Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:30
Azad Qaradərəli


SÖZLƏR, QƏRİB SÖZLƏR.

(“Söz naxışları” silsiləsindən)

Yazıçının materialı sözdür. Yazdığı dili yaxşı bilməyi istedadıyla əllinin əlliyədir. Dil deyəndə ilk öncə mən sözləri və söz birləşmələrini düşünürəm.

Yazıçı xalqının dilini, onun dilinin dialektlərini, jarqonlarını, arxaizmlərini və başqalarını mükəmməl bilməlidir.

Neologizmlərini isə nəinki bilməlidir, hətta yenilərini yaratmağa cəhd göstərməlidir.

Əgər bu günki maşın təmir edən qəhrəmanının obrazını yaradarkən plaskakups, atvyorka, qluşitel, smazka, praflaktoriya kimi dilimizə yatmayan sözlərin qarşılığını tapmadan, yeni söz yaratmadan, yaxud heç olmasa sətri tərcümə belə etmədən işlədirsə, bu yazıçılıq sayılmaz məncə.


Şaqqıldaq – qoyunun quyruğunda, qarnının altında yuna yapışıb daş kimi bərkiyən və yeridikcə şıqqıldayan, yaxud şaqqıldayan heyvanın pox-sidiyindən yaranan şey. Pinti ailələrin heyvanlarında olardı şaqqıldaq. Üst-başı pinti olan qadınlara da “şaqqıldaqlı” deyə lağ edərdilər.
Yazıçının tarixi missiyası mənsub olduğu xalqın dilini düzgün qullanmaqdır. Çünki bu dil onun bir yazıçı kimi şöhrətlənməsinə aşırı yardım edəcəkdir.

Dilimizin neçə illər passiv qalan alt qatında (bu arxaizm də ola bilər, dialekt də, kalka da) yazıçı üçün potensial gücə, qüvvəyə, enerjiyə çevrilə biləcək xam materiallar var ki, istifadəçisini gözləyir.

Uzun illərdir ki, mən hər gün bir, yaxud bir neçə sözü eşidən kimi, yaxud özüm işlədən kimi (olur axı beləsi də, heç özün bilmədən qəfildəncə haçansa eşitdiyin sözü birdəncə işlədirsən, məsələn belə: “- Dilimə dilbar çıxıb... – Tüpür yerə düşsün!” – dilbar çivzə kimi bir dilağrıdıcı nəsnədir ki, dilin üstünə, yanına çıxar, adamın dilinin ağzına sığmasına mane olar.) tez dəftərçəmə qeyd edirəm.

Və indi həmin sözlərdən bir neçəsini bu yazıya daxil etdim.

Amma mənim “lüğət”imdən parçaları təqdim etməzdən əvvəl bir şeyi də deməliyəm. Mən bu sətirləri niyə yazdım?

Saytlarda gənc yazıçı Əli Əkbərin dilimizin kasadlığına aid bir yazısını oxudum. Və yazıçı Rafiq Tağının ona sərt cavabına da rast gəldim.

Hər ikisinə sayğı duyaraq bu yazını çap etdirmək qərarına gəldim.

Yalnız bir şeyi deməliyəm: mən Əli Əkbərlə qismən, Rafiq Tağıyla da əsasən razıyam. “Qismən” o deməkdir ki, uzun zaman dövləti, müstəqilliyi, sınırı, öz milli istehsalı olmayan xalqın dili də bütöv ola bilməz.

“Əsasən” o deməkdir ki, bizim dilimiz xalqımızdan güclüdür – xalqımız özgürlüyünü, milli varlığını, torpağını bütöv qoruya bilmədisə, dilimiz bunu daha yaxşı bacarıb. Burda dilimizdəki fellərin rolu aşırıdır ki, bu barədə mərhum B.Vahabzadənin bir şeri də var.


Beləcə, qərib sözlərdən bəzilərini oxuculara təqdim edirəm.

Əli Əkbər

1. Sadağa - yaxud sadağ, yaxud sadağa getmək, yaxud sadağa olsun, yaxud sadağa düşmək - canım sənə sadağa olsun... sadağa getmək... sadağa düşmək... (qurban olmaq, qurban getmək mənasındadır) Sadaxlı kənd adı da güman ki, burdandır.

2.Luğab - üzlü, məc. şirin, dadlı, yapışıqlı; ms. səsi luğablıdı; luğablı sözünü nənəmin “lüğət”indən götürmüşəm. Südün üzlüsünə, mürəbbənin qatısına, balın şanlısına, bir də səsin yatımlısına “luğablı” deyərdi.

3. Tiyamar - yaxud tilamar - yayın tiyamarı... günün tiyamarı (istinin bir qədər səngiməsi)

4. Qaröyüt - “sonu qaröyüt olmuş”, “sonun qaröyüt olsun” şəklində işlənir. Hansısa hekayəmdə işləıtmişəm. (Bəlkə “sonun neft kimi qara olsun” deməkdir? )

5. Bad- təndirin qıraqlarını düzəltmək üçün sarı palçığın (bu xüsusi torpaqdır, hər
yerdə olmaz) keçi qəzili ilə qarisigindan yaranan məhlul.

6. Qaraçıxar – baramanın zay olanı, qurdu içində ölüb qapqara rəngə düşəni.

7. Papıs - yaxud badis; toyugun yaxud cücənin ayagına baglanan rəngli parca,nisanə, “Şeytana papış tikir” deyimi də burdandır.

8. Alaqarın – a)tam doymayan, doyana qədər yeyə bilməyən,b) yarışda əslində uduzana udan tərəfindən bir də şans verilməsi, məs, “Sənə bir alaqarın verirəm” – bu əslində təhqirdir, əsil adam bunu qəbul etməz, məğlubluğunu etiraf edər.

9. Püsür – baramanın üst hissəsində olan atılmalı, yararsız lif; bunu əlacı kəsilənlər, kasıblar parçanın içinə qoyub nimdaş yastığaoxşar şeylər düzəldərdilər (“pox-püsür” şəklində bu söz birləşməsinin ikinci tərəfində dilimizdə yaşayır)

10. Anahat – sovetdənqabaqkı dövrdə ailələrin dədə-baba pay torpaqları, yaxud sovetdənqabaqkı dövr.

11. Hənd – boş sahə, özü də bir qədər qəlbidə, qobu kimi yerdə olardı.

12. “Aşığım bəy dur!” – aşıq-aşıq oyununda işlənən ifadə(kefi saz olan da belə deyir)

13. Alıq – at-eşşək, yaxud öküzün belinə qoyulan xüsusi çul kimi əşya. “Alığını aldılarmı?” deyimi, əsasən başqa məqamçün deyilir, yəni səni soyundurdularmı? Bunu ya qarət olunana,qumarda uduzana, yaxud da namusuna təcavüz olunana deyirdilər

14. Alışma – qoyun, mal alıb alışma etmə, pay qoyma.

15. Çöçün – qəribə, təəccüblü; “mənə çöçün gəldi”...

16. Ala-qarsaq – çiytəhər, yaxşı bişməyən.

17. Tecav – kül tecavı; qazanın, yaxud sacın alt hissəsini küllə tecavlayardılar ki, ocaqda yanmasın, həmçinin dəri aşılayanda da kül tecavından yararlanardılar.

18. Ala-pörtö(v) – bax, ala-qarsaq.

19. Tırna – kənd arvadlarının alınlarına bağladıqları rəngli parça.

20. Əvsəy – yöngül adam, düşük adam, əvsənmiş, yüngülləşmiş mənasındadır.

21. Əsənək – əvsəyə uyğun sözdü, amma o deyil. Həmişə lağ hədəfi olanlar, adam içində sayılmayanlar bu cür adlanırılırlar. Ən çox da danışığını bilməyənlərçün deyilir: “əsənəkləmə!”

22. Addamac – kənd yerlərində kiçik çayın, yaxud arxın üstündən addıma bir iri daşlardan qoyulardı.

23. Şaqqıldaq – qoyunun quyruğunda, qarnının altında yuna yapışıb daş kimi bərkiyən və yeridikcə şıqqıldayan, yaxud şaqqıldayan heyvanın pox-sidiyindən yaranan şey. Pinti ailələrin heyvanlarında olardı şaqqıldaq. Üst-başı pinti olan qadınlara da “şaqqıldaqlı” deyə lağ edərdilər.

24. Sünbülündən su damlayan – təmiz, aşırı təmiz qız-gəlinçün deyilmiş öygülərdəndir. “Sünbül” burada məcazi deyimdir. Çox güman ki, saç mənasındadır. Yəni saçını tez-tez yuyan, əli suda olan anlamındadır.


Qeyd: Bu söz və ifadələrin bəziləri dialekt sözü kimi (məsələn “əsənək”), bəziləri arxaik səzlər (tırna, yaxud anahat), bəziləri də peşə sözü kimi (qaraçıxar, yaxud püsür) qəbul edilməlidir.

Amma bunlara və bu kimi sözlərə dilimizdə ehtiyac olduğu düşüncəsindəyəm.

Növbəti yazıda yeni yaranan, yaxud mənim özümün yazılarımda uyğunlaşdıraraq işlətdiyim yeni sözlərdən (neologizmlərdən) söz açacağam.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG