Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:03

Məlahət Yusifqızı "Neçə ildi qaçırıq" (Şeirlər)



Dünya bazarı

Başlarda,
ürəklərdə…
Evlərdə,
küçələrdə…
qan su yerinə axdı
«Gülüstan»dan bu yana.
Rezin kəmərə döndü Araz.
Gözü hədəqəsindən çıxana qədər
sıxdılar Azərbaycanı.
Şimala, Cənuba,
biri ikiyə,
ikini tikəyə ayırdılar.
Azadlıq qalxdı od qiymətinə
və mazutlu əski kimi
tıxandı bu məmləkətin boğazına.
Can,
qan bahasına oldu nəfəs dərimi.
Bu diyarda
od qiymətinə satıb,
su qiymətinə alırlar,
Azadlığı.
Bazara, dünya!


NEÇƏ İLDİ QAÇIRIQ

Neçə ildi
«Yeni Müsavat» oxuyuram -
köhnə dərdimlə
Neçə ildi qəfəsdən
azadlıq səsi gəlir
qulaqlarıma.
Yeni sərhədlər çəkilib
Ağdamdan üzü bu yana.
Qırılan yollar
üzümə qayıdır
davakar uşaqlar kimi.
Neçə ildi
birlik qovur
biz qaçırıq.


TORPAĞA QOYMA MƏNİ

Ərlik, qeyrət ucundan cəbrə çatacağamsa,
Yiyəsiz ömrü qərib qəbrə atacağamsa,
Düşmən tapdağı altda itib batacağamsa,
Torpağa qoyma məni!

Sayılıb seçilmədim başqa sənəmlər kimi,
Bir an gözdən qoymadım süngü-sitəm dərdimi.
Əzəldən tapılmırsa, mənli işlərin çəmi,
Gözümdən oyma məni!

Torpağı qoru yükdən yiyə duracaqsansa,
Çiynə söykənək olan səngər quracaqsansa,
Başım qılınca ovdu, çatıb vuracaqsansa,
Ellərə yayma məni.

Ər kimi ərin yoxsa, oğul kimi oğulun…
Yiyəsi olmalıdı hər kölənin, hər qulun.
Hər qardaşa bacıyam, düşmənsə sağım-solum,
Vətəndaş sayma məni!

O sirr düşməninkidi əgər bilib sezdisə,
Anam: - Oğul vay! - deyib qiyamətə dözdüsə,
Vətən qəbrə sığışmaz, Vətən kəfənsizdisə,
Kəfənə qıyma məni!
Düşmən tapdağı altda itib batacağamsa,
Torpağa qoyma məni!


QALMAYIB DEYİRLƏR

Qolun qılınc qurşamağa
Zoru qalmayıb, - deyirlər.
Ocaq odundan olubdu,
Qoru qalmayıb – deyirlər.

Haqdan buyruqdu kəfənin,
Torpaq götürərsə səni.
Gedib yurd ilə Vətəni.
Goru qalmayıb, - deyirlər.

Arıq, axsaqdı köçündə,
Zəfər oynamaz heçində.
Ovu ovcunun içində
Toru qalmayıb,-deyirlər.

Ərlik batdı yatırıyla,
Oba qaldı qız-qarıyla.
Qazan qaynayır qırıyla,
Sorğu qalmayıb, - deyirlər.

Qarışıb şəri millətin,
Yaddı qanşəri millətin.
Yetib Məhşəri millətin,
Doru qalmayıb, - deyirlər

- Bəsdir, gəl az sözə dəm ver!
Çarx fırlanır, təzə dən ver.
Tanrı, məni təzədən ver,
Qoru!..
Qalmayıb, - deyirlər.


HAQQ! HAQQ! HAQQ!

Yaddaşım
şəhər küçələri qədər
səs-küylü,
uğultulu.

Torpaqmı uludu,
yaddaşmı ulu?!
Yaddaşım,-
Gözü haqqın yollarına dikili,
Yaddaşım qardaş üzündən sökülür;
bir bir
bir iki,
bir üç.

Sökülüb torpağa tökülür;
hər şəhid,
hər əsir,
hər bürc.

Yaddaşım
zamanın
qara təkərlərinə qoşulu.
taraq, taq-taq…
taq-taq, taraq.

Yaddaşım
dünəni ötürən genlərin
silahsız qoşunu.
- Yaraq!
Yaraq!
Yaraq!

He…y!
Ehe…y!
Gəlin birgə bağıraq!
He…y!
Ehe…y!
Gəlin dünyanı qurtaraq!

Təkərlər qoşulu,
Təkərlər quş olur;
çap,
çap,
çap.

Təkərlər atında,
təkərlər altında
çap, tap.
çap, tap.
Tap, tap.
Tap, tap.
Haqq!
Haqq!
Haqq!
Haqq!


KÖRPÜ QOYACAĞAM TƏNHALIĞIN ADINI

O gün
tənhalıq
dünyanı başına alan kimi
aldı məni başına.
Bircə,
tək bircə qırpımda
qoşdu məni öz yaddaşına
və çıxardı Qalaktikanın sərhədindən.

Hansısa bir tənha ata demişkən:
- Ayı gendən…
Həə…
Görmək yaxşıdırsa,
Onda keçdim səndən,
keçdim sənə qovuşmaqdan.

Sən Qalaktikanın
Yer deyilən bir məkanında.
Mən onun boşunda, çölündə.
Hövsələm yoxdu Məcnun olmağa.
Aramızdakı yolu,
yəni ayrılığı
işıq sürətilə ölçsək…
Deyəsən xoşhalıq.

Sən.
Mən.
Aramızdakı tənhalıq.
Ümidim yoxdu sənsizliyə.
Körpü qoyacağam tənhalığın adını.


BU YOL DƏVƏ BELİDİ

Bu yol dəvə belidi,
Əyər, düzə çıxarmaz.
Bələdçim ölsün mənim,
Məni sizə çıxarmaz.

Quzular tuşdu qurda,
Ov bala verər torda.
Sular burular burda,
Çəkib üzə çıxarmaz.

Yetirməz hər öyüd ər,
Ürəyim qəm üyüdər.
Ümidlər baş böyüdər,
Boyu dizə çıxarmaz.

Bu yol dəvə belidi,
Əyər, düzə çıxarmaz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG