Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:57
Yazıçı Rafiq Tağının kulis.az saytına müsahibəsi

- Uzun müddətdir ki, kitabınız çıxmır...

- Üstündə durub buraxdırdığım son kitab “İkicildliy”im olub. Az qala Nikolay vaxtı - 2005-n sonunda. “Şahzadə Dipendranın məhəbbəti” və “Ucaboy liliput”. Nə yaxşı, “Avropa və biz” fırtınası sonra qopdu.

Yoxsa cildlər yatacaqdı. Bu şansın, bu gözəlliyin səbəbkarı Allahdır. Ayətüllahlar sevmirsə də, Allah məni sevir. Bəzi sözlərimi xoşlamırsa da, Allah əməllərimi bəyənir.

Dediyim ayətüllahlarda bu, əksinədir: sözləri bəyəniləndir, əməlləri yox. Allaha da min don geyindirir, özlərindən elm uydurur, vəhşət saçırlar.

Onların əməlləri əksərən insanların məhvinə gətirib çıxarır. Sərhədin o üzündən bu üzünə ölüm hökmü oxuyurlar.

Yaratmadıqlarını uçurmağa meyllidirlər. Yollarından azır, öldürməyi fəzilət sayırlar.

İnanmazsınız, “İkicildlik” “Bayıl” təcridxanasında qəlbimə rahatlıq gətirən və psixoloji müvazinət törədən amillərdən biri oldu. Daha bu dünyadan rahat gedə bilərsən, özündən qiymətli kitabların qalır.

Məncə, hər bir sənətkarın yaratdığı özündən qiymətli olur.

Dərisi beş qəpiyə dəyməyən bir rəssamın milyonlarla dəyərləndirilən tablosu ola bilər.

Amma 2006-da “Adiloğlu” nəşriyyatının təşəbbüsü ilə “Gənc qraf Kenterberiyski“
adında, 2010-cu ildə isə “Milli Kitab Müsabiqəsi” onluğu sırasında “Hekayələr” adlı kitablarım da çıxıb. Gördünüz ki - mən yalnız öz təşəbbüsümlə çıxanı axırıncı saydım.

- MKM-ə birinci dəfə qatıldınız, sonra yox. Pərvizin mükafat almasını necə qiymətləndirirsiniz?

- Keçən müsahibələrimin birində dediyim kimi, kor atı minib, köndələn çapanlar bu dəfə öz istəklərinə çata bilmədilər.

Məkr həmişə yeriməz ki. Elə olsaydı, dünya çoxdan toz olub fəzaya yayılmışdı.

Bəşəriyyət hələ mövcuddursa, demək, Xeyir Şər üzərində qələbə çalmağa qadirdir. Fəlsəfi izah budur ki, Xeyir Şərdən güclüdür.

- Bəs Pərvizin qələbəsi?

- Pərvizin qələbəsi ürəyimcə oldu. Dostum olduğuna görə yox, həqiqətin ortaya çıxması baxımından. Pərvizi ədəbiyyatda alqışlayanlardan biri mən olmuşam. İlk kitabına ön söz yazmışam. Onun yeganə qüsuru hədsiz ciddi olmasıdır. Faciələrə yumorla baxa bilmir.

Hamı ağzını bərk açıb qəhqəhə çəkə bilsə, bütün faciələr yox olar.

Elçin Hüseynbəylini də alqışlamışdım, gəlib böyük yazıçı oldu. Jurnalistika cəngəlliyində itib-batırdı. Qoy gülmək üçün deyim ki, mənim alqışlarım tutya kimidir.

- Deyəsən, Elçinin AYB-yə üzv olması da sizin sayənizdə olub – təminatı siz vermisiniz... Amma sizin AYB-dən çıxarılmağınızda da onun “təminat”ı olub...

- Onun AYB üzvlüyünə zəmanət verənlərdən biri mən olmuşam. Haqqı idi. Elçin də Yazıçılar Birliyinin üzvü olmayacaqsa, bəs kim olasıdır.

Amma mənim AYB-dən çıxarılmağımda onun da adı hallandı. İnanmadım. Ümumiyyətlə, namərdliyə inanmaq istəmirəm. Hadisə belə olub.

Deyir, ağıllınız kimdir - qabaqda gedən dəli. YB-nin marazmatik ağsaqqalları bir yazıçını dediyi fikrə görə üzvlükdən çıxardıqları toplantıda Elçin Hüseynbəyli də oturubmuş. İnsafən, Arif Əmrahoğlu və o bitərəf qalıblar, qalan hamı beşəlli səs verib.

Ağsaqqallar məni zənn etdikləri xoşbəxtlikdən çıxarırdılar. İnkvizisiyanın nə miqdarına gücləri çatırdısa, onu da etdilər.

Bəzən sarsaqlığın həddi-hüdudu olmur.

Ağsaqqallar sevincək çıxardıqları bu qanunsuz qərarı mətbuat agentlikləri vasitəsi ilə aləmə yaydılar. Sabahı hamı məni təbrik etməyə başladı. Yadımdadır, birinci Azər Həsrət qutladı.

Əslində onlar məni yox, mənim sayəmdə dəqiqləşən diaqnoza alqış deyirdilər. Diktatura residiv vermişdi və artıq onunla mübarizə asanlaşacaqdı.

Bu təbriklər cəmiyyətdə demokratiyaya instinktiv tələbatın olmasına dəlalət edirdi.
Elçin Hüseynbəylinin ordakı neytrallığı mənsəb ehtirasından irəli gəlirdi. Onu qınamır, əksinə, başa düşməyə çalışıram.


ANAR

Hamı qəhrəmanlıq etsə, həyat çaxnaşmalardan ibarət olar. Həyat “rafinə” olunmuş halda yox, hətta bu çirkabları ilə də maraqlı və gözəldir.

- AYB-dən neçənci ildə çıxarıldınız?

- 2004-də. MDB məkanında ədəbiyyatdakı ilk hadisə idi bu. Sən demə, sovetizmin iliyə işlədiyi yeganə yazıçılar qurumu bizimki imiş.

- Yazıçı Anarın bu məsələdə rolu olubmu?

- Eşitdiyimə görə, o buna razı deyilmiş. Axı, Anar Anardır – hər şeyi başa düşür. Onun iddiaları toyuq korluğuna tutulanlarınkından uzağadır. Anar ədəbiyyatın və əbədiyyətin nə olduğunu gözəl bilir.

Bəzən dostum Baba Vəziroğlu ilə onun barəsində söhbətlərimiz olur. Anarda bizi yandıran cəhət nədir: hər şeyi açıqca görə-görə öz mahiyyətinə zidd hərəkətlərə yol verir. Ədəbiyyatdan uzaq adamları levtolstoyların getmiş olduğu yola bəh-bəhlə buraxır.

İşığın qaranlıq üslubunda gördüyü işlər absurddur. Şərin görəcəyi işləri Xeyir də görəndə, adamın beyninə qan sıçrayır.

Əfsus, mənim Yazıçılar Birliyindən çıxarılmağım Anarın vaxtına düşdü. Sonra özü-özündən utanacaq o. Anarın AYB sədrliyindən yadda qalan tarixi iş məhz elə bu olacaq.

Amma biz Anarın ətini yesək də, sümüyünü atmarıq. Qocalır Anar. Qocalmaqda biz də dalınca qaçatbasdı gedirik. Hərdən gözlərim dolur: niyə belə oldu, biz onunla dost ola bilərdik. Həyat qurtarır: alınmadı...

- Gəlin, səbəbi xatırlayaq: nəyə görə sizi çıxartdılar ki?!

- “Qafqazın qartalı Şaumyan belə...” (Səməd Vurğun) adlı essemə görə.

- Deyəsən, o yazıda Səməd Vurğuna “sataşma” var idi...

- Sataşma yox, aydın bir fikir vardı: “Səməd Vurğun Allahın ona bəxş etdiyi İlham atını sovetlərin qarşısında eşşək kimi işlətdi”. Millət bu sözün ucundan tutub ucuzluğa getdi, guya “İlham atı” yox, Səməd Vurğun o cür işləyib.

Pənah Hüseyn demiş, yalan deyənin balası (o “ölsün” deyib) ölməsin.

Səməd Vurğunu eşşəyə bənzətmək məntiqsiz və qanacaqsız bir şey olmazdımı; bu həm də mənim tərbiyəmə uyğun deyil. Ortada prinsipial söhbət dururdu. İlham atı uçmaq və milləti ucalıqlara qaldırmaq üçündür.

Həqiqətən, adamı o yandırır ki, Səməd Vurğun İlham atını partiya rəhbərləri qarşısında eşşək kimi işlədirdi.

Öz sağlığında – 1947-ci ildə çıxan bir kitabı var, vərəqlədikcə adamın gözü kəlləsinə çıxır: şeirlərin 98 faizi Lenin, Stalin, partiya, Kaqanoviç, Molotov, it-qurd haqqındadır. Bax, mən indi də deyirəm: ayıb deyilmi?

Yazıq millət bu cür ziyalı ilə neyləsin, hara getsin? Bunu niyə də araşdırmayaq... Bizdə bütləşdirməyə bu meyl hardandır? Niyə Səməd Vurğun haqqında tənqidi fikir söylənə bilməz, bax, bunu anlamıram.

Yəqin mən də bu cür “bədbəxt”əm: azadlıqdan kənar şeylər başıma girmir.
Üst-üstə ağır bütlər qalaqlanmış arabada gələcəyə getmək mümkünsüzdür. Dünyanın qanadlı atları belə onları çəkib aparmaq iqtidarında deyil.

- Gəlin, belə danışaq: axı, sizi Səməd Vurğuna görə AYB-dən niyə çıxarsınlar ki?! Onu kifayət qədər sərt tənqid edənlər bugün də var. Məncə, əsas səbəb bu deyildi...

- Hə, gəlin, əyri oturub, düz danışaq. Onu düz dediniz ki, sərt tənqidlər bugün də var, amma axı, onlar dünən yox idi.

Döşünə döymək kimi çıxmasın, bütün bu sayaq işlərin pioneri həmişə mən oluram. Artıq mən divin ayağına batmış ağacları çıxarmaq ustasıyam. İlk şillə-qapazları da özüm yeyirəm. Mən bir yazıçı olaraq da ictimai rolumu bunda görürəm.

Mən Azərbaycanda sözə tolerantlıq yaradanlardan biriyəm. Mənə qədər klassiklər haqqında heç kim cürət tapıb bir söz deyə bilməzdi. Maşallah, indi deyirlər.

Bu, cəmiyyətin tərəqqisi üçün vacibdir. Tərəqqi alternativ fikirlərlə olur, bir tək Səməd Vurğunla yox. Bütlərin quyruğundan yapışıb işıqlı gələcəyə çıxmaq mümkün deyil.



“Mirzə Cəlillə ayrılıq məqamı” yazımla bağlı da böyük səs-küy qopmuşdu. Onda intellektual təbəqə lay divar kimi üstümə yerimişdi.

Həmin esse “Yeni Müsavat” qəzetində çıxdığından, azad söz barəsində hamıya demokratik örnək olası şəxs – rəhmətlik Hacı Hacıyev İsa Qəmbərə irad və inciklik dolu məktub yazmışdı.

Onu qınamadım da: xəstəyə və xəstəliyə gülməzlər, qapalı cəmiyyətin mənəviyyatını şikəst etdiyi adam başqa cür düşünə bilməzdi, axı.

Addımbaşı səhvlərini gördüyüm siyasətçilərimizi tərifləməyi dilim gəlməsə də, bircə onu deməliyəm ki, onda İsa Qəmbərin təmkinli və bütün dövrlər üçün düzgün sayılası cavabı ürəyimdən olmuşdu. Postcovet qaranlıqlarında o, söz və fikir azadlığı mövzusunda Azərbaycan jurnalistlərinin başçısına dərs verdi.

- Həmin yazıda nə var idi?

- Min bir problemin at oynatdığı bir ölkədə millətə qarşı ifrat tənqidləri bəlkə bir yana qoyaq, yazmışdım. Insanlarımızın içindəki pozitiv enerjini üzə çıxaraq. Bəlkə düz deməmişəm? Qarnıyoğun insana tənqid yox, mehr-məhəbbət gərəkdir.

Piylənmə qəbahət və cinayət deyil, xəstəlikdir. Millətin avamlığı mirzəcəlillərlə rafiqtağıların günahıdır. Hərdən tənqidi realizmi qatlayıb bir kənara qoyaq, deyirdim. Silah insana hər gün lazım olmur ki.

Qızğın debatlara Asif Ata da qoşulmuşdu: sovet dövründə Mirzə Cəlil məktəbi qabardılıb, Əli bəy Hüseynzadə məktəbi kölgədə qalıb.

Yeridir, o mövzunu davam etdirək. Sovet ideoloqları tənqidi ruhu bilərəkdən qabardırdı. Onda qeyri-rus millətlərin aşağılanması vacib idi. “Alkaş” ruslara böyük qardaş və xilaskar rolu verilmişdi.

Orta Asiya insanına həqarətlə “əkə” deyirdilər. Halbuki Orta Asiya türklərində poeziya olanda, ruslar ... kimi idilər. Sonralar sarımtıl barmaqlarından bədiiyyat sorub, uzaq əsrlərdə çarların bəsit yazışmalarını ədəbiyyat nümunəsi kimi gözə soxmağa başladılar.

Xristianlıq onları bir az adam elədi.

Sıra Səməd Vurğuna gəlib çatanda, qara simalar dözmədi: davay, bunu “Birlik”dən atdıq! Guya daha müqəddəs qalmadı, Rafiq Tağı onu tapdalamasın.

Halbuki yalançı dəyərlərlə yaşayanlar üçün müqəddəslər faydalılıq əmsalına görə əhəmiyyət kəsb edir. Artıq mən o yaşdayam ki, hər şeyi açıq və rəngsiz görürəm. Səməd Vurğun başqa klassiklərlə müqayisədə daha mənfəətlisi idi.

Onun adıyla özünə həyat və ictimai mövqe quranlar var: bu kimdi, oğlu, bu kimdi qızı, ə, bə bu bığlı kim ola: qohumu.

Hətta Səməd Vəkilov adlı birisi məhz Səməd Vəkilovun adını daşıdığına görə, “Azadlıq” qəzetinin redaksiyasında mənə qarşı təxribat hazırlamışdı.

Qənimət Zahid və şair Qurban bunun şahidləridir. Bəli, Səməd Vurğun çoxları üçün heç vaxt iflasa uğramayan bank kimi idi. Gözləmədikləri iflas məqamında hamı birdən dəli oldu. Bəzən pulun yoxluğu yox, onun inflyasiyası daha qorxunc olur.

Burda da qorxulusu Səməd Vurğunun cismani yoxluğu deyildi, mifin dağılması idi.

Klassiklərin tənqiddən uzaqlaşdırılmasında həmişə merkantil maraqlar güdülür.

- Deyəsən, Anar o vaxt demişdi ki, Rafiq Tağı Elçibəyi tənqid etdi, hamı etiraza qalxdı, Mirzə Cəlili tənqid etdi, heç kim durmadı...

- Mirzə Cəlili müdafiə edənlər daim var. Biri elə mən.

Ondan həmişə öyrənmişəm, öyrənirəm də. Rəhmətlik Bəxtiyar Vahabzadə bir məqaləsində beləcə də yazmışdı: Rafiq Tağı XX əsr sonlarının Mirzə Cəlilidir.

Bizim məqsədimniz dəni kəpəkdən ayırmaqdır. Sağlığınıza, ayırırıq da. Amma çoxları bunu istəmir, bacarmır.

- Belə çıxır ki, Azərbaycan ədəbiyyatında yazılarına görə başı ən çox bəla çəkən yazıçı sizsiniz. Mirzə Cəlil, Fizuli, Elçibəy qalmaqallarından sonra - “Avropa və biz”, ardından da həbs... Azərbaycanda yazısına görə həbs olunan yazıçı da təkcə sizsiniz. İndi olsaydı, həmin esseni yenə yazardınızmı?

- Mən o yazıya görə peşman deyiləm. “Avropa və biz” Azərbaycan dini cəhalətə uğradıqca aktuallaşacaq.

Bu saat insanlar onu özləri arayıb-axtarır və yayırlar. Ancaq məhkəmədə də, ondan əvvəl də müsəlman bacı-qardaşlarımdan üzr istəmişdim: bir ifadə yanlışlığına görə.


Rafiq Tağının "Avropa və biz" məqaləsinə görə məhkəməsi. İslamçılar məhkəmə binası ömümdə. 4 may 2007

Hərçənd o ifadə frazeoloji söz birləşməsi idi və hərfi mənada anlaşılmamalı idi. “Gözüm su içmir” deyiləndə, gözün suyu hortultuyla içməməsi nəzərdə tutulmur ki.

Hər halda, yanlışlığı boynuma alıram, heysiyyətinə toxunduğum insanlardan üzr istəməyimə görə də məmnunam.
Fikrimcə, “Avropa və biz” mövhumata sipər olaraq qalacaq.

“Avropa və biz” Azərbaycanı İran olmaqdan xilas edir.

- Ədəbiyyatın ictimai həyatda rolu nə qədərdir?

- Ədəbiyyat həyat quruculuğunun vacib ünsürüdür. Dağdan-bağdan yazmaqla üzülüşmək gərək. Hər dağ özlüyündə anomal təbiət hadisəsindən - zəlzələdən törənir. Burda insan əməyi yoxdur və onunla öyünməyə dəyməz də. İnsan yalnız yaratdığı ilə öyünər. Dağ heç də səhradan üstün deyil. Təbiətlə öyünmək ağıl zəifliyinə dəlalət edir.

Təbiət ancaq Vətən olması baxımından maraqlıdır. Qara yola bir dəfə ağzımdan qaçırdım ki, lap Füzuli ola, torpaqlar gedə-gedə sevgidən yazmaq ağılsızlıqdır. Dedilər, bay, Füzuli təhqir olundu. Gəlin, çalışaq, dedim, zor-xoş Vətən bizdə qalsın, onda yüz Füzulimiz, min Rafiq Tağı və Qan Turalımız öz-özünə yetişəcək. Üstümə düşdülər, nə yemisən, turşulu aş.

Ziyalılarımızın sancaq görəndə hürkən cinlərə bənzəri var imiş.
Bizdə düşmənin hərəkətindən təhqir olunmurlar.

Doğrudan da, torpaq əldən gedən məqamlarda sevgi etirafları nə dərəcədə doğrudur?

...Daim aktual olan torpaqdır, Füzuli yox.

- Üzvü olduğunuz AYO-nun indiki fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bəyəm siz üzvü deyilsiniz?

- Üzvüyəm, amma bu saat mən müsahibə alıram...

- Anladım, müsahibə alana sual vermək yasaqdır.

AYO böyük bir missiyanı həyata keçirib və keçirməkdədir də. Azərbaycan tarixinin ən yeni dövründə AYO ədəbiyyata alternativlik, cəmiyyətə plüralistik düşüncə gətirdi. Bütün incikliklər unudulacaq, bu xeyir qalacaq.

Heyf, Azad Yazarlar Ocağı Azərbaycanda velosipedi də təzədən kəşf edəsi oldu.

- Şərif Ağayar Kulis.az-a müsahibəsində demişdi ki, AYO-nun missiyası yaxşı idi, amma bitdi...

- Bitməyib. AYO yaşayır. Yaşamağa məhkumdur. Sadəcə, ilkin mərhələdə görüləsi qara işlər başa çatdırılıb. Bir ev tikiləndə, lap axıracan özül atmırlar ki. Sonda daha estetik və zərif qapı-pəncərə işlərinə keçirlər.
AYO da artıq estetik dəyərlər mərhələsinə adlayıb.

- AYO ötən dəfə MKM-i baykot edəndə, siz və Həmid Herisçi iştirak etdiniz. Bu dəfə də ekspert kimi mən oldum. Düşünürəm ki, doğru qərar budur, iştirak etmək lazımdır.

- AYO-çular birinci MKM-də münsiflərə inanmırdılar; haqlı olduqları da sübuta yetdi. Mən ictimai həyatımızda müsbət tendesiyaların yarandığına, bir də Nigar Köçərlinin müasir təfəkkürünə inanıb da bu müsabiqəyə qoşulmuşdum.

Bay, hekayələri təqdim edəndən sonra eşidirəm ki, dostum Seymur Baycan, AYO sədri olaraq, “Elmlər Akademiyası” metrosu səmtində Cavid prospektini keçərkən, ağ xətt üzərində “iştirak etməmək” qərarı çıxarıb.

Ancaq ağıl ağıldan üstündür; açığı, qabaqcadan bilsəydim, bu qərara hörmət edəcəkdim.

Ümumilikdə, müsabiqələrə münasibətim köklü dəyişib. Məncə, burda hökmən bəşəri naqisliklər üzə çıxır.

Bir anlığa təsəvvür edək ki, mifik bir müsabiqə keçirilir, orda Tolstoy birinci, Dostoyevski ikinci yer tutur. Qoqol üçüncü, Puşkin dördüncü olur və sair. Bəyəm bu, düzgünlükdür?

Müsabiqələrdə birinci olmaq ədəbiyyatda hamıdan yaxşı olmaq anlamına gəlmir.
Günəşə qalaktikadakı işıqlı göy cisimlərindən ən axırıncısı demək olarmı? Ya hansı ulduz hansından üstündür?

- Doğrudur, nisbilik var. Amma “Nobel” də var, axı. Dünyanın hər yerində müsabiqələr və mükafatalar var.

- Dünya nədir bəyəm: balaca kənd kimidir. Hamı təxminən bizim kimi düşünür. Nobel mükafatçıları heç də hamıdan yaxşıları deyil.

Ümumilikdə, bəşər həyatı obyektivlikdən uzaqdır.

AYO-çular, müsabiqədə iştirak etməməklə, onu məhv etmək məqsədi güdmür. Sadəcə, biz yalansız yaşamağı daha üstün bilirik.

- Yaradıcılığa şeirlə başlayıb, sonra hekayəyə keçdiniz. 44-45 illik yaradıcılıq dönəmində roman yazmamısınız...

- Yazıçı hökmən roman da yazmalıdır? Bəyəm bəstəkar simfoniya yazmağa məcburdur? Onda gərək Firudin Allahverdidən tələb edək, yaxşı bəstəkar sayılması üçün tezbazar simfoniyaya qurşansın.

Bülbül qısa nəğmələrini qoyub toyuqlar kimi uzun-uzadı qağanaqlaya bilməz. Amma qarğa çalışsa, bəlkə bunu edər.

- Düzdür, Haqverdiyev, Mirzə Cəlil də roman yazmayıblar. Amma bizdə belə fikir var ki, əvvəl şeirlə başlayırsan, sonra yavaş-yavaş hekayə və nəhayət, romana keçirsən...

- Roman çağdaş insanın hövsələsindən çox uzundur, mənim yaşayış tərzimə də heç uyğun deyil. Bugün insan qaçaraq yaşayır.

Roman an kimi görsənə bilərsə, bəlkə insan ona yox deməz. Hər şey qısalır və an içərisində yerləşməyə çalışır. Kainat energetik qara nöqtənin partlayışından yaranıb.

İnsanlıq instinktiv olaraq nöqtə üslubuna dönməkdədir.

...Yordum sizi.


Qan Turalı, Vüqar Qurdqanlı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG