Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:15

Aşqabadda nə baş verdiyi dəqiq məlum deyil (VIDEO)


«KAMERANI MÜSADİRƏ EDƏ BİLƏRLƏR»

Türkmənistanda paytaxt Aşqabad yaxınlığında az qala bir həftədir baş verən partlayışla bağlı hələ də doğru-dürüst məlumat yoxdur ki, əslində nə baş verib.

Evuakasiya olunanlar isə evlərinə qayıtmağa icazə gözləyirlər.
Türkmənistan Şimali Koreya kimi dünyaya qapalı ölkədir. Hökumət bu hadisə ilə bağlı hər hansı informasiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər görüb.
AzadlıqRadiosunun reportyoru iyulun 7-də partlayışın olduğu Abadan şəhərinin yaxınlığındakı mənzərədən danışır:
«Mən iyulun 9-da Abadana şəkil çəkmək üçün getmişdim. Amma polis hər yerə ciddi nəzarət edir. Mənə deyilib ki, əgər polis yoxlama zamanı kameranı aşkar etsə, onu müsadirə edə bilər. Amma bir təhər kameranı gizlədib şəhərə daxil oldum. Şəhəri əks yollarla tərk etdim».
Əvvəlcə, hökumət hadisə ilə bağlı yerli sakinlərin çəkdikləri videolardakı faktları rədd edib. Üç gündən sonra isə hökumət 13 mülki şəxsin, 2 hərbçinin öldüyünü bildirib.
ŞAHİDLƏR BİR SÖZ DEYİR, HÖKÜMƏT BAŞQA SÖZ
Şahidlərin dediyinə görə, partlayış böyük silah anbarında baş verib. Hökumət komissiyası isə bildirib ki, partlayışa isti hava səbəb olub və yanğın sürətlə böyük ərazini əhatə edib, arasında sovet vaxtından qalma partlayıcı maddələr də olan silah-sursat partlayıb.
Partlayış zamanı yaxınlıqdakı binalar zədələnib
Detallar barədə ətraflı məlumat verilmir. Ölənlərin sayı ilə bağlı məlumatlarla isə xarici media və müxalifətin dedikləri arasında xeyli ziddiyyətlər müşahidə olunur.
Məsələn, Avstriyada yerləşən, müxalifyönlü «Türkmənistan xronikası» saytında mülki əhali arasında ölənlərin 200-dən çox olduğu göstərilir.
Dövlət televiziyası hər gün Abadanla bağlı gündəlik reportaj verir, amma bu məlumatlar rəsmilərin orda bərpa işləri ilə bağlı dediklərini əhatə edir.
Sakinlərin əksəriyyəti məlumatları xarici mediadan, və ya internet səhifələrindən alır.
Türkmənistanda hələ də internetə giriş məhdudlaşdırılıb. Amma sakinlər mobil telefonlarla çəkdikləri kadrları sosial şəbəkələrə ötürməyə çalışırlar.
Yayılan görüntülərdə partlayışın zədələdiyi məktəb binaları, yerli hökumət binaları var. Partlayışın yaratdığı vahimə təsvir edilir.
ŞAHİD QADIN GÖRDÜKLƏRİNDƏN DANIŞIR
Adının açıqlanmasını istəməyən bir qadın AzadlıqRadiosuna deyir ki, Türkmənistan televiziyasının məlumatları onun və ailəsinin şahidi olduğu kütləvi dağıntılarla ziddiyyət təşkil edir:
- Anam dedi ki, «baxın, yanğın var». Biz fikirləşdik ki, onlar bunu söndürərlər. Hər dəqiqə partlayış olurdu. Sanki zəlzələydi. Divarlarda çat yarandı, qapılar qırıldı. Sınmış şüşələr 5 yaşlı qızımın əlini yaraladı. Qapı bacımın üstünə düşüb qollarını kəsdi. İndi o, Göytəpədə hospitaldadır. Evlər tamamilə dağılmasa da, mənzillərin çoxu yanırdı. Bəzi binaların yalnız divarları qalmışdı, qalanları dağılmışdı.
Anbarda yanğın
MƏLUMATSIZLIQ ÜMİDSİZLİK YARADIR
Aşqabadda yaşayan fəal Nurberdi Nurmammedov deyir ki, «real vəziyyətlə bağlı məlumatsızlıq Abdan şəhərindən çıxarılmış adamlarda ümidsizlik yaradıb, bilmirlər ki, evlərinə qayıtmaq təhlükəsizdir, ya yox.
Küçələrdə, hətta evlərin içində raket qalıqları, silah-sursat var. Bu silah-sursat partlaya, adamları yaralaya bilər». Nurmammedov hesab edir ki, adamların həqiqəti bilməyinə ehtiyac var:
- Adamların çoxu hələ də depressiyadadır, şokdadır. Onlar deyirlər ki, mobil telefonlar bəzi yerlərdə tutmur, bu məsələ onları əsəbiləşdirir. Uşaqlar kəndlərdədirlər və evlərinə qayıtmağa qorxurlar.
Adını açıqlamayan bir abadanlı ferghana.ru saytına yazıb ki, hökumətin hadisə ilə bağlı məlumat verməməyini anlamaq çətindir:
«Nəhayət belə hadisə təəssüf ki, dünyanın hər yerində baş verir. Sadəcə etiraf edin ki, nə baş verib. Onda sən qurbanların ailəsinin dərdinə şərik ola bilərsən, ölənlərin xatirəsi üçün milli matəm günü elan edərsən və qurbanların ailələrinə maddi yardım verə bilərsən. Adamlar bilərsə ki, hökumət özünü məsuliyyətli aparır, onda bəzi şeyləri düzəltmək asan olacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG