Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:30

Sumqayıtla Bakı birləşə bilər (VIDEO)


SUMQAYITI İNŞA EDƏN 98 YAŞLI KƏRİM AXUNDOV

«Hərdən uşaqlardan soruşuram ki, Sumqayıtda neçə nəfər mənim kimi yaşlı adam var? Cavab verə bilmirlər. 1913-cü ildə doğulmuşam. Neçə yaşım var mənim?»

Bu, Sumqayıtın ən qocaman sakini Kərim Axundovdur. O, Sumqayıta gələndə özünün də dediyi kimi şəhər cəmi iki binadan ibarət olub: «1954-cü ildə məni Sumqayıta çağırdılar. Şəhər cəmi iki ikimərtəbəli bina var idi. 70-ci illərə kimi şəhəri tikdik. Mənim də vaxtım gəldi çatdı, daha işləyə bilmədim».

Kərim Axundov Sumqayıt şəhərinin salınmasına görə xüsusi medallarla təltif olunub. Evinin divarından 30-dan artıq medal asılıb.

Kərim Axundov Bakıda Yol Texnikumunu bitirib. Dörd nəfər dostu ilə Rusiyada təhsillərini davam etdiriblər. Sonradan o, 2-ci Dünya müharibəsində Avropanın müxtəlif ölkələrində gedən döyüşlərdə iştirak edib. Ukrayna yaxınlığında gedən döyüşdə yaralanıb və onu sağaldan ailənin qızı ilə evlənib, iki oğlu olub. Həmin vaxtlarda o, Odessa şəhəri yaxınlığında aparılan tikintiyə rəhbərlik edib. Sonradan – 1950-ci illərdə onu Azərbaycana, Bakı şəhəri yaxınlığında yeni salınacaq şəhəri inşa etməyə dəvət ediblər.

Kərim dayı deyir ki, tez-tez şəhəri görməyə çıxır, şəhərdə gedən işləri izləməyi çox sevir. Əllərini yelləyərək təəssüflənir ki, bu işlərdə iştirak edə bilmir. O, Sumqayıtda ən sevdiyi bina barədə sualımıza cavab olaraq deyir:

«Sumqayıtdakı binaların hamısı mənim üçün əzizdir. Bu binaları öz əllərimizlə tikmişik, bunlar hamısı mənim üçün doğmadır».

Kərim Axundov
SUMQAYIT VƏ KANN

Sumqayıtda hər küçə və prospektdə təmir-bərpa işləri gözə dəyir. Binaların fasadları dəyişdirilir, qanunsuz artırmalar sökülür, şəhərin yolları və səkilər yenilənir. Nəsimi parkında intensiv iş gedir. Sahəsi 100 hektar olan olan parkın Kann şəhərindəki bulvar kompleksinə bənzəyəcəyi deyilir.

Bu barədə daha ətraflı Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin sədri Abit Əliyev danışır:

«Dənizkənarı parkın layihəsi Fransanın Kann şəhərindəki layihəyə oxşardır. Deməli, dəniz kənarında çimərlik, bulvar olacaq. Çox bahalı layihədir. 50-100 milyon arası vəsait xərclənəcəyi gözlənilir. Hələ ki, yalnız layihənin eskizi hazırdır, ona görə dəqiq məlumat yoxdur. İşçi, smeta layihələri hazırlanır».

Onun sözlərinə görə, hələlik parkda təmir-bərpa işlərinin aparılması üçün 2 milyon manat vəsait ayrılıb. Abit Əliyev bundan başqa yaxın vaxtlarda Sumqayıt şəhərində kanalizasiya sisteminin dəyişdirilməsinin, Bakıdakı bir neçə zavod və müəssisələrin Sumqayıta köçürülməsinin nəzərdə tutulduğunu bildirdi.

Sumqayıt. Nəsimi parkı
SUMQAYITLA BAKI BİRLƏŞƏ BİLƏR...

Böyük Bakının Regional Baş planı çərçivəsində Sumqayıt şəhərində bir sıra yeniliklər də gözlənilir. Dünya Bankının xətti ilə həyata keçirilən Böyük Bakının Regional İnkişaf Planında Şəhər planlaşdırması üzrə məsləhətçi Feyzulla Quliyev deyir ki, Bakı, Sumqayıt və Xırdalanda dəyişiklər nəzərdə tutulub:

«Böyük Bakının Regional Baş Planının layihəsi həyata keçirilmək ərəfəsindədir. Bu layihəyə əsasən Pirallahıdan tutmuş, Bakıya kimi bütün ərazilərə yenidən baxılacaq və inkişaf etdiriləcək. Böyük Baş Plan Avropa standartlarına tam uyğundur. Keçmiş sovet dövründə olan baş planlardan fərqli olacaq. İnformasiya sistemi yaradılacaq. İnsanlar internet vasitəsilə istədikləri ərazini tapa, orada gələcəkdə nələrin inşa olunacağını, hansı formada olacağı ilə bağlı istənilən məlumatları ola biləcəklər. Sumqayıtla Bakını birləşdirəcək yeni, surətli yolların inşası da nəzərdə tutulur. Həmçinin Bakı Beynəlxalq Avtovağzal – Biləcəri – Sumqayıt metro xəttinin də çəkilməsi nəzərdə tutulur».

Feyzulla Quliyev Böyük Bakının Regional Baş planın 2030-cu ilə kimi icra olunacağını deyir.

Sumqayıt sakinləri isə şəhərdə aparılan abadlıq işləri kimi yeni iş yerlərinin açılmasına da diqqət yetirilməsini istəyirlər:

«Sumqayıt həmişə fəhlə şəhəri kimi tanınıb. Yəni, hər kəs bura zavodlarda işləməyə gəlib. Amma indi Sumqayıt camaatı işsizdir. Yaxşı olar ki, Sumqayıtda yeni iş yerləri açılsın».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG