Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:44
AzadlıqRadiosunun Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin sahibinin Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, Milli Məclisin deputatı Elton Məmmədov olduğunu üzə çıxaran araşdırması bir Bakı sakininin iki illik məhkəmə çəkişməsinə də işıq salır.

Bakı sakini, avtovağzal tikintisinin qurbanı olan Mehralı Məmmədov özü radioya müraciət edib:

RADİONUN «QAYNAR XƏTT»İNƏ ZƏNG

«Sizin internet saytınızda «Beynəlxalq Avtovağzalın sahibi Vircin adalarından çıxdı» başlıqlı yazını oxudum. Qeyd etmək istəyirəm ki, həmin avtovağzalın yaxınlığında mənim şəxsi mülkiyyətim birbaşa Elton Məmmədov tərəfindən yerlə-yeksan olunub, içərisində nə avadanlıq vardısa, hamısı dağıdılıb, özümü də ordan qovublar. Sizin saytda oxudum ki, Elton Məmmədov özü etiraf edib ki, «Bakı XXI Əsr» MMC-nin təsisçisi odur. Lakin məhkəmə proseslərində «Bakı XXI Əsr» MMC-nin nümayəndələri dəfələrlə bildiriblər ki, Elton Məmmədovun «Bakı XXI Əsr» MMC ilə heç bir əlaqəsi yoxdur».

Mehralı Məmmədovun üzərində biznes və yaşayış obyektləri olan üç hektara yaxın ərazisi indi Beynəlxalq Avtovağzalın yerləşdiyi sahənin arxasındadır. Avtovağzal tikiləndən sonra bu ərazini də məhkəməsiz filan boşaldıblar, Mehralı Məmmədovun evini də, restoranını da söküblər. Halbuki, Məmmədovun bu əraziyə mülkiyyət hüququnu təsdiq edən sənədləri də varmış.

BAŞIBƏLALI «YEDDİ GÖZƏL» VƏ 3 HEKTARA YAXIN SAHƏ

Mehralı Məmmədov deyir ki, sonradan «Yeddi gözəl» kafesi kimi fəaliyyət göstərən keçmiş «Motodrom» kafesi Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ilə bağladığı alqı-satqı müqaviləsi əsasında 23 fevral 2001-ci ildən ona məxsus olub:

- Məhkəməyə müraciət etdim. Məhkəmə mənim mülkiyyətimi təsdiq elədi, ancaq axırda da qərar çıxartdı ki, sökən təşkilat tapılmadığı üçün məhkəmə iddianı rədd edir.

- Söhbət hansı təşkilatdan gedir?

- «Bakı XXI Əsr» MMC-dən. Soruşdum bəs niyə belə? Hakim dedi biz onlara neyləyə bilərik? Hara müraciət edirəmsə, deyirlər biz onlara neyləyə bilərik. Deyirdim necə yəni neyləyə bilərik, o da vətəndaşdır, mən də vətəndaşam. Məhkəmə özü də əraziyə baxış keçirtdi, 3 hektar sahənin şumlandığını gördü. Mənim söküntü zamanı və söküntüdən əvvəl çəkdiyim videogörüntülərə baxdı, bununla belə dedilər biz onlara heç nə edə bilmərik.

MƏHKƏMƏ NƏ DEYİB...

Mehralı Məmmədov mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə 2010-cu ildə qətnamə çıxarıb. Mehralı Məmmədovun qeyd olunan ərazilərə mülkiyyət hüququ məhkəmə ilə tanınsa da, obyektlərin qanunsuz söküldüyü təsdiqlənsə də, sonda qərar çıxarıb ki, iddiaçının dəymiş zərərin «Bakı XXI Əsr» MMC-dən tutulması tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə səbəb kimi qeyd edib ki, iddiaçıya məxsus obyektin məhz «Bakı XXI Əsr» MMC tərəfindən sökülməsi sübuta yetirilməyib.

Elton Məmmədov
Ancaq bu söküntünün «Bakı XXI Əsr» tərəfindən aparıldığını şirkətin özü də danmayıb.

POLİS SORĞUSU

2 fevral 2010-cu il tarixdə Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin rəisi Faiq Bədəlov Elton Məmmədova belə bir məzmunda məktub yollayır:

««Bakı XXI Əsr» MMC-nin baş direktoru cənab Elton Məmmədova. Hörmətli Elton müəllim. Məmmədov Mehralı Hidayət oğlu 40-cı polis bölməsinə ərizə ilə müraciət edib ki, 24 dekabr 2009-cu il tarixdə ona məxsus «Motodrom» kafesi «Bakı XXI Əsr» MMC-nin 15 işçisi və bir ekskavatorun vasitəsilə sökülüb. Hazırda faktla əlaqədar 40-cı polis bölməsində araşdırma aparılır. Təhqiqat zərurəti ilə əlaqədar olaraq həmin kafenin sökülməsində iştirak etmiş «Bakı XXI Əsr» MMC-yə məxsus texnikanın sürücüsünün və 15 nəfər işçinin izahatlarının alınması məqsədilə onların təhqiqata gəlmələrinin təmin edilməsinə göstəriş verməyinizi xahiş edirəm».

