Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:18

Prezidentin qardaşını öldürdülər


Solda Əhməd Vəli Karzai, sağda Həmid Karzai
Solda Əhməd Vəli Karzai, sağda Həmid Karzai


Əfqanıstan prezidenti Həmid Karzainin ( Hamid Karzai) kiçik qardaşı Əhməd Vəli Karzai ( Ahmad Vali Karzai) Qəndəharda öz evində öldürülüb.
Belə hadisələrdə olduğu kimi bu qətlin məsuliyyətini Taliban öz boynuna götürüb.

Qəndəhar Əyalət Şurasının sədri olan Əhməd Vəli Karzai öldürülən vaxt onun qardaşı prezident Həmid Karzai Fransa prezidenti ilə birgə mətbuat konfransı keçirirdi.

O deyib: “Siz artıq eşitdiyiniz kimi mənim kiçik qardaşım Əhməd Vəli Karzai öldürülüb. Bu, bizim Əfqanıstandakı həyatımızdır. Hər bir ev bu faciəni yaşayıb. Mən ümid edirəm ki, bunun axırı gələcək.”

KARZAİNİ KİM ÖLDÜRÜB?

Qətlin detalları axıracan aydın deyil.
Daxili İşlər nazirliyi qatilin kimliyi barədə məlumat vermir.

Agentliklər adını çəkmədikləri mənbəyə istinadla xəbər verirlər ki, Karzaini öz cangüdənlərindən biri öldürüb.

Ancaq Əfqanıstanın kəşfiyyat agentliyi olan Milli Təhlükəsizlik Müdirliyi bildirir ki, Karzaini öz qonağı öldürüb.
Sonra isə Karzainin cangüdənləri həmin qonağı vurub-öldürüblər.

Azadlıq Radiosunun Əfqanıstan xidmətinə əfqan rəsmiləri deyiblər ki, Karzaini vuran onun cangüdənidir. Adı Sərdar Məhəmməddir. Ailənin çox inandığı, etibar etdiyi adam olub. O Karzaini başından vurub. Sonra isə onun özünü o biri cangüdənlər güllələyiblər.

Talibanın nümayəndəsi Frans Press agentliyinə deyib ki, qatili Taliban tutmuşdu.

NARKOTİK ALVERİNDƏ İTTİHAM OLUNURDU

49 yaşlı Əhməd Vəli Karzai Əfqanıstanın ən nüfuzlu və ziddiyyətli siyasətçilərindən biri idi.
O, Qərblə dost idi, ancaq eyni vaxtda korrupsiyada ad çıxarmışdı. O həmçinin narkotik alverində ittiham olunurdu.

Qanunun əleyhinə olaraq Əhməd Vəli Karzainin öz şəxsi hərbi hissəsi vardı və buna görə o tənqid olunurdu.

Prezident Həmid Karzai bu ittihamlardan həmişə qardaşını qoruyub və ittihamları həmişə rədd edirdi.

AMERİKA MEDİASI KARZAİDƏN NƏ YAZIRDI?

Əhməd Vəli Karzai Əfqanıstanın 10 ən varlı adamından biri idi.

New York Times keçən il yazırdı ki, Əhməd Vəli Karzaiyə qarşı ittihamlara görə, o, pul yuma ilə məşğul olurdu. Hökumət torpaqlarını zəbt edirdi. Qəndəhardan tiryək daşımaqla nəhəng mənfəət götürürdü.

Qəzet yazırdı ki, yüksək rütbəli Amerika diplomatları bu ittihamları araşdırmağa xeyli vaxt sərf ediblər, ancaq məlum olub ki, əldə olan sübutlar kifayət qədər aydın deyillər. Ona görə Amerika diplomatları Karzaiyə təzyiq edə bilməyiblər ki, qardaşını istefaya göndərsin.

Əhməd Vəli Karazai Financial Times qəzetinə müsahibəsində demişdi ki, “inanın mənə, prezidentin qardaşı olmaq asan deyil”.

Media məlumatlarına görə, hərbi dəstə üçün adam lazım olanda və ya yer kirayələmək lazım gələndə Karzai Mərkəzi Kəşfiyyat İdarəsinə xidmətlər göstərib və buna görə həmişə CİA-dən pul alırmış.
Ancaq Karzai bu məlumatları gülməli hesab edirdi.

Washington Postun ”Qəndəhardakı belə güclü hakimiyyətinin sirri nədədir?” sualına Karzai belə cavab vermişdi ki, “mən adamlarla necə danışmağı bilirəm. Mən onların ehtiyaclarını bilirəm”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG