Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:05

Bakıda içməli suyun saxta brendləri


«BİR MÜDDƏT SONRA SUYUN DİBİNƏ ZİR-ZİBİL ÇÖKÜR»

Yayın gəlişi sərinləşdirici içkilərə, sulara olan tələbatı artırıb. Bir qrup Bakı sakini ilə apardığımız söhbətdə suyun keyfiyyətindən, tamından narazılıq eləyənlər oldu:

«Balaca sexlərdə, «podvallarda» hazırlanmış sulardır. Kürdən doldurub, camaata satırlar».

«Mən ümumiyyətlə satışda olan suları içmirəm. Mənbəyi bilinmir ki, haradan gətirirlər bu suları, ona görə də ümumiyyətlə su almıram».

Bakı sakini Zabit Quliyev Şollar suyunun tamına illərdir həsrət qaldığını deyir:

«Əvvəlki Şollar suyunun tamını heç bir su vermir. Alırıq suyu, gətiririk evə, bir az qalandan sonra görürsən ki, çöküntü verib. Hamısı keyfiyyətsiz, nəzarətsiz hazırlanan sulardır. Bu suların keyfiyyətinə diqqət yetirilsə, yaxşı olardı».

Mühiddin Hüseynov hətta suyun keyfiyyətsiz olduğunu bildiyi halda belə, əlacsızlıqdan aldığını deyir:

«Elə olur ki, mən gündə 3-4 dəfə mağazadan su alıb içirəm. Bundan başqa evə də, ofisə də suyu alırıq. Hamısı keyfiyyətsiz, yararsız sudur. Canımızın dərdindən alıb içirik. Adicə evə aldığımız suyu, qaynadırsan və çöküntü yığılır. Halbuki, bizə suyu satanda deyirlər ki, sterilizə olunub».

Bakının mərkəzində baş çəkdiyimiz bir neçə mağazanın satıcıları isə deyirlər ki, su alarkən sertifikat tələb edirlər və keyfiyyətlisini alırlar. Onların fikrincə, əslində suyun istehsal olunmasına nəzarət edilməlidir.

BAZARA NİYƏ KEYFİYYƏTSİZ MƏHSUL ÇIXIR?

Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov deyir ki, dəfələrlə satışdakı keyfiyyətsiz və saxta məhsullarla bağlı dövlət qurumlarına müraciət edib. Amma heç bir nəticəsi olmayıb:

«Azərbaycanda satılan hər bir sərinləşdirici içkinin və brendin saxta variantları var. Bunların 80 faizindən çoxu anti-sanitar şəkildə, harada gəldi, necə gəldi istehsal edilir. Təbii ki, bu da insan orqanizmi üçün olduqca zərərli və təhlükəlidir. Hökumət isə biznesi müdafiə edir, amma istehlakçı hüquqlarının müdafiə siyasəti olduqca zəifdir».

Eyyub Hüseynov
Əyyub Hüseynov bəzi saxta məhsulların aşkar şəkildə satılması hallarının mövcud olduğunu bildirdi. Onun sözlərinə görə, məmurlar bilərəkdən, öz maraqları naminə bu cür hallara göz yumurlar.

«PROBLEM HƏLL OLUNUR»

Satışda olan suyun keyfiyyətinə nəzarəti həyata keçirən dövlət qurumlarından biri də Gigiyena və Epidemiologiya Mərkəzidir. Mərkəzin qida gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyir ki, bir neçə il öncə keyfiyyətsiz su satışı problemi mövcud idi. O, əlavə edir ki, son zamanlar rəqabətin artması, bu sahəyə ciddi nəzarətin həyata keçirilməsinin nəticəsi olaraq bu problem aradana qaldırılıb:

«Biz üç ay ərzində 100-dən yuxarı su çeşidi üzərində yoxlama aparmışıq. Buraya alkoqolsuz – qazlı, qazsız içkilər, limonadlar və s. daxildir. Laborator tədqiqatlar zamanı kimyəvi, taksoloji, mikrobioloji normadan kənara çıxma halları aşkarlanmayıb. Amma deyək ki, gizlin sexlərdə hazırlanmış məhsullar gizlin yollarla satışa çıxarıla bilər. Bizim işçilərimizin sayı isə mağazalarla müqayisədə yüzlərlə azdır. Biz hər mağazaya bir işçi qoymaq, nəzarət aparmaq imkanımız yoxdur. Amma əhali də gərək bu məsələdə aktiv olsun».

İmran Abdullayev deyir ki, keyfiyyətsiz məhsullara tək dövlət qurumları yox, əhalinin özü də nəzarət etməlidir. Bu baxımdan o, istehlakçıların keyfiyyətinə şübhə etdiyi məhsullarla bağlı dövlət orqanlarına müraciət etməyi tövsiyə edir.
XS
SM
MD
LG