Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:20
«SUYU PAMBIQLA SÜZÜB İÇİRİK»

Bakının qədim məskənlərindən biri olan Fatmayı kəndinin su sarıdan bəxti heç gətirməyib.

Son illərə kimi sakinlər içməli suyu kənddən bir neçə kilometr aralı – dəniz sahilində salınmış bağlardan gətirirmişlər.

Kənd bələdiyyəsində su ilə bağlı problemlərinin arxada qaldığını desələr də indi bu kənddəki evlərə içməli su həftədə bir dəfə verilir. Amma onu da içməli hala salana qədər sakinlər demələrinə görə, xeyli əziyyət çəkirlər.

Kənd sakini Məhərrəm Məhərrəmov:

«Suyumuz həftədə bir dəfə gəlir. Həyətdə çənimiz var suyu yığırıq ora və durulur sonra pambıqla süzüb içirik. Gördüyün o çən var 6 tonluq çəndir. İldə bu çənin içərisindən xeyli palçıq təmizləyib çölə tökürük. Su süzülmür. Bu heyvanlar üçün olan sudur, biz çarəsizlikdən onu içirik».

FATMAYIDA XƏSTƏLƏNMƏK RİSKİ

Məhərrəm kişi Fatmayı kəndində xəstələnməyin də riskli məsələ olduğunu deyir:

«Bizim kənddə bir poliklinika var. Nə dərman var, nə bir şey. Bir-iki həkim var. Maşınları isə 35 ilin maşınıdır, xəstə aparanda yolda xarab olur. Düşüb itələyirlər. Ay yarım bundan əvvəl deputatımız gəlmişdi, Hacı Salahov. Mən də getdim onunla görüşə. Dedim gedin bir poliklinikaya baxın, görün ora poliklinika demək olarmı, ora həkimə getmək olarmı? Bir dənə aptekimiz yoxdur. Fatmayı Bakı kəndləri içərisindən ən geridə qalmış kənddir».

Məhərrəm Məhərrəmov
Kənd icra nümayəndəliyində və bələdiyyədə problemlərinin yavaş-yavaş həll olunacağını deyirlər. Fatmayı bələdiyyəsi sədrinin müavini Nəsir Nəsirli isə içməli su problemini daha çox fəsillə bağlayır. Deyir ki, yaz-yay aylarında içməli su problemini paytaxt Bakıda da müşahidə etmək olar:

«Mən deyərdim su ilə bağlı problemlərə Bakıda da rast gəlinir. Həftədə bir dəfə, bəzən bacaranda iki dəfə evlərə su verilir, sakinlərin də çəni var suyu çənə yığırlar və bu da normal haldır».

Qaldı ki kənd poliklinikası ilə bağlı məsələyə bələdiyyə sədrinin müavini artıq yeni poliklinikanın tikilməkdə olduğunu bildirir.

FATMAYI İLƏ XƏZƏR ARASINDA «ÇİN SƏDDİ»

İçməli suyu həftədə bir dəfə görən Fatmayılılar dənizin şor suyuna da həsrət qalıblar. Bu kənd Xəzər dənizindən cəmi 4 kilometr aralıda olsa da sakinlər heç cür bu məsafəni qət edib dənizə gedə bilmirlər. Üç il əvvəl bu kəndlə Xəzər arasında dörd metr hündürlükdə və kilometrlərlə uzanıb gedən daş hasar çəkilib.

Hasarlanan dəniz

Dənizin hasarlanmasından ən çox əziyyət çəkənsə sahildən 50-60 metr aralıda «Muğan» sanatoriyasında yaşayan 70-ə yaxın məcburi köçkün ailəsidir. İndi onlar dənizi görmək üçün ya pilləkən qoyub hasarın üstünə çıxmalıdırlar, ya da sanatoriyanın damına. Onların məni görən kimi sualı da bu oldu:

- Pilləkən gətirmisinizmi özünüzlə?

- Əgər gətirməmisinizsə onda gərək gedəsiniz Nardaran tərəfə, dənizə ordan baxasınız. Ya da gərək çıxasınız sanatoriyanın damına.

- Kim çəkib bu hasarı?

- Biz bilirik, amma qorxuruq deməyə. Qaçqınlar eləsə onları güllələyərlər, yəqin məmurlarındır. Elə bil «Çin səddi»dir.

DAMDAN GÖRÜNƏN DƏNİZ

Pilləkən tapmadığımdan dənizin və kilometrlərlə uzanıb gedən hasarın şəklini dörd mərtəbəli «Muğan» sanatoriyanın damından çəkməli oldum.

Məcburi köçkünlərin deməsinə görə, dənizin sahili hasarlananda xeyli müqavimət göstəriblər, hətta bir neçə dəfə hasarları söküblər də. Amma polis onların qarşısını alıb. Məcburi köçkünlərin sözlərinə görə, gecələr həmin ərazidə keşik çəkən polislər onları həbslə hədələyiblər.

«BİZ DƏNİZİ OĞURLAYASI DEYİLİK Kİ?»

«Dedik balaca yol qoyun polisi gətirib tökdülər. Dedilər hasarı söksəniz, əl vursanız sizin hamınızı basacıyıq «içəri». Üç dəfə o hasar söküldü-tikildi. Heç olmasa bir balaca qapı qoysunlar camaat yazıqdır getsin ayaqlarını quma basdırsın, pulumuz da yoxdur gedək həkimə. Boş ərazidi, biz qumu, dənizi oğurlayası deyilik ki, əgər hansısa obyekt filan olsaydı bilərdik ki, buna görə ərazini hasara alırlar».

Nəsir Nəsirli
Fatmayı bələdiyyəsinin sədr müavini Nəsir Nəsirli isə deyir ki, hasarlanan ərazilər Binəqədi bələdiyyəsinə aiddir. Bu səbəbdən dəniz sahilini kimlərin hasarlanması onlara bəlli deyil. Amma o, bütün hallarda bu yay mövsümündə kənd sakinlərinə çimmək üçün imkan yaradılacağına ümid edir:

«Bir az orda yer saxlayıblar, ordan keçməklə adamlar dənizdən istifadə edə bilir. İnşallah yəqin ki, bu mövsüm adamların çimməsinə imkan verərlər».

Amma mən dəniz sahilinə getmək üçün bələdiyyə sədrinin müavininin dediyi yeri çox axtarsam da tapa bilmədim. Sakinlərdən öyrəndim ki, bələdiyyə rəsmisinin dediyi həmin yeri bir neçə gün əvvəl bağlayıblar.

Son ümidlərini prezidentə və onun xanımına bağlayan sakinlər hər iki şəxsə indiyə qədər 200-dən artıq məktub göndəriblər. Onlar düşünürlər ki, prezident dənizin hasarlanmasından xəbərsizdir. Əgər xəbəri olsa o buna imkan verməz:

Dənizin görüntüsü
«220 dənə ərizə göndərmişik, amma hələ heç bir cavab verilməyib. Biz deyirik hasarı çəkirsiz heç olmasa bir yer qoyun ki, gedib dənizdə hava alaq. Ona görə də prezidentə və Mehriban xanıma müraciət göndərmişik ki, bizə şərait yaradılsın ki, dənizə gedə bilək».

FATMAYI KƏNDİNİN ADI İLƏ BAĞLI VERSİYALAR

Bakının Məhəmmədi, Digah, Pirşağı və Goradil kəndləri ilə qonşu olan Fatmayı kəndinin adı ilə bağlı bir sıra versiyalar var. Əhali arasında ən çox yayılan fikrə görə, kənd yelçəkən ərazidə yerləşdiyindən, onu «mehi fəth edən yer» anlamına uyğun olaraq «Fatmehi» adlandırıblar. Digər mülahizəyə görə isə Fatmayı Həzrəti-Fatimənin adı ilə bağlıdır. Başqa bir ehtimala görə isə kəndin adı 18-ci əsrdə Salyan hakiminin dul qalmış arvadı Fatma xanımla bağlıdır.

Şərhləri göstər

XS
SM
MD
LG