SORĞUYA CAVAB

6 gün sonra polis rəisinin məktubuna «Bakı XXI Əsr» MMC-dən cavab məktubu gəlir:

«Sizdən daxil olmuş məktuba cavab olaraq bildiririk ki, həmin ərazi yol-nəqliyyat infrastrukturunun inkişafı ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamları əsasında «Bakı XXI Əsr» MMC-yə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin tikintisi üçün ayrılıb. «Bakı XXI Əsr» MMC-nin ərazisində hər hansı fiziki və hüquqi şəxsə məxsus əmlak qeydiyyatda yoxdur. Baş direktor E.Məmmədov».

Maraqlıdır ki, Milli Məclisin deputatı kimi MMC-yə başçılıq etməsi qeyri-qanuni olan Elton Məmmədov əslində deputat olduğu dövrdə bu fəaliyyətini dayandırmayıb, məktublara cavab verib. Belə olmasaydı, polisin məktubu geri qaytarılmalı və düzgün tərtib olunması xahiş olunmalı, ya da cavab məktubunda Elton Məmmədovun MMC-nin baş direktoru olmadığı da qeyd edilməli, MMC baş direktorunun kimliyi barədə məlumat verilməli idi.

ELTON MƏMMƏDOVDAN ETİRAF

Bu cavab məktubundan sonra polis bölməsi Mehralı Məmmədovun ərizəsini araşdırmaqdan imtina edib. Faktla bağlı cinayət işi başlanması xahişi rədd edilib. Belə əsaslandırıb ki, iş mülki mübahisə xarakterlidir və məhkəmədə həll olunmalıdır.
Məhkəmə Mehralı Məmmədovun təqdim etdiyi bu sənədi isə ümumiyyətlə araşdırmayıb.

Məhkəmə iclasında «Bakı XXI Əsr» MMC-nin nümayəndələri Nazim Allahverdiyev və Nihad Axundov da izahat veriblər. Onlar məhkəməyə deyiblər ki, Elton Məmmədov «Bakı XXI Əsr» MMC-nin nə təsisçisi, nə də baş direktorudur. Ancaq nədənsə hakim MMC nümayəndələrinə «bəs bu MMC-nin rəhbəri kimdir» sualını verməyi unudub. Və qətnamə çıxarıb ki, Elton Məmmədovun «Bakı XXI Əsr» MMC-nin baş direktoru və təsisçisi olması barədə cəmiyyətin təsis sənədlərində heç bir məlumat yoxdur, Elton Məmmədovun hansı səbəbdən polisin sorğu məktubuna cəmiyyətin direktoru kimi cavab verməsi isə məhkəməyə məlum deyil.

Namizəd Səfərov
AzadlıqRadiosunun əməkdaşları Beynəlxalq Avtovağzalın kimə məxsus olması ilə bağlı araşdırmalarında «Bakı XXI Əsr» MMC-nin sahibini də axtarıblar və Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov olduğunu üzə çıxarıblar. Elton Məmmədov «Bakı XXI Əsr» MMC-nin təsisçisi olduğunu AzadlıqRadiosuna özü təsdiqləyib.

YENƏ ÜZÜ MƏHKƏMƏYƏ...

Elton Məmmədovun «Bakı XXI Əsr» MMC-yə sahibliyinin bir daha təsdiqlənməsinin Mehralı Məmmədovun işinə necə fayda verəcəyi hələ ki, bəlli deyil. Məhkəmə sonda xüsusi qərardad da çıxarıb. Xüsusi qərardadda qeyd olunur ki, Mehralı Məmmədova məxsus əmlakın qanunsuz sökülməsi sübuta yetirilib. Məhkəmə söküntü işlərində cinayət əməlinin törədilməsi hallarını aşkar edib. Məhkəmə Baş Prokurorluqdan faktların araşdırılmasını və tədbir görülməsini tələb edib. Ancaq Baş Prokurorluq məhkəmədən daxil olmuş xüsusi qərardadla əlaqədar araşdırma aparılmasını Elton Məmmədovun qardaşının başçılıq etdiyi Nəqliyyat Nazirliyinə həvalə edib.

Mehralı Məmmədov məhkəmə qətnaməsindən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də qərar qəbul edib ki, Mehralı Məmmədov fiziki şəxsdir, onun şikayətinə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində baxıla bilməz. İşə Binəqədi rayon Məhkəməsi baxmalıdır. Ancaq «Bakı XXI Əsr» MMC bu qərardan Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmə də işə baxılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. İş üzrə apellyasiya baxışı iyulun 27-ə təyin olunub.

Hüquqşünas Namizəd Səfərov deyir ki, Mehralı Məmmədovun mülkiyyətçi hüquqları kobud şəkildə pozulub. İndi o, Elton Məmmədovun şirkətlə əlaqəsini təsdiqləyən audioyazısını məhkəməyə təqdim edə, məhkəmə də həmin audioyazıdan sübut kimi istifadə edə bilər. Həmçinin məhkəmə şirkətin direktoru tərəfindən polisə yazılmış və birbaşa söküntünün şirkət tərəfindən aparıldığını təsdiqləyən məktubunu da sübut növü kimi nəzərə almalıdır.

Polis, məhkəmələr, prokurorluq və nazirlik arasında qalan Mehralı Məmmədovsa deyir ki, onun üçün «Bakı XXI Əsr» MMC-nin başında dayanan şəxsin kim olması maraqlı deyil. İndi onu əlindən çıxmış 3 hektara yaxın sahəsinin özünə qaytarılması, sökülmüş restoranına və avadanlıqlarına dəymiş zərərin ödənilməsi maraqlandırır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG