Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:29

Oğuz-Qəbələ-Bakı su kəməri ilin sonuna qədər tam gücü ilə işləyəcək


«İlin sonuna qədər Oğuz-Qəbələ-Bakı su kəmərinin məhsuldarlığı layihə gücünə, yəni saniyədə 5 kubmetrə çatacaq».

Bu barədə «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib.

O deyib ki, hazırda Oğuz-Qəbələ-Bakı kəməri ilə verilən su paytaxtın Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının isə bir hissəsini təmin edir:

«Nizami, Xətai, Suraxanı rayonlarının 2-3 gündən bir su alan ərazisinə indi hər gün səhər və axşam su verilir. Görülən tədbirlər nəticəsində 20-ci Sahə, Badamdar, Lökbatan, Yeni Yasamal, Hövsan, Əhmədli və 8-ci Kilometr yaşayış sahələrinin içməli su ilə təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb».

Oğuz-Qəbələ-Bakı su kəməri 2010-cu ilin dekabrında istismara verilib. «Azərsu» ASC-nin məlumatına əsasən, kəmərinin tikintisinin ümumi dəyəri 480 milyon manat qiymətləndirilir.
XS
SM
MD
LG