindəki tikililərin bir hissəsi sökülsün.

İddia ərizəsində qeyd olunur ki, 1962-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti Bibiheybət NQÇİ-nin (Neft-qaz çıxartma idarəsi) neft-qaz əməliyyatları aparması üçün şirkətin daimi istifadəsinə torpaq sahələri ayırıb. Ayrılmış və dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi əhali tərəfindən zəbt olunub. Ərazidə özbaşına tikinti işləri aparılıb.

MƏHKƏMƏ MİNLƏRLƏ EVƏ BİLDİRİŞ GÖNDƏRİB

Sakinlərsə deyirlər ki, boşaldılması nəzərdə tutulan ərazilərdə 35 minə yaxın adam yaşayır. Üstəlik bu adamlar evlərini icazə əsasında tikiblər.

Məsələn, evinin sökülməsi təhlükəsi ilə üz-üzə qalan Qənirə Qurbanova deyir ki, 1999-cu ildə Səbail rayon İcra Hakimiyyətinin o vaxtkı başçısı Yubiley küçəsi ilə Çernyaxovski küçəsinin kəsişməsində yerləşən həyətyanı sahənin sənədləşdirilməsinə və həmin həyətdə ev tikilməsinə sərəncam verib. «Bibi-heybət» NQÇİ-nin MTK-nın (Mənzil Təsərrüfat Komitəsi) rəisi ilə mühəndisi isə həmin ünvanda tikilmiş evə baxış keçirmələrinə dair akt tərtib ediblər. Aktda yazıblar ki, fərdi ev təsdiq edilmiş layihə əsasında inşaat, sanitar və yanğından mühafizə qaydalarına uyğun olaraq inşa olunub.

Sakinlər deyirlər ki, minlərlə evə bu cür sənədlər verilib.
Bayıl

«ƏVVƏL DEDİLƏR «KUPÇA» VERİLƏCƏK, SONRA DA GƏLDİLƏR Kİ, SÖKÜLÜR»

Daha bir sakin Gözəl İbişova:

«Prezidentin verdiyi qərardan sonra gəldilər düşdülər qapı-qapı, bir-bir evləri siyahıya aldılar ki, sizə «kupça» veriləcək. Üstündən bir ay keçəndən sonra məhkəmədən bir-bir evlərə məktublar gəldi ki, bu evlər Neft Şirkətinin ərazisinə düşür, sökülməlidir. Heç bir müqavimət olmadan evləri boşaldın. Bu evlərin tikilməsindən «Baksovet»in də xəbəri var, bütün başqa qurumların da xəbəri var. İndiyə qədər bunlar hara baxırdılar? İcazəsiz bir daşı daş üstünə qoymaq olmur, bu boyda tikintiləri görmürdülər indiyə qədər?»

- Burda nə qədər ev var?

- Evlərə 10 minə yaxın məhkəmə bildirişi paylanıb.

ŞİRKƏT İDDİASINDA İSRARLIDIR

Prezident İlham Əliyev bu ilin martında daşınmaz əmlakların (həm də qanunsuz tikililərin) sənədləşdirilməsində adamlara yaradılan əngəllərin aradan qaldırılması üçün tapşırıq verib.

Dövlət Neft Şirkəti isə iddialarında israrlıdır. Şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev belə deyir:

«Bütün zəbt olunmuş mədən əraziləri təmizlənməlidir. Dəfələrlə ictimaiyyətə çatdırmışıq, hamıya da xəbərdarlıq olunub. Söhbət təkcə Bayıldan yox, bütün mədən ərazilərindən gedir. Məhkəmə hansı qərarı verəcəksə, Dövlət Neft Şirkəti də həmin qərarla razılaşacaq».

Bayıl sakinləri
«EVLƏRƏ SƏNƏD VERİLİBSƏ, ÖZBAŞINALIQDAN SÖHBƏT GEDƏ BİLMƏZ»

Dövlət Neft Şirkəti bundan əvvəl də Bayıldakı ərazilərlə bağlı məhkəməyə iddia ərizələri göndərib. Ayrı-ayrı hakimlərin icraatlarına verilmiş onlarla iddia ərizələri təmin olunub, sakinlər yuxarı instansiyalara şikayətlər etsələr də, xeyri olmayıb, evləri boşaldılaraq sökülüb.

Hüquqşünas Namizəd Səfərov deyir ki, əgər evin tikintisində icra hakimiyyəti başçısının sərəncamı və Dövlət Neft Şirkətinin aktı varsa, burada özbaşına zəbtdən söhbət gedə bilməz: «Bu gün Dövlət Neft Şirkəti hesab edirsə həmin ərazilər boşaldılmalı və ona qaytarılmalıdır, vaxtilə tikintisinə razılıq verdiyi evlər üçün kompensasiyalar ödəməlidir. Bunu da şirkətin üzərinə öhdəlik kimi məhkəmə qoymalıdır. Əgər şirkət özü bunu könüllü etməzsə və məhkəmə də bu öhdəliyi onun üzərinə qoymazsa, o zaman vətəndaşlar özləri iddia qaldırmalıdılar».

Dövlət Neft Şirkəti məhkəməyə göndərdiyi iddia ərizələrində Torpaq Məcəlləsinin 111.2-ci maddəsinə də istinad edib. Həmin maddəyə görə isə, özbaşına tutulmuş torpaq sahələri, çəkilən xərclərin əvəzi ödənilmədən geri qaytarılır.

İyulun 18-də isə Sabunçu rayonu ərazisində Dövlət Neft Şirkətinin və polisin iştirakıyla neft buruqlarına yaxın evlərdən birinin söküntüsü zamanı 13 yaşlı Hafiz Əliyevin ayağı üzərinə mişar daşı düşüb. Ərazidə yaşayanların deməsinə görə, söküntü zamanı o, evin içərisində olub. 3 saylı Klinik Xəstəxanadan AzadlıqRadiosuna bildiriblər ki, Hafiz Əliyevə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Şərhləri göstər

XS
SM
MD
LG