Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:40

Xaçmaz sakininin ölüm müəmması


Eldar Şıxəliyev və onun anası Mina Şıxəliyeva. Foto: Azadlıq qəzeti

Eldar Şıxəliyev və onun anası Mina Şıxəliyeva. Foto: Azadlıq qəzeti

«YOLDAŞIMI İCRA BAŞÇISININ MÜAVİNİ DÖYÜB»

Ötən ayın sonlarından Bakıdakı 1 saylı şəhər klinik xəstəxanasında müalicə alan Xaçmaz rayon sakini Eldar Şıxəliyev iyulun 10-da vəfat edib. Yaxınlarının iddiasına görə, Eldar Şıxəliyev rayon icra hakimiyyəti başçısının müavini Azər Haqverdiyev və polislər tərəfindən yetirilən xəsarətlərdən ölüb.

Eldar Şıxəliyevin həyat yoldaşı Bəturə Mirzəyevanın AzadlıqRadiosuna deməsinə görə, hadisə baş verən gün, iyunun 19-da əri toya gedib və bir qədər sonra onun xuliqanlıq hərəkətinə görə polisə aparıldığı barədə onlara məlumat verilib. Bəturə Mirzəyevanın sözlərinə görə, o, polisə getsə də ona ərinin sərxoş halda bölməyə gətirildiyini və yatdığını deyiblər. Bəturə Mirzəyevanın bildiyi odur ki, əri şəhərdə abadlıq işləri aparan salyanlı fəhlələrdən iki il əvvəl ödəmədikləri kirayə pulunu istəyib. Bu zaman fəhlələrlə onun arasında yaranan mübahisəyə əraziyə gələn icra başçısının müavini müdaxilə edib və Eldar Şıxəliyevi döyüb:

«Bu fəhlələr Eldar Şıxəliyevin anasının evində qalıblar, amma kirayə pulunu verməyib qaçıblar. O da toydan gəlirmiş, sərxoş olub deyəsən və onlardan pulu istəyib. Fəhlələrlə mübahisə edib. İcra başçısının ikinci müavini Azər Haqverdiyev qıraqda dayanıbmış, heç yoldaşım onu tanımayıb. O, yoldaşımı qaldırıb çırpıb yerə, yoldaşımın başı yarılıb və qalıb yerdə. Onu qan aparıb, sonra onu maşına atıb aparıblar polisə».

Bəturə Mirzəyeva deyir ki, əri huşsuz vəziyyətdə sutka yarım da polisdə saxlanılıb. Dediyinə görə, o, polis bölməsinin qarşısında gözlədiyi vaxtda bölməyə təcili yardım maşını gəlsə də o, təcili yardımın ağır vəziyyətdə olan ərinə görə gəlməsindən xəbərsiz olub və polisdə hər şeyi ondan gizlədiblər:

«Mən bilməmişəm o təcili yardım maşını mənim yoldaşıma görə gəlib, sadəcə yoldaşımı evə aparandan sonra təcili yardım çağırdıq və onlar dedilər ki, biz elə bir qədər əvvəl bu kişiyə polis bölməsində yardım göstərmişik».

AZƏR HAQVERDİYEV: «MƏN ONU POLİSƏ TƏHVİL VERƏNDƏ ONUN BAŞI YARILMAMIŞDI».

Xaçmaz rayon icra hakimiyyəti başçısının sosial məsələlər üzrə müavini Azər Haqverdiyev Eldar Şıxəliyevlə aralarında mübahisə olduğunu təsdiqləyir. Amma adı çəkilən şəxsi vurmadığını deyir. Onun deməsinə görə, rayonda abadlıq işləri aparan fəhlələrin müraciətindən sonra əraziyə gəlib və sərxoş halda olan həmin şəxsin fəhlələri təhqir etdiyini görüb. Azər Haqverdiyev deyir ki, o, dəfələrlə Eldar Şıxəliyevdən çıxıb getməsini xahiş edib:

«Çox xahiş etdik. O, əlində daş arxaya çəkiləndə ayağı ilişdi, yıxıldı. Yoldan keçən iki mühafizə polisinə dedim onu tutub saxladılar, sonra da mən polisə müraciət etdim ki, «burda bir sərxoş adam var, gəlin aparın». Hadisə belə olub, başqa heç bir şey olmayıb».

Azər Haqverdiyev polisə aparılan zaman Eldar Şıxəliyevin başında, bədənində hər hansı xəsarət olmadığını deyir:

«Onun nə başı yarılmışdı, nə də üstündə bir qan ləkəsi var idi. Ona heç bir şey olmamışdı. Yıxılandan sonra hətta durub yenə də əl-qol atdı, fəhlələri söydü».

Ehsan Zahidov
-Azər müəllim, siz deyirsiz polis maşınına mindiriləndə onda heç bir xəsarət yox idi, ola bilərmi o xəsarətləri polisdə alıb?

-Mən onu görməmişəm, bir şey deyə bilmərəm, adamdır, ola bilər maşından düşəndə yıxıla bilər, amma yalan deyə bilmərəm.

«POLİSDƏN EVƏ GƏTİRİLƏNDƏ ONUN BAŞINDA İKİ YERDƏ TİKİŞ VAR İDİ»

Azər Haqverdiyev Eldar Şıxəliyevin polisə aparılarkən heç bir xəsarət almadığını desə də, Şıxəliyevin həyat yoldaşı Bəturə Mirzəyevə deyir ki, ərini polisdən evə gətirəndə onun başında iki yerdə tikiş olub və onu Bakıda xəstəxanada söküblər.

Xaçmaz rayon polisində Eldar Şıxəliyevin iyunun 19-da bölməyə gətirildiyini təsdiqləsələr də qalan suallarımıza cavab vermədilər, bütün suallarımızı hadisəni araşdıran rayon prokurorluğuna verməyi məsləhət gördülər.

Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov isə narahatlığa əsas görmür, deyir prokurorluq yaxın vaxtlarda hadisənin səbəblərinə tam aydınlıq gətirəcək.

XƏSARƏTLƏ BAĞLI CİNAYƏT İŞİ AÇILIB

Baş Prokurorluqdan AzadlıqRadiosuna verilən məlumata görə, Eldar Şıxəliyevə bədən xəsarətləri yetirilməsi faktı ilə əlaqədar Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanılaraq istintaq aparılır.

Şərhləri göstər

XS
SM
MD
LG