Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:36
Tanınmış İsrail yazıçısı Amos Oz ölkəsinin fələstinlilərlə bağlı siyasətini tənqid edib.

Onun fikrincə, hazırda İordan çayının qərb sahilində Fələstin xalqına qarşı “davam edən işğal” və orada yəhudilər üçün yeni qəsəbələrin salınması ümumilikdə mənəviyyata zidd hərəkət olmaqla yanaşı həm də İsrail dövlətinin maraqlarına uyğun deyil.

Yazıçı bunu Yerusəlimdə (Qüdsdə) keçirilən Prezident Konfransında bildirib.

Onun fikirləri tədbir iştiakçılarının bir hissəsinin alqışları, bir hissəsinin isə etiraz nidalarına səbəb olub.

Amos Oz hesab edir ki, fələstinlilərin Yerusəlimdəki evlərindən çıxarılması və həmin evlərdə yəhudilərin yerləşdirilməsi də İsrail üçün yaxşı hal deyil:

“Mən bunu dövləti sevən bir adam kimi deyirəm”.

Yazıçı həm də bildirib ki, avropalılar İsrail-Fələstin münaqişəsini “Hollivud üslubunda ağ-qara - xeyrin-şərlə mübarizəsi” kimi görürlər.

Onun fikrincə, keçmişdə həqiqətən də bəzi münaqişələr “ağ-qara” olub. O, müstəmləkəçiliyi, Vyetnam müharibəsini, Aparteid rejimini misal çəkib.

“İsrail-Fələstin münaqişəsi isə belə deyil. İsraillilər və fələstinlilər heç zaman böyük bir xoşbəxt ailə olmayacaqlar. Bu münaqişə düşmənlərin qəfil barışması, bal ayı şəklində bitməyəcək. Bu, ağrılı və ədalətli boşanma prosesi olacaq”.

Amos Oza görə, yaxşı xəbər odur ki, hər iki xalq sonda dədə-baba torpaqlarının bir hissəsini güzəştə getməli olacaqlarını anlayırlar. “Münaqişə həll ediləndə onlar küçələrə çıxıb rəqs edəcəklərmi? Yox”.

Yazıçı hesab edir ki, münaqişənin həlli 1967-ci il reallıqlarına əsaslanmalıdır.

O münaqişənin həllini necə gördüyünü də açıqlayıb:

“Günlərin bir günü İsraildə Fələstin səfirliyi, Fələstində isə İsrail səfirliyi açılacaq. Onlar bir-birindən elə də uzaqda olmayacaq, biri Yerusəlimin şərqində, digəri isə qərbində yerləşəcək”.

Hazırda İsrail dövləti Yerusəlimi bölünməz sayır və onun bir qarışını da fələstinlilərə güzəştə getmək istəmir.

Həmçinin oxu
Umberto Eko İsrail yazıçısına qahmar çıxdı

Günün bütün mövzuları

XS
SM
MD
LG