Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:56

17 yaşlı talassemiyalı xəstə...


Aslan İsmayılov
Aslan İsmayılov
«Bizim «qəhrəman» həkimlər talassemiya xəstəsi olan bir uşağa qan köçürərkən, onu «Hepatit-C» virusuna yoluxdurublar».

Bu açıqlamanı AzadlıqRadiosunun «Can Bakı» proqramına vəkil Aslan İsmayılov verdi.

UŞAQ ÖZÜ XƏSTƏLİKLƏ MÜBARİZƏYƏ GİRİŞİB...

O deyir ki, avqustun 31-də 18 yaşı tamam olacaq bu şəxsin həyatı tükdən asılıdır:

«Mənə anası—xarici dil müəlliməsi olan imkansız qadın müraciət etdi. Ad çəkməyəcəyəm. Çünki diskomfort yaşamaqlarını istəmirəm. Valideynlərinin çarəsizliyini görən uşaq özü mübarizəyə girişib. Türkiyədə talassemiyayla bağlı konfransa qatılıb və bir yəhudi həkimlə tanış olub. Həkim uşaqla, xəstəliyi ilə tanışlıqdan sonra ondan anasının elektron ünvanını alıb və anaya məktub yazıb».

HƏKİM CAN ANAYA NƏLƏR YAZDI?

Aslan bəy ananın məktubu ona gətirdiyini dedi:

«Yazır ki, mən Sizin övladınızı çox sevdim. Çünki tərbiyəli, mütaliəli, dünyagörüşlü uşaqdır. Amma onun 12-16 ay ömrü qalıb... Xahiş edirəm, bu işə ciddi yanaşın! Ya külli miqdarda pul lazımdır ki, ciyəri dəyişdirilsin, ya da onu Avropa ölkələrindən birinə övladlığa verin. Çünki bu xəstəliyin müalicəsi Avropa Birliyi ölkələrində pulsuzdur. Onu edə bilməsəniz, son variantı təklif edirəm. Mənim 62 yaşım var. Onu övladlığa götürə bilərəm».

10-DAN ÇOX SƏNƏD TOPLADIQ

Ananın iki aydır onun yanına gəlib-getdiyini, gecə-gündüz göz yaşı tökdüyünü deyən Aslan İsmayılov dərhal həkimlə əlaqə yaratdığını dedi:

«Həkim övladlığa götürməyə hazır olduğunu bildirdi, özünə vəkil tutdu. Mən də buradan vəkillə əlaqə saxladım. Bizim qanunvericilikdə nəzərdə tutulan sənədləri bir-bir tələb etməyə başladım. 10-dan çox sənəd aldıq. İddia hazırlayıb Binəqədi rayon Məhkəməsinə göndərdik. O sənədlərin əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir rəy verməlidir ki, biz icazə veririk».

AVQUSTUN 31-Ə QƏDƏR VAXTIMIZ VAR

Həkimlər talassemiya xəstəsi olan bir uşağa qan köçürərkən, onu «Hepatit-C» virusuna yoluxdurublar
Aslan İsmayılov avqustun 31-ə qədər övladlığa götürmənin tamamlanmasının gərək olduğunu söylədi:

«Çünki o tarixdə uşağın 18 yaşı tamam olur. Ondan sonra bu işi gerçəkləşdirmək olmaz...».

Vəkil Komitədə onlara problem yaratdıqlarını bildirdi:

«Dedilər sənədlərin möhürü yoxdur. İsraildə o sənədə möhür vurmurlar. Geri göndərib təzədən möhür vurdurduq... Təqdim etdik. Sonda bizdən bir sənəd istədilər ki, bu işi İsrailin dövlət orqanı etməlidir. Birdən uşaqdan donor kimi istifadə edərlər. Mən etiraz etdim ki, bu uşaqdan donor kimi istifadə oluna bilməz. Birincisi, 18 yaşı olacaq. İkincisi, bu cür xəstə olan orqan kimə lazımdır?».

QANUNU POZMAQ İSTƏMİRİK

Vəkil deyir ki, məhkəmə qərarı qəbul olunandan sonra ən azı bir ay vaxt lazımdır ki, bu qanun qüvvəyə minsin:

«Yəni bu gün qəbul olunsa, ancaq avqustun 13-ü o qərarı ala bilərəm. Sonra dərhal leqallaşdırıb İsrailə göndərməliyik ki, oradakı həkim ayın 31-ə qədər bunu sənədləşdirsin. Aynur Sofiyevaya (Komitə sədrinin müavini) da müraciət etdim. Dedi çalışarıq, amma qanunu pozmaq istəmirik».

ÖLKƏDƏ NƏ QƏDƏR TALASSEMİYALI XƏSTƏ VAR...

Aslan İsmayılov istənilən qanunun insana xidmət etməli olduğunu vurğuladı:

«Komitənin borcu uşağa kömək etməkdir. Götürün, özünüz müalicə edin. Bilmirsinizsə, bir kağız parçasına görə tale ilə oynamayın! Bu ölkənin minlərlə talassemiyalı xəstəsi var, kömək edə bilmirlər!».

Oradan əli üzülən vəkil məhkəmə sədrinə, Ədliyyə Nazirliyinə və başqa yerlərə üz tutub:

«İş indi məhkəmədədir. İndi bilmirəm kimə müraciət edim? Əslində, öz işimi bitirmişəm...».

HƏR ŞEY KİMİN ƏLİNDƏDİR?

Vəkil hər dəfə xəstənin evinə zəng edəndə, telefonu qaldıran uşağın necə sevindiyini duyur:

«Sevincək anasını çağırır. Elə bilir, hər şey mənim əlimdədir...».
XS
SM
MD
LG