Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:52

Məktəb tikintisində yeyinti?


Arxiv foto
Arxiv foto
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Maliyyə Nazirliyi ölkədə məktəblərin tikintisi zamanı yol verilən qanun pozuntuları ilə əlaqədar araşdırmalara başlayıb. Araşdırma zamanı məlum olub ki, Xəzər rayonunun 123 və Suraxanı rayonunun 85 saylı məktəblərinin tikintisi zamanı bir sıra ciddi qanun pozuntularına yol verilib. Amma söhbətin məhz hansı qanun pozuntularından getdiyi açıqlanmır.

Baş Prokurorluğun sözçüsü Eldar Sultanov:

«Araşdırma aparılır, bütün təfərrüatlar barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək».

Eldar Sultanov bircə onu deyir ki, bir sıra hallarda dövlət büdcəsi hesabına məktəblərin tikintisi və təmiri zamanı sui-istifadə hallarına yol verilib, standartlara uyğun olmayan və mövcud normaların tələbləri pozulmaqla tikinti işləri aparılıb.

«HAZIRDA MƏKTƏBDƏ YOXLAMA GEDİR»

Adı çəkilən məktəblərlə əlaqə saxlamağa çalışdıq. Xəzər rayonunun 123 saylı məktəbinin direktoru Rasimə Kərimova deyir ki, 2006-2007-ci illərdə Təhsil Nazirliyinin xətti ilə məktəbdə yeni tədris korpusu tikilib. Tikintinin keyfiyyəti və tikinti zamanı korrupsiya hallarının baş vermə ehtimalı ilə bağlı suallarımıza məktəb direktoru belə cavab verir:

«Prokurorluq tərəfindən yoxlama gedir, indi heç nə deyə bilmərəm. Onlar hər şeyi aydın edərlər. Hal-hazırda burada yoxlamadır. Sadəcə onu deyə bilərəm ki, döşəmədə 1-2 yerdə çürümə var idi. O da havaçəkən yer olmadığına görə çürümüşdü. Amma korrupsiya ilə bağlı heç nə deyə bilmərəm. Yoxlayırlar da».

«PREZİDENT MƏKTƏBİN YENİ KORPUSUNU BƏYƏNMƏYİB»

Baş Prokurorluğun sözçüsü Eldar Sultanov
Adının çəkilməsini istəməyən, övladı həmin məktəbdə oxuyan bir valideyn isə deyir ki, bu məktəbdə təmir, tikinti işləri 2007-ci ildə başa çatsa da təxminən 1 ay bundan əvvəl fəhlələr yenidən qollarını çırmalamalı olublar. Çünki valideynin dediyinə görə, bu ilin mayında Mərdəkan qəsəbəsinə baş çəkən ölkə başçısı məktəb binası ilə tanış olub və tikinti işlərini bəyənməyib. Müsahibimiz məktəbdə təmir tikinti işləri üçün şagird və müəllimlərdən pul yığılmasının şahidi olmadığını da deyir.

Suraxanı rayonunun 85 saylı orta məktəbinin direktoru Maqsud Əhmədovla isə danışa bilmədik, gün ərzində bir neçə dəfə əlaqə saxlasaq da, katibəsi dedi ki, direktorun yanında tikintidən qonaqlar var, məşğuldur. Söhbətin hansı tikinti idarəsindən getdiyini də açıqlamaq istəmədi. Məktəbin direktor müavini Yeganə xanımsa bu cür suallara cavab verə bilməyəcəyini bildirdi.

Həmin məktəbdə 35 ildir dərs deyən Dilarə Bağırova isə deyir ki, məktəbləri iki hissədən ibarətdir, yaşı 100-ü də keçmiş köhnə binadan və iki təzə tikilmiş korpusdan:

«Bizim bina köhnə binadır, 100-dən çox yaşı var. Bir dəfə UNİCEF tərəfindən pəncərələr qoyulub, Neft Şirkəti də təmir edib, özümüz də sinif otaqlarını vaxtaşırı təmir etdirmişik. Direktor özü keçən il döşəməni rənglətdirib, divarlarını ağardıb. İki dənə də təzə korpus tikilib.Yeni binalarımız yaxşıdır, qışda da isti olur».

Dilarə Bağırova yeni tikilmiş məktəb binalarını keyfiyyətsiz tikili hesab etmədiyini deyir, tikinti zamanı hansı qanun pozuntularına yol verilməsi barədə də bir fikri yoxdur.

TƏHSİL NAZİRLİYİNİN BAHALI MƏKTƏBLƏRİ

Amma müstəqil ekspertlərin məktəb tikintisində korrupsiyaya yol verilməsi barədə araşdırmaları hələ Baş Prokurorluqdan öncə həyəcan təbili çalırdı. Məsələn, Azad İqtisadiyyata Yardım İctimai Birliyi araşdırma nəticəsində üzə çıxarıb ki, Yaponiya səfirliyi ölkədə həm şagird yerinə görə, həm də sahəsinə görə daha böyük olan məktəbi 70 min manata tikdiyi halda, Təhsil Nazirliyi bunun üçün 144 min manat pul xərcləyir. Birliyin rəhbəri Zöhrab İsmayıl deyir ki, məktəb tikintisi zamanı yol verilən qanun pozuntuları təkcə vəsaitin mənimsənilməsi ilə bitmir:

Təhsil Nazirliyi
«Bu, məsələnin nəticəsidir, buna aparan yollar var, bunlar araşdırılmalıdır. Tender prosesi, ümumiyyətlə tenderin keçirilməməsi, layihə smeta sənədlərinin hazırlanmaması, ən nəhayət qiymətlərin şişirdilməsi, əlavə vəsaitlərin ayrılması, layihələrin gecikdirilməsi. Bütün bunlar korrupsiya hallarına gətirib çıxarır, ona görə də araşdırma bütün bunları əhatə etməlidir».

Təhsil Nazirliyinin sözçüsü Bayram Hüseynzadə isə bu cür fikirlərlə razılaşmır, bir müddət əvvəl AzadlıqRadiosuna deyib ki, Təhsil Nazirliyinin tikdiyi məktəblər yüksək keyfiyyətlidir, standartlara cavab verən məktəblərdir. Məktəb tikintisi ilə bağlı son rəsmi araşdırmalara və üzə çıxarılan qanun pozuntuları barədə isə Təhsil Nazirliyinin nə ictimaiyyətlə əlaqələr, nə də əsaslı tikinti idarəsinin əməkdaşlarının fikirlərini öyrənmək mümkün olmadı.

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Maliyyə Nazirliyinin araşdırması isə hələ ki davam etdirilir, nəticələr barədə yaxın günlərdə məlumat veriləcəyi deyilir.

Təkcə 2010-cu ildə ümumtəhsil məktəblərinin və uşaq bağçalarının təmiri və yenidənqurulması işləri üçün dövlət büdcəsindən 20,65 milyon manat vəsait ayrılıb, 356 məktəb və 32 uşaq bağçası təmir edilib. 2011-ci ildə də 24 yeni tədris ocağının və 1 məktəbdə yeni korpusun tikintisi nəzərdə tutulur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG