Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanla Türkiyəni ayıran qaz


Türkiyənin enerji naziri Taner Yıldız (sağda) və Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əlioyevlə qaz Memorandumunu imzalayıblar, İstanbul, 7 iyun 2010
Türkiyənin enerji naziri Taner Yıldız (sağda) və Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əlioyevlə qaz Memorandumunu imzalayıblar, İstanbul, 7 iyun 2010
Ötən həftə sonu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri Rövnəq Abdullayev açıqlayıb ki, iyulun sonuna kimi Türkiyə ilə qaz danışıqları təzədən başlayacaq və bununla da tərəflər arasında paket qaz sazişinin imzalanmasına dair müzakirələrə start veriləcək.

Düzdür, Rövnəq müəllim bildirməyib ki, danışıqlar nə qədər davam edəcək, ancaq bircə onu vurğulayıb ki, Azərbaycanın “böyük qazının” (söhbət “Şahdəniz”in “Mərhələ-2” layihəsi çərçivəsində çıxarılacaq qazdan gedir) ixrac marşrutu seçilənədək (bunun üçün infrastruktur layihəsinin operatorları oktyabrın 1-dək SOCAR-a öz təkliflərini verməlidirlər) bu məsələnin öz həllini tapmasına ümid bəsləyir.

Həqiqətən də, Azərbaycanla Türkiyə arasında qaz sahəsində 2008-ci ilin mayından başlayan danışıqlar 2010-cu ilin 7 iyununda Memorandum imzalanması ilə yadda qaldı, ancaq ötən dövrdə tərəflər nə qədər “irəliləsələlər” də, ancaq “texniki bir-iki məsələ qalsa da”, ekspertlər səviyyəsində imzalanacaq 130 səhifəlik sazişlərin detalları incələnsə də... bu gün məlum olur ki, həm hüquqi, həm də kommersiya baxımından razılaşdırılası çox məsələ var.

Türkiyənin qorxusu

Türkiyə hökumətində qaz tranziti ölkəsinə çevrilməyin sevinci ilə yanaşı onun qorxusunu da elə ilk gündən hiss etməyə başlayıblar. Bu isə ondan əmələ gəlib ki, tarixində heç vaxt Türkiyə qaz tranziti ölkəsi olmayıb, özü də Avropaya. Ona görə bu məsələni bütün detalları elə çözəmək niyyətləri var ki, sonradan peşiman olmasınlar.

Necə ki, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin Türkiyə hissəsinin istismarı ilə
Baku-Tbilisi-Ceyhan (BTC) kəmərinin sonuncu borusunun simvolik birləşdirilməsi mərasimi, 13 iyul 2006

bağlı yaranmış “daxili” narazılıqları BOTAŞ şirkəti faktiki olaraq 2009-cu ilin dekabrından BP ilə (BTC-nin operatroru) iqtisad məhkəməsində həll etmək istəyir. BOTAŞ-ın nümayəndələri hesab edirlər ki, BTC üzrə hökumətlərarası saziş imzalanarkən BP-nin hüquqşünasları elə mürəkkəb və qəliz sxemlərdən isrifadə ediblər ki, “bu günkü Türkiyə hüquq masası çərçivəsində çətin bir şey əldə edilə bilə”.

Ona görə də Ankara qazla bağlı sazişə daha ciddi yanaşmağa başlayıb, daha doğrusu BP-nin hüquqi baxımdan hansısa üstünlük qazanmasının qarşısını almaq üçün Paket Qaz Sazişində (oraya “Şahdəniz-2”-dən hasil edilən qazın Türkiyə bazarında satışı, Türkiyə üzərindən tranziti və qazın qiymətlərinin müəyyən edilməsi formulu daxildir) Britaniya hüququnun deyil, yerli qanunların tətbiqini arzulayıb.

Qeyd edim ki, “Şahdəniz” yatağının işlənməsi və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələrin hüquqi bazasını da Britaniya qanunvericiliyi təşkil edir və hesab edilirdi ki, bunların bir-biri ilə bağlılığı məsələləri sadələşdirir. Ancaq Ankara ilə uzun-uzadı danışıqlardan sonra tərəflər Avropadakı neytral bir ölkənin qanunvericilik bazasını tətbiq etmək barədə razılığa gəldilər.

“Dava” nəyin üstündədir?

Bu günə Türkiyənin Azərbaycandan “Şahdəniz-2” çərçivəsində alacağı qazın həcmi artıq bəllidir – ildə 6 mlrd. kubmetr. “Şahdəniz-2”dən satılacaq qazın qiymətləri də məlumdur. Daha doğrusu, onun formulu bəllidir, məhz bunun əsasında hazırda “Şahdəniz-1” qazı Türkiyə bazarında satılır.

Əvvəllər Türkiyə arzu edirdi ki, “Mərhələ-1” və “Mərhələ-2” layıhələri çərçivələrində Türkiyəyə satılacaq qazın qiymətləri də fərqli olsun. Ancaq
Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso (solda) Türkiyə və Azərbaycan prezidentlərinə Azərbaycan qazının da Türkiyə üzərindən Avropaya çatdırılmasını nəzrdə tutan sənədi nümayiş etdirir, Praqa, 8 may 2009

Azərbaycan bununla razılaşmadı və eyni qiymət siyasətindən çıxış etdi. Nəticədə Türkiyə 2008-ci il 15 aprelindən sonra Azərbaycandan aldığı qazda yaranmış qiymət fərqinə görə $1,4 mlrd. ödədi.

Ona görə də hazırda həll edilməmiş başlıca kommersiya məsələsi Azərbaycan qazının Türkiyə üzərindən tranziti zamanı hər 1000 kubmetrə görə ödəniləcək məbləğdir.

Bəzi məlumatlara görə, Türkiyə tərəfi 1000 kubmetr Azərbaycan qazının 100 km məsafəyə daşınması üçün 2 avro tələb edir (müqayisə üçün deyim ki, bu tarif “Qazpromun” Ukraynaya və Belorusa ödədiyi tarifdən çoxdur, ancaq orada yerli bazarda qazın satışında qeyri-bazar satış prinsipləri də var).

Azərbaycan qazını Avropaya nəql etmək üçün Türkiyə ərazisində təqribən 1200 km məsafə qət etmək lazım olacaq. Yəni, bu tariflə 10 mlrd kubmetr qazı Avropa Birliyi sərhədinə çıxartmaq üçün “Şah-dəniz” layihəsi iştirakçılarının nə az-nə çox 240 mln. avro vəsait ödəməsi lazım olacaq. Müqayisə üçün deyim ki, Türkiyə hissəsi 1068 km olan BTC-yə görə rəsmi Ankaranın qazancı hər barelə görə $0,55 və ya boru xətti tam gücü ilə işləyən zaman (50 mln ton) $200 mln olmalıdır.

Yəni sadə hesablama göstərir ki, Türkiyə qaz tranzitində ən azı neft tranzitindən 50% çox qazanmaq planı ortaya qoyub. Ancaq bunu sırf iqtisadı müstəviyə keçirsək və son 10 ildə dolların dəyərinin düşməsi prosesini izləsək, görərik ki, heç də “qaz vurub, qazan doldurmaq da deyil”. Niyə?

Çünki, proseslərdə iştirak edən məlumatlı mənbələrlə söhbət zamanı məlum olur ki, Türkiyə alacağı həmin tariflər müqabilində BP-nin texniki şərtləri çərçivəsində özünün qaz nəqletmə sisteminin bəzi hissələrini yenidən qurmalıdır. Təbii ki, buna da kapital qoyuluşu lazımdır. Bir sözlə, belə qənaətə gəlmək olar ki, Azərbaycan qazının Qərb istiqamətində axması üçün elə bir ciddi problem yoxdur. Ancaq...

Azərbaycanla Türkiyə arasındakı sərinlik

Mənim diqqətimi bu günlərdə Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Novruz Məmmədovun bir açıqlaması çəkdi. O, bəzi KİV-lərin
Türkiyənin Baş naziri Recep Tayyip Erdogan (sağda) və Azərbaycan prezidenti İlham Əliyev (solda) İstanbulda qaz memorandumunun imzalanması mərasiminəd, 7 iyun 2010

Azərbaycanla Türkiyə arasında yaranmış soyuq münasibətləri təkzib etmiş və iki ölkənin dost və qardaşlıq müstəvisində yeni strateji əlaqələrinə dair öz mülahizələrini söyləmişdi. Bu cür yazılara Azərbaycan mətbuatında artıq bir ildən çoxdur ki, rast gəlirik.

Ancaq görünən fakt odur ki, uzunluğu 29 km olan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi 2013-cü ilə keçirildi ! Nə Türkiyə tələsir, nə də layihəyə milyonlarla pul xərcləyən Azərbaycan! Demək, bu iki ölkənin arasında daşınılası elə böyük bir şey yoxdur ki, dəmir yolu gündəmdə olsun: gülməlidir – XXI əsrdə 29 km-i 6 ilə tikəsən.

İyun ayının 2-də Bakı-Tbilisi-Ceyhan boru xəttinin tam istismara verilməsinin, 4-də isə Ceyhan limanından daşımaların başlamasının 5-ci ildönümü oldu. Bunla əlaqədar Azərbaycan hökuməti nə bir mərasim keçirdi, nə də bir strateji qonşusunu təbrik etdi (Ancaq AzTV-də Sakit Okeanda yerləşən hansısa cırtdan dövlətin yaranma günü münasibətilə dövlət başçısının uzun-uzadı təbrikini oxuyurlar). Axı həmin müddətdə bu kəmərlə 160 mln tona yaxın nefti dünya bazarına çıxartmışıq və Azərbaycan da təqribən $55 mlrd. vəsait qazanmağa müvəffəq olub.

2008-ci ildən Türkiyə Azərbaycandan qaz idxalını da azaldır.


Caspian Oil & Gas-2011 sərgisində Petkim nümayəndələri bildirmişdilər ki, iyul ayının sonunda SOCAR-ın İzmirdəki yeni neft emalı zavodunun təməlqoyma mərasimi olacaq və bu mərasimə Azərbaycan prezidenti və Türkiyənin baş naziri qatılacaqlar. Ancaq indiyə qədər bir açıqlama yoxdur.

Demək, Azərbaycanla Türkiyə arasında bir soyuqluq olmasa da, siyasətdəki sərinlik hiss edilir. Hər iki ölkənin siyasətində isə enerji xüsusi yer tutur. Belə getsə, ola bilməz ki, bu sərinlik odlu-alovlu enerjiyə də sirayət etməsin.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